Azərbaycan xəbərləri
Bəxtiyar Hacıyevin məhkəməsi yenidən təxirə salınıb
Bu barədə AzadlıqRadiosuna onun vəkili Elçin Namazov məlumat verib.
Məhkəmənin təxirə salınmasını vəkillər istəyib.
«Bəxtiyarın girov müqabilində buraxılması üçün müraciət etmək istəyirik. Həmçinin, növbəti prosesdə qaldırılacaq vəsatətlərin hazırlanması üçün vaxt tələb olunurdu».
Aprelin 19-da Gəncənin Nizami rayon Məhkəməsində B. Hacıyevin cinayət işi üzrə əsas məhkəmə iclası keçirilib.
B.Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs-qətimkan tədbiri seçilib. Bir neçə dəfə həbs müddəti uzadılıb. Aprelin 8-də isə barəsində müddətsiz həbs qərarı seçilib.
Gənc fəal Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.
Bütün xəbərləri izləyin
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti 90 günə endirilib
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti barədə qaydalara dəyişiklik edilib. Onların Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan gələn Rusiya vətəndaşlarının və bu federasiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bir müddət öncə oxşar dəyişiklik Rusiya qanunvericiliyində də qəbul edilib. Rəsmi qurumlar açıqlamışdı ki, Federasiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Həmçinin bildirib ki, qaydalara əsasən, xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.
Şamo Eminov buraxılıb
Bu gün, dekabrın 29-da “Kanal 13” İnternet Televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun sərbəst buraxıldığı bildirilir.
Vəkil Elçin Sadıqov bu barədə danışarkın deyib ki, istintaq və həbsdə qalma müddəti başa çatdığına görə, Şamo Eminov sərbəst buraxılıb.
Müdafiə tərəfi hesab edir ki, ittiham olunan şəxsin evə buraxılması cinayət işinə xitam veriləcəyinə işarədir.
"Onun gunahkar olması barədə sübüt yoxdur. İş xitam olunmalıdır", - müdafiə tərəfi hesab edir.
Hələlik, müdafiə tərəfinin fikirlərinə, istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanmışdı. Məhkəmə onu "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı" (206.3.2) ittihamı ilə istintaq müddətində həbs etmişdi.
Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucov da eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.Əziz Orucov isə hələ də həbsdədir. Lakin onun üzərindən qaçaqlamçılıq ittihamının götürülüdüyü açıqlanıb.
Ümumilikdə son 13 ayda Azərbaycanda 30 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Onlar ittihamlarla razılaşmır, həbslərini fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə, jurnalistlərin və siyasi mülahizələrlə fəalların həbsi ilə bağlı deyilənləri qəbul etmirlər. Beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.
Putin təyyarə qəzasına görə üzr istədi. Zelenski də Əliyevə zəng etdi
Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı çatdırıb. Bu barədə prezidentlərin mətbuat xidmətləri məlumat yayıb.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Prezident İ.Əliyev deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Kremlin yaydığı məlumata görə, "söhbətdə qeyd olunub ki, sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı".
Məlumatda deyilir ki, Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.
Azərbaycanda isə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Zelenski Rusiyadan dəqiq izahat tələb edib
Dekabrın 28-də Ukrayna prezidenti Volodimir Zelenski də Azərbaycan prezidentinə zəng edərək təyyarə qəzasına görə başsağlığı verməsinə dair məlumat yayıb. O, qeyd edib ki, Rusiya dəqiq izahat verməli, dezinformasiya yaymağı dayandırmalıdır.
“Foto və videolarda təyyarənin gövdəsinin zədələnməsi, o cümlədən zenit raket zərbəsinə çox bənzəyən dəliklər və əyilmələr aydın şəkildə əks olunub”, – məlumatda deyilir.
Təyyarə faciəsindən bir gün sonra qərb mediası və ona istinadla Azərbaycan hakimiyyətinin nəzarətində olan media orqanları təyyarənin Qroznı yaxınlığında Rusiya raketi ilə vurulduğunu yazıblar. AZAL şirkəti də sonradan təyyarəyə kənar müdaxilə olunduğunu bildirib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də təsdiqləyib.
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb.
Kremlin bəyanatının Embraer-190 təyyarəsinin Rusiya raketi ilə vurulması şübhələrini artıracağı görünür. Azərbaycanda hakimiyyətyönlü deputatlar da bu ehtimalı dilə gətiriblər.
'Kanal 11' TV-ın rəhbəri 8 il həbsə məhkum edilib
“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimova 8 il həbs cəzası verilib. Üstəlik, əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.
T.Kərimovla birlikdə mühakimə olunan reportyor İstək Totiyevaya isə şərti cəza verilib. Bu barədə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsilə - Fərrux Ələkbərov adlı şəxsdən saytdan materialın silinməsi üçün 10 min manat pul tələb edib, sonda 1000 manat almaqda təqsirli bilinib.
Ancaq T.Kərimov deyir ki, yalandır, nə F.Ələkbərovdan pul tələb eləyib, nə də alıb. Elə bu məsələnin araşdırılması üçün də məhkəmədə telefon anten məlumatlarının sorğu ilə alınmasını istəyirdi. Amma hakim bunu etməyib. Onun sözlərinə görə, istintaqda yol verilən çoxsaylı qanun pozuntuları məhkəmədə də davam edib: “Azad Məcidov o hakimlərdəndir ki, onun əlindən adamlar qan ağlayır...”
Etiraz aksiyalarını, vətəndaşların hüquqlarının pozulması ilə bağlı hadisələri çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayan T. Kərimov son sözündə bildirib ki, saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb: “Sonda məni dubinka ilə zorlamaqla təhdid edib ifadə aldılar”.
T.Kərimov son sözündə əlavə edib ki, himayəsində 4 azyaşlı uşağı var, evin yeganə gəlir gətirənidir. Hazırda ailəsi dost-tanışının maddi dəstəyi sayəsində dolanır: “Necə olur, dövlətin 27 milyonunu yeyən Səlim Müslümovu Bakı Ağır Cinayətlər Məhkəməsi azadlıqda saxlayır, heç bir günahı olmayan adamları illərlə həbsxanada çürüdür? Budur sizin vicdanınız?”
Xatırlatma
Teymur Kərimov 2023-cü il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən və daha sonra etirafedici ifadə verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.
Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.
Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası istədi
İctimai fəal Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı dekabrın 28-də Bakı Ağır Cinayətlər məhkəməsində bu təkliflə çıxış edib. Prokurur ictimai fəalın üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirəsini istəyib.
Məhkəmədə öncə B.Hacıyev vəsatət qaldırıb ki, heç olmasa, Beynəlxalq Bankda olan hesabının üzərindəki həbs götürülsün. Həmin hesabındakı vəsait Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin ödədiyi kompensasiyadır. İctimai fəal deyir ki, ailə üzvləri təcridxanaya onun yanına ərzaq və başqa sovqat gətirməkdən ötrü maddi baxımdan çətinlik çəkirlər. Bank hesabındakı vəsaitdən istifadə bundan ötrü lazımdır.
Ancaq hakimlər buna razılıq verməyib. Deyiblər ki, sonda hökm çıxaranda bu məsələ barədə də qərar verəcəklər.
Ardınca məhkəmə istintaqının yekunlaşmasına qərar verilib.
Prokuror Eldar Həmzə iddia edib ki, B.Hacıyevə verilən qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və başqa ittihamlar məhkəmədə sübut olunub. Ancaq Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və bir neçə başqa maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu üzdən həmin ittihamlar üzrə ona cəza təyin olunmamalıdır. Lakin qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, leqallaşdırma kimi kimi əməllərə görə ictimai fəala 11 il həbs cəzası istəyib.
İctimai fəalın məhkəməsi yanvarın 6-da B.Hacıyevin vəkillərinin çıxışıyla davam edəcək. Ardından özü son sözünü deyəcək və hökm oxunacaq.
Xatırlatma
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.
İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.
Lakin o, özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.
Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir.
YAP-çı deputat: 'Məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür'
"Hazırda "Azərbaycan Hava Yolları"na aid təyyarənin qəzaya uğramasının səbəbləri içərisində daha çox ehtimal edilən səbəb təyyarənin vurulmasıdır". Bunu AzadlıqRadiosuna hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu deyib.
"Bu, bir ehtimaldır, ancaq çox qüvvətli ehtimaldır", -- o əlavə edib.
Deputat vurğulayıb ki, Beynəlxalq Mülki Aviasiya (Çikaqo) Konvensiyasına görə, hava məkanı kimi aiddirsə, uçuşların təhlükəsizliyi ilə bağlı təminatı da həmin ölkə həyata keçirilməlidir: "Azərbaycanın hava layneri Rusiya Federasiyasının ərazisində zədələnib və qəzaya səbəb olacaq hadisə orada baş verib. Buna görə də, heç şübhəsiz ki, məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür və cavabdehlik də, əgər bu ehtimallar doğrudursa, yenə Rusiyanın üzərinə düşür".
Deputat düşünür ki, Rusiya Federasiyası prezidentinin köməkçisi Dmitri Peskovun açıqlaması, yekun nəticənin gözlənilməsi ilə bağlı səsləndirdiyi fikirlər "bir şəkildə bu versiyanın qəbul edilməsinə işarədir".
H.Babaoğlunun sözlərinə görə, spekulyasiya mövzusuna çevrilmədən Rusiya bu məsələyə daha çevik reaksiya verməlidir və məsələ ilə bağlı həqiqətin ortaya çıxmasında daha çox maraqlı olmalıdır. Deputatın fikrincə, əks təqdirdə, Rusiya hava-məkanı etibarsız və təhlükəli hesab edilə bilər: "Biz başa düşürük ki, hazırda müharibə vəziyyətində olan Rusiya Federasiyası heç də hava məkanının hər hissəsində təhlükəsizliyi təmin edə bilmir. Biz təkcə Şimalı Qafqazda, Dağıstanda yox, hətta Rusiyanın mərkəzi coğrafiyalarında da bəzən bununla bağlı çətinliklərin olduğunu, reyslərin və ya hava nəqliyyatının hərəkətində məhdudiyyətlərin tətbiq olunduğunu görürük. Amma, şübhəsiz ki, belə hallarda önləyici tədbirlər həyata keçirməlidir".
"Zərərçəkənlərə kompensasiya ödəməlidir"
Deputat hesab edir ki, vəziyyət necə olursa olsun, komissiyanın yekun sənədində konkret rəy orta çıxdıqdan sonra məsələ ilə bağlı məsuliyyət daşıyan tərəf üzr istəməlidir: "Heç şübhəsiz ki, zərərçəkənlərə kompensasiya ödəməlidir. Mən ümid edirəm ki, Rusiya kimi böyük dövlət belə bir məsuliyyət yaranacağı təqdirdə mütləq bunu edəcəkdir. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi və Rusiyanın özünün hava məkanı ilə bağlı mənafeləri bunu tələb edir. Ona görə də Azərbaycan tərəfi, əlbəttə ki, belə bir üzrxahlığı gözləyir".
Xatırlatma
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
Səhiyyə sistemində ev dustaqlığına alınanlar var
Azərbaycanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması əvəzində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslərlə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında bəhs edilir.
İttihamlar Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Akkreditasiya şöbəsinin müdirlərinə yönəlib. "Həkimlərin ixtisaslarının dəyişdirilməsi, tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılış icazələrinin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlar... müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib", - açıqlamada bildirilir.
Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Məlumatda vurğulanır ki, hər iki vəzifələrdə çalışan şəxslərlə bağlı prokurorun təqdimatı əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hələlik, iddialara sözügedən şəxslərin və ya onların vəkillərinin münasibəti bəlli deyil.
Xatırlatma
Son zamanlar Azərbaycanda plastik əməliyyat həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı iddialara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Ötən həftə Səhiyyə Nazirliyindən bildirilmişdi ki, bu məsələ ilə bağlı məlumatlar onlara da daxil olur və müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradılıb.
'Toplum TV' işi üzrə həbs müddətləri uzadılıb
"Toplum" İnternet Televiziyası (İT) işi üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirinin müddəti 2025-ci il aprelin 6-dək uzadılıb.
Dekabrın 27-də Xətai rayon Məhkəməsində istintaq orqanının III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə "Toplum" İT-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbarın həbs müddətinin 3 ay uzadılması ilə bağlı vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.
Müdafiə tərəfinin fikrincə, həm vəsatətin, həm də məhkəmə qərarının hüquqi əsası yoxdur. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Proseslər zamanı müdafiə tərəfi jurnalistlərin barəsində seçilmiş həbs-qətimkan tədbirini digər, həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəzlənməsi barəsində vəsatətlə çıxış etsələr də, həmin vəsatət təmin olunmayıb.
A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli və Ə.Məmmədli isə martın 8-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Sonradan bu həbs müddəti iki dəfə uzadılmışdı.
Onlar özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Azərbaycanda karantin aprelin 1-nə kimi uzadılıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb", - qərarda yazılıb.
Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-i saat 06:00-a qədər uzadılmışdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.
Hakimiyyət rəsmiləri isə son vaxtlar öz çıxışlarında Nazirlər Kabinetinin qərarından fərqli olaraq sərhədlərdə məhdudiyyətin hələ də saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurlar.
Amma iki gün öncə, dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmişdi.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
Bəzi təhlilçilər hesab edirlər ki, Bakı ilə Qroznı arasında məsafə elə də uzaq deyil. Onların fikrincə, əgər quru sərhədlər açıq olsaydı, bir çox insanlar heç Azərbaycandan Çeçenistana (Rusiya) getmək üçün təyyarədən istifadə etməzlər. Yeri gəlmişkən, bu təyyarə olayından sonra istintaq başa çatana qədər həmin istiqamətdə uçuşların dayandırıldığı açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.
Deputat: 'Bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır'
Dekabrın 26-da Qərbin "Euronews", "Reuters" media orqanları, eləcə də Türkiyənin "Anadolu" agentliyi Azərbaycan hökumətindəki mənbələrə istinadla Aktauda təyyarə qəzasına Rusiyanın "yer-hava" tipli raketinin səbəb olduğunu deyib.
Elə hakimiyyətin nəzarətində olan yerli media orqanları da bu informasiyanı qərb mediasına istinadla yayıblar.
Mənbələrin bildirdiyinə görə, təyyarəyə raket Qroznı üzərində "dron fəaliyyəti" zamanı atılıb. Raket təyyarənin yaxınlığında partlayıb, sərnişinlərə və ekipaja qəlpələr dəyib.
Zədələnmiş təyyarənin Rusiya aeroportlarına eniş etməsinə icazə verilmədiyi bildirilir. Pilotlar təcili eniş icazəsi istəyiblər, ancaq onlara Xəzər üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaq əmri verilib. Dəniz üzərində uçuş zamanı təyyarənin GPS naviqasiya sistemlərinin bloklandığı vurğulanır.
Deputat Rasim Musabəyov "Turan"a bu xəbərləri şərh edərkən deyib ki, təyyarənin Rusiya ərazisində, Qroznı səmasında vurulduğunu inkar etmək qeyri-mümkündür.
Onun sözlərinə görə, Rusiyada kimlərsə bununla bağlı izləri itirmək üçün mediada müəyyən hərəkətlər edirlər: "Nahaq edirlər. Azərbaycan hökuməti isə mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin. Durub hansısa izləri itirmək üçün mediada kampaniya aparmaq lazım deyil. Hər şey olur, bu hadisələr, çox təəssüf ki, olur. Ancaq buna adekvat reaksiya lazımdır".
R.Musabəyov vurğulayıb ki, bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır: "Bunu törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir, kompensasiya ödənilməlidir. Bu olmadığı halda, təbii ki, münasibətlər ayrı müstəviyə keçir".
Xatırlatma
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır
Həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır. Bu barədə onun yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, iqtisadçını 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər və bu barədə yaxınlarına heç bir məlumat verməyiblər: "Ötən cümə günü, dekabrın 20-də Nazim əvvəlcə zəng etməyib deyə (qanunvericiliyin verdiyi imkandan yararlanmayıb), 1 saylı İstintaq Təcridxanasına zəng vurdum. Mənə hər şeyin qaydasında olduğunu dedilər. Amma üstündən bir neçə saat keçdi, Nazim zəng vuraraq artıq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü dedi".
F.Bəydəmirlinin sözlərinə görə, dekabrın 24-də yoldaşı ilə görüşüb: "Karantindədir, amma görüşümüzə şərait yaradıblar. Nazim mənə dedi ki, saxlandığı şərait bərbaddır. Üstəlik də, hazırda 20 məhkumla bir otaqda saxlanılır. Onların hamısı da müxtəlif ittihamlarla 20-25 il müddətinə həbs olunmuş adamlardır".
İqtisadçının yoldaşı onun səhhətində hələ də ciddi problemlərin olduğunu qeyd edib: "Keçən ildən bu günə qədər Nazimin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb və ürəyində yaranmış problem qalır. Nazimi bu şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Mən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm: Nazim bəyin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə göstəriş verməyinizi xahiş edirəm".
Xanımın bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Bundan əvvəl də keçmiş deputatın yaxınları onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər.
N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsi ilə saxlanıb. Ertəsi gün onun haqqında həbs-qətimkan tədbiri seçilib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma adlandırıb.
Həmin il sentyabrın 1-də Bəydəmirliyə qarşı daha bir ittiham irəli sürülüb - Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə. O, bu ittihamı da qəbul etməyib.
Bu il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Dekabrın 11-də apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Xatırlatma
61 yaşlı N.Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Keçmiş deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər. Bu üzdən özünü "ekologiya məhbusu" adlandırır.
2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdi.
N.Bəydəmirli elə Gədəbəy rayonundan deputat olub.
Azərbaycanda minimum əməkhaqqı 400 manat olur
2025-ci il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilib. Bu, prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda öz əksini tapıb.
Habelə, Nazirlər Kabinetinə tapşırılıb ki, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir aya prezidentə təqdim etsin.
Buna qədər ölkədə minimum əməkhaqqı 345, əmək pensiyasının minimum məbləği isə 280 manat idi.
Azərbaycanda hələ bu ilin ortalarından minimum əməkhaqqının artırılacağı gözlənilirdi. Müzakirələr zamanı bir çox müstəqil iqtisadçılar deyirdilər ki, Azərbaycanda minimum əməkhaqqı azı 500 manata çatdırılmalıdır. Onlar bu fikirlərini inflyasiya və mövcud qiymətlərlə izah edirdilər.
Z.İsmayıl: "Qiymətlər Avropadakına yaxındır, əməkhaqqı isə dəfələrlə azdır"
İqtisadçı Zöhrab İsmayıl da AzadlıqRadiosuna deyib ki, artım yetərli deyil: "Azərbaycanın indiki durumu üçün bu, pozitiv görünə bilər. Ancaq, ümumiyyətlə, biz ölkədəki pensiya və əmək haqlarını Baltikyanı ölkələrlə, Türkiyə kimi başqa ölkələrdəki maaşlarla, pensiyalarla müqayisə etsək, bu, çox azdır. Belə templərlə bizim onların maaşlarının indiki səviyyəyə çatmaq üçün on illər lazımdır".
İqtisadçı vurğulayıb ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri Avropadakına yaxındır: "Əməkhaqqı isə dəfələrlə azdır".
2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773.3 min nəfər olub. Onlardan 881.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891.6 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ölkədə əməkqabiliyyətli insanların isə bundan təqribən üç dəfə çox olduğu bildirilir.
'Keşlə' bazarının satıcılarının tələbi qismən nəzərə alındı
Dekabrın 22-də Bakıda "Keşlə" bazarında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanacağı haqqında deyilənlərə etiraz ediblər.
Satıcılar bazarın bağlanmasını martın 21-i, Novruz bayramına kimi təxirə salınmasını xahiş edirlər. "Bizə əvvəlcədən xəbərdarlıq etməli idilər. İndi bu boyda malla hara gedək?", - satıcılardan biri sual edib.
Aksiya zamanı satıcıların ərazidəki yolu bağlamağa cəhd göstərdiyi, polisin qarşısını aldığı, amma kimsənin saxlanmadığı bildirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Keşlə" bazarının sökülməsi istəyini Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel, metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikinti işlərinin icrası ilə izah edir. Qurum artıq maydan bazar rəhbərliyinə məsələ ilə bağlı xəbərdarlıq verdiyini vurğulayır. Agentliyin bu dediklərinə bazar rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Dekabrın 23-də isə Agentlikdən "Turan"a bildirilib ki, sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq orada söküntü işlərinin başlanılması 2025-ci il fevralın 1-nə qədər təxirə salınıb.
Agentliyin son açıqlamasına, hələlik, bazardakı sahibkarlar və satıcılardan münasibət bildirilməyib.
Xalq Cəbhəsi üzvü beton döşəmədə ac-susuz saxlandığını deyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada 10 gün müddətinə həbs edilmiş fəalı Ceyhun Novruzovun polis bölməsində pis rəftardan şikayətləndiyi bildirilir. Bu barədə dekabrın 20-də onunla görüşən vəkil Nemət Kərimli məlumat verib.
Vəkilin bildirməsinə görə, Novruzov deyib ki, dekabrın 13-də saxlandıqdan sonra onu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətiriblər və bütün gecə soyuq beton döşəmədə ac-susuz saxlayıblar, daha sonra barəsində inzibati protokol tərtib edərək məhkəməyə çıxarıblar.
Novruzov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
16 dekabr
Xalq cəbhəsi üzvü 10 sutka həbsə məhkum edilib
Dekabrın 14-də Bakının Səbail rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) eyni adlı rayon təşkilatının sədri Ceyhun Novruzovu 10 sutka həbs etdiyi bildirilir.
AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib
Partiyadan vurğulandığına görə, C.Novruzov dekabrın 13-də Səbail rayonunun "20 Sahə" adlanan ərazisində polisin taksi sürücülərini cərimələməsinə etiraz etdiyi üçün saxlanıb: "Məhkəmədə Ceyhun Novruzov saxlanmasının təfərrüatı barədə danışıb. Deyib ki, saat 20:00 radələrində o, deyilən ərazidə mağazalardan birinin qarşısında yol polisinin parklanmış maşınlara cərimələr yazacaqlarını görüb. Maşınlarda sürücü və sərnişinlər olmayıb. Ceyhun polislərə onların əməllərin qanunsuz olmasını deyib. Onun polis nəfərlərinə irad bildirməsi xoşlarına gəlməyib və Ceyhunu polis idarəsinə aparıblar. Səhərisi günü isə məhkəmə olub".
AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o, vətəndaşların hüquqlarını qoruduğu üçün cəzalandırılıb.
Hələlik, bu fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
C.Novruzov bundan öncə də bir neçə dəfə oxşar ittihamla inzibati qaydada həbs edilib. Həmin vaxtlar da o, ittihamı qurama sayıb.
Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli, daha bir neçəsi isə inzibati həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Tovuzda zəhərlənmə şübhəsi ilə 62 nəfər xəstəxanaya aparılıb
"Tovuz rayonunda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır".
Bunu Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər: "Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin iki sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon Prokurorluğunda araşdırma aparılır. Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır".
+++
Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən məktəbdə dəm qazından zəhərləndiyi ehtimal edilən şagirdlərin sayı artmaqdadır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub", - məlumatda bildirilir.
+++
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin tüstüdən zəhərləndiyi deyilir.
Verilən məlumatlara görə, ən azı 15 şagird zəhərlənmə şübhəsi ilə bağlı xəstəxanaya aparılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən də "Turan"a bildirib ki, sözügedən məktəbin iki sinfində sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib: "Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər".
Məsələ ilə bağlı səhhətləri pisləşən şagirdlərin valideynləri ilə danışmaq mümkün olmayıb.
'Həbsxanada Ələsgər Məmmədlinin səhhəti pisləşib'
Vəkil Fəxrəddin Mehdiyev dekabrın 18-də Bakı İstintaq təcridxanasında "Toplum" İnternet Televiziyasının hüquqi təsisçisi Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə AzadlıqRadiosuna Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy halsız olub. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətlənib. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb".
N.Məmmədlinin əlavə etməsinə görə, Ə.Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır, son günlər ürəyində də problemlər yaranıb.
"10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Təəssüf ki, ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib", - daha sonra o vurğulayıb.
Ə.Məmmədlinin yaxınları bundan əvvəl də bir neçə dəfə onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Bəhruz Səmədovun həbsi uzadıldı
Politoloq Bəhruz Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.
Məlumata görə, dekabrın 17-də Səbail rayon Məhkəməsində bununla bağlı istintaq orqanın vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edərək B.Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay 15 gün müddətinə uzadıb.
Səmədov bu il avqustun 21-də saxlanılıb, iki gün sonra məhkəmə onu dövlətə xəyanət ittihamı ilə 4 ay müddətinə həbs edib. O, ittihamı qəbul etmir.
Avropa İttifaqı və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) Səmədovun həbsini pisləyib.
Xatırlatma
B.Səmədov Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alır. O, müharibə əleyhinə yazıları ilə seçilir. Xüsusilə Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.
Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirləri" adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən həmin əməliyyatı "etnik təmizlənmə" sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib.
B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.
Separatçıların cinayət işi məhkəməyə göndərilir
Bakıda həbsdə olan Qarabağ separatçılarının bir çoxunun cinayət işi məhkəməyə göndərilib. Bu barədə dekabrın 17-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, "1987-ci ilin oktyabrından bu il aprelin 22-nə kimi törədilmiş cinayətlərin bir qismi ilə bağlı istintaqı aparılan 1389 cinayət işi bir icraatda birləşdirilib".
Vurğulanır ki, 2548 epizod üzrə 15 nəfər ittiham edilir. Onların arasında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın separatçı liderlərindən Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan da var. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, başlama...), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 214 (terrorçuluq) və başqa maddələr ilə ittiham edilirlər.
Cinayət işi üzrə ittiham aktı dekabrın 16-da baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Azərbaycan Baş Prokurorluğunun açıqlamasına, o cümlədən yekun ittihama, hələlik, təqsirləndirilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Azərbaycan Qarabağa nəzarətini itirib. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatlarla ora nəzarətini bərpa edib.
Yerevan 19-20 sentyabr əməliyyatını "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.
AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəni azad etməyə çağırır
AzadlıqRadiosunun prezidenti Stiven Kapus radionun jurnalisti Fərid Mehralızadəni azad etməyə çağırır. Kapus bu bəyanatı dekabrın 17-də "AbzasMedia işi" üzrə başlanan məhkəmə öncəsi verib.
"Dekabrın 17-də AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə əsassız və absurd ittihamlarla məhkəmə qarşısına çıxarılacaq. Fərid Azərbaycan iqtisadiyyatı haqqında acı həqiqətləri yazdığına görə cəzalandırılır. Azərbaycan bu saxta məhkəməyə son qoymalı, Fəridi ailəsinin yanına buraxmalıdır", – bəyanatda deyilir.
25 noyabr
Məhkəmə Fərid Mehralızadənin şikayətini əsassız saydı
Noyabrın 25-də Xətai rayon Məhkəməsində iqtisadçı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin saxlandığı gün istintaq orqanın evində axtarış və götürülmə hərəkətindən şikayətinə baxılıb.
F.Mehralızadənin yoldaşı Nərgiz Muxtarova bildirib ki, iqtisadçı özü məhkəmə prosesində iştirak etməyib: "Fəridi məhkəməyə gətirməyiblər, halbuki gətirilməli idi. Məhkəmədə də bunu məqbul hesab etdi və bunu heç nə ilə əsaslandırmadılar".
Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib və pozuntunun olmadığına dair qərar qəbul edib: "Axtarışda iştirak edən müstəntiq məhkəməyə gəlməyib, məhkəməyə qatılan müstəntiq isə sualların çoxunu cavablandıra bilmədi".
Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Fərid Mehralızadənin saxlanması
Bu il mayın 30-da mülkigeyimlilər Mehralızadəni küçədə tutub başına torba keçirərək zorla maşına mindiriblər. Polis əməkdaşları onun evindən kompüterini, mobil telefonlarını və avtomobilini də müsadirə ediblər.
İyunun 1-də məhkəmə F.Mehralızadə barəsində həbs-qətimkan tədbiri seçib. O, korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinə qarşı valyuta qaçaqmalçılığı işi çərçivəsində ittiham olunub. Həm "AbzasMedia", həm də Mehralızadə onun bu nəşrlə əməkdaşlığını təkzib ediblər.
Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırırdı.
Avqustda Mehralızadə və "AbzasMedia" jurnalistlərinə qarşı vergidən yayınma da daxil, əlavə ittihamlar irəli sürülüb. Bu ittihamlar üzrə 12 ilədək həbs nəzərdə tutulur.
O, özünü təqsirli bilmir və həbsini peşəkar fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Son bir ildə Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıda bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.
Bakıdakı plazaların vitse-prezidenti özünü təqsirli bilməsə də, həbs qərarı dəyişmədi
Bakıda "Demirchi Tower", "AGA Center", "Caspian Plaza", "Caspian Business Center", "Ariana Business Park" kimi biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda suçlanır.
AzadlıqRadiosunun bilgisinə görə, o, dekabrın 16-dakı məhkəmədə bu ittihamı qəbul etmədiyini söyləyib.
Bakı Apellyasiya Məhkəməsində Q.Dəmirçi haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Onun vəkili bildirib ki, Nərimanov rayon Məhkəməsinin işadamı haqqında qərarı əsassızdır, heç bir sübuta söykənmir və ləğv olunmalıdır.
Müstəntiqsə qərarı əsaslı sayaraq qüvvədə saxlanmalı olduğunu deyir.
Hakim Habil Məmmədov da qərarı dəyişməyib və Q.Dəmirçinin həbsdə qalmasına qərar verib.
Şəkidə ağaclar kəsilib, yerində fındıq bağı salınırmış
Q.Dəmirçini dekabrın 11-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (keçmiş "bandotdel") əməkdaşları saxlayıb. Ona Cinayət Məcəlləsinin 259.3-cü (bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla ağacları kəsmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 6 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia edilir ki, "AQA Şirkətlər Qrupu"na daxil "Monte Ferro" şirkəti Şəkidə hektarlarla ərazidə ağacları qanunsuz kəsdirib, nəticədə təbiətə 8 milyon 300 min manata yaxın ziyan dəyib.
AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, Q.Dəmirçi ilə yanaşı, daha üç nəfər həbs olunub və onlardan biri də sözügedən şirkətin briqadiridir.
Şəki şəhər İcra Hakimiyyəti isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, "Monte Ferro" MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayıb və fındıq bağı salınması məqsədilə Şəkinin Göynük meşəbəyliyi ərazisindən 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb: "Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir".
Bakıdakı böyük biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun prezidenti Q.Dəmirçinin atası Aydın Dəmirçidir.
ABŞ səfiri: ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı, bunların heç biri mümkün olmazdı
"Azərbaycan regional nəqliyyat və logistikanın əvəzsiz habına çevrilmək üçün yaxşı mövqedədir. Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafını dəstəkləməkdən ötrü özəlliklə bu sektorlara daha çox ticarət missiyası gətirməyi planlaşdırırıq". Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Amerika Ticarət Palatasının (AmCham) tədbirində deyib.
Səfir palatanın ölkədəki fəaliyyətindən danışıb. O, ABŞ şirkətlərinin Azərbaycana növbəti-nəsil enerji və iqlim hədəflərini yerinə yetirməkdə kömək göstərməyə sadiqliyini vurğulayıb.
"Son bir ildə ABŞ-Azərbaycan əməkdaşlığının uğurlarından danışarkən kinli şübhə səslərini də xatırlayıram. Birləşmiş Ştatlara qarşı çox ittihamlar səslənib, Azərbaycana zərbə vurmaq niyyətli vəhşi, cəfəng qəsdlərdən danışıblar. Bu dezinformasiyaya cavab olaraq yalnız son bir ildəki uğurları göstərirəm. Ancaq eyni zamanda son onilliklərdə tərəfdaşlığımızın gücünü də hamıya xatırlatmaq istəyirəm", – səfir vurğulayıb.
O, Azərbaycanın bu il "Əsrin Müqaviləsi"nin 30 illiyini qeyd etdiyini yada salıb. Azərbaycanın liderliyi və təşəbbüsünün ABŞ sərmayəsi və siyasi dəstəyi ilə birlikdə tarixin gedişatını dəyişdiyini, Azərbaycanın qlobal enerji təhlükəsizliyində böyük və etibarlı iştirakçıya çevrildiyini vurğulayıb.
"Şişirtmədən deyim ki, "Əsrin Müqaviləsi"nin mərkəzində ABŞ-Azərbaycan tərəfdaşlığı durmasaydı, bunların heç biri mümkün olmazdı", – o əlavə edib.
Səfir Libbi bir həftə öncə ilin sonunda səhhətindəki problemlər səbəbindən səfir postundan gedəcəyini açıqlayıb.
Xatırlatma
Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Ötən il Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-nin yeni təyin olunmuş səfiri M.Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.
ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Son günlər münasibətlərdə gərginlik daha da dərinləşib. ABŞ səfirliyi, dövlət katibi Antoni Blinken Azərbaycan hökumətinə çağırış edərək haqsız yerə həbs olunan jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri azad etməyə çağırıb. Azərbaycan XİN isə bu bəyanata sərt reaksiya verib, son dörd ili ABŞ-Azərbaycan münasibətlərində "itirilmiş illər" adlandırıb, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələrin bərpa olunacağına ümidini bildirib.
DTX təxribat planlaşdıran qrupu tutduğunu deyir
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, mütəşəkkil dəstə halında Azərbaycanın dövlət sərhədində gömrük postunu ələ keçirmək, orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürməklə bağlı hazırlanan təxribat planının qarşısını alıblar.
Xidmətin dekabrın 16-da yaydığı məlumatda həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycanın üç vətəndaşının həbs edildiyi bildirilir. Onlardan biri Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma), hər üçü isə 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma) maddələri ilə ittiham olunurlar.
Açıqlamada adları çəkilən şəxslərin və ya yaxınlarının ittihamlara münasibəti, hələlik, bəlli deyil.
Gələn ilin büdcə layihəsi parlamentdən keçdi
Dekabrın 16-da Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edib.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat (+5.4 faiz), xərcləri isə 41 milyard 407.6 milyon manat (+4.2 faiz) proqnozlaşdırılır.
Artım, əsasən, Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin artırılması hesabına olacaq.
Büdcədə, əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. Həmin xərclər 8 milyard 555 milyon manata çatdırılıb. Bu il bundan 1 milyard manatdan çox az idi.
Gələn il büdcədə neftin proqnoz qiyməti bu il ilə müqayisədə aşağı salınıb – 70 ABŞ dolları. Bu il 75 dollardan götürülmüşdü. Hazırda dünya birjalarında neftin bir bareli təqribən 75 dollardır.
Sənəd prezidentin təsdiqindən sonra qüvvəyə minəcək.
Azər Qasımlıya da 'yox' deyildi
Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində siyasi şərhçi Azər Qasımlı barəsində Yasamal rayon Məhkəməsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayətinə baxılıb.
A.Qasımlının yoldaşı Samirə Qasımlının verdiyi məlumata görə, məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib.
S.Qasımlı bildirib ki, həmin şikayətdən əslində heç bir gözləntisi yox idi: "Bu, sadəcə prosedurdur. Ssenari necə cızılıbsa, sifarişlər elə də həyata keçirilir. Azər Qasımlının həbsi ilə bağlı sifariş çoxdan verilmişdi və həyata keçirildi. Azər Qasımlı həqiqətləri dediyinə görə cəmiyyətdən təcrid olundu".
Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma, bir qayda olaraq, rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.
9 dekabr
Azər Qasımlı 4 ay həbs edildi
Dekabrın 9-da Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barəsində ilkin istintaq üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Vəkil Rövşanə Rəhimovanın sözlərinə görə, A.Qasımlı özünü təqsirli bilmir və həbsini siyasi sifariş adlandırıb.
Müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
8 dekabr
Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə 48 saata şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc "Turan"a bildirib.
"Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib", - vəkil vurğulayıb.
A.Layıcın sözlərinə görə, A.Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
29 noyabr
Azər Qasımlının xanımının xaricə çıxışına 'stop' götürülüb
Noyabrın 29-u günün ikinci yarısı Samirə Qasımlı bildirib ki, onun ölkədən çıxışına qoyulmuş qadağa götürülüb. Onun sözlərinə görə, bir müddət əvvəl Daxili İşlər Nazirliyindən vəkili Aqil Layıca zəng vuraraq anlaşılmazlıq olduğu və məhdudiyyətin götürüldüyü bildirilib: "Mən təkrar hava limanına getdim, pasport nəzarətindən keçdim, "stop" həqiqətən də götürülmüşdü. Lakin qeydiyyat bitdiyinə görə təyyarəyə minə bilmədim".
+++
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ardınca onun həyat yoldaşı, siyasi psixoloq Samirə Qasımlının da ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.
S.Qasımlı deyir ki, bu gün, noyabrın 29-da səfərə getməli idi, amma pasport nəzarətində ona ölkədən çıxışına "stop" qoyulduğu deyilib: "Əvvəl pasportuma möhür vuruldu, sonra isə "Bir dəqiqə gözləyin" deyib "stop" olduğumu dedilər".
Onun sözlərinə görə, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi (DİN) qoyub: "Səbəb isə bizim ailəyə olan qisasçılıqdır, Azər Qasımlıya olan təzyiqdir".
Onun dediklərinə, hələlik, DİN-dən münasibət öyrənmək mümkün olmayıb.
25 noyabr
Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində dindirilib
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bu gün, noyabrın 25-i günün ikinci yarısında Bakı şəhər Baş Polis İdarəsində saatlarla dindirildiyini deyir.
Onun sözlərinə görə, dindirilmə zamanı rəhbərlik etdiyi Siyasi Menecment İnstitutu ilə bağlı suallar verilib.
Vurğulamasına görə, hazırda mövcud olan cinayət işləri ilə bağlı da suallar alıb. O, istintaq sirri olduğunu vurğulayaraq təfərrüatları açıqlaya bilmədiyini söyləyib.
Lakin A.Qasımlının sözlərinə görə, Siyasi Menecment İnstitutu ilə bağlı hər hansı cinayət işi yoxdur.
A.Qasımlının deməsinə görə, ölkədən çıxışına qadağanın qoyulması məsələsi ilə bağlı ona bildirilib ki, ifadələri araşdırılacaq və ona əlavə məlumat veriləcək.
Onun dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
22 noyabr
Azər Qasımlı ölkədən çıxışına 'stop' qoyulduğunu deyir
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.
O, AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi: "Aeroportda məni sərhəd nəzarətindən buraxmadılar, bildirdilər ki, Daxili İşlər Nazirliyi çıxışıma "stop" qoyub".
A.Qasımlı, hələlik, bunun səbəbini bilmədiyini qeyd edib: "İndi Bakı şəhər Baş Polis İdarəsinə gedirəm ki, görüm nə məsələdir? Aydın məsələdir ki, hansısa qondarma cinayət işi fikirləşirlər. Bu arada, onu da deyim ki, o cinayət işləri ki var, heç birində mənin adım keçmirdi. Heç birində şahid da olmamışam ki, buna görə mənə "stop" qoysunlar. Ehtimalım odur ki, cinayət işi açıb həbs etmək istəyirlər".
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir
Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif edilir.
Bu barədə müddəa "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Xatırlatma
SSRİ-nin son dönəmlərində hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27 olub. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra da bu müddəanı dəyişmədi. Amma müstəqillik əldə edildikdən 11 il sonra, 2002-ci ildə 27-dən 35-ə qaldırıldı. Bu addımın atılmasına əsas səbəb kimi 1990-cı illərdə hərbi xidmətdən yayınmış vətəndaşların hərbi xidmət keçməsinə şərait yaratmaq olduğu açıqlamışdı.