Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Eynulla Fətullayevə görə aclıq


Yeni Müsavat qəzetinin kollektivi
Yeni Müsavat qəzetinin kollektivi

Jurnalist Eynulla Fətullayevin həbsinin 4-cü, Avropa Məhkəməsinin ona bəraət verməsinin isə 1-ci ili tamam olur. Jurnalistlər, hüquq müdafiəçiləri və ictimai fəallardan ibarət 20 nəfərlik qrup aprelin 20-də birgünlük aclıq aksiyası keçirmək qərarına gəlib. Məqsəd də Eynulla Fətullayevin durumuna diqqəti çəkmək, onun azadlığını tələb etməkdir.

Aksiyaya qoşulan jurnalistlərdən Şahvələd Çobanoğlu deyir ki, aclıq aksiyasını hərə öz iş yerində keçirmək qərarına gəlib.

«Arzuolunmaz yubileyi hamı iş yerində qeyd edir, ayaqüstü aclıqdır, hamı iş görə-görə aclıq edir. Xeyri olmasa da, etirazımızı bildiririk. Bu, bizim borcumuzdur, biz borcumuzu yerinə yetiririk, tələb edirik, məsələni gündəmdə saxlayırıq. Bu, avtoritar rejimlərdə dinc mübarizə üsuludur».

«KİMSƏ DİRƏNİB Kİ, MƏSƏLƏ ELƏ DEYİL BELƏDİR»


Hələ bir gün əvvəl aclıq aksiyasına başlayan «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev Eynulla Fətullayevin həbsdə qalmasını yuxarılarda kimlərinsə məsələyə düzgün münasibət bəsləməməsi ilə əlaqələndirir.

«Kimsə dirənib ki, yox, bu məsələ belə deyil elədir. İnformasiya haradasa kiməsə düzgün çatmır, kimsə düzgün başa düşmür, baxışlar düzgün formalaşmır. Bunlar hamısı yığılır və elə bir vəziyyətə gətirir ki, deyir yox elə belədir və mən belə edəcəm. Hesab edirəm ki, oturub söhbət aparsan xeyli məsələlər həll oluna bilər».

Mehman Əliyevə görə, indi jurnalistin həbsdən buraxılması konkret olaraq prezidentdən asılıdır. Amma prezident bu addımı niyə atmır, o bunun səbəbini bilmir.

Azadlıq qəzetini kollektivi
O, Eynulla Fətullayevin adı ilə bağlı aclıq aksiyasını simvolik məsələ sayır. Deyir ki, əslində bu aksiya Azərbaycan mətbuatının üzləşdiyi ciddi problemlərə diqqət ayırmaq məqsədi daşıyır. Mehman Əliyev ölkə mətbuatının problemləri ilə bağlı daha ciddi müzakirələrə ehtiyac olduğunu bildirir.

EYNULLANIN HƏBSDƏ QALMASI MEDİAYA TƏZYİQ FORMASIDIR

O hesab edir ki, beynəlxalq qurumların çoxsaylı müraciətlərinə baxmayaraq Eynulla Fətullayevin həbsdən buraxılmaması bütün mediaya təzyiq formasıdır.

«Yəni hamını qorxutmaq ki, baxın Avropa Şurası, Avropa Birliyi, ABŞ müdafiə etsə də onu həbsdən buraxmırıq. Ona görə də Eynulla Fətullayev problemi təkcə onun şəxsi problemi deyil, bu bütün medianın problemidir».

Beynəlxalq təşkilatların müraciətlərinin nəzərə alınmamasına gəldikdə agentlik direktoru düşünür ki, hakimiyyət bu təziqlərin sonrakı həbslərlə bağlı ənənəyə çevrilə biləcəyindən çəkinir.

Bəhruz Quliyev
«JURNALİSTLƏRİN ACLIQ AKSİYASI KEÇİRMƏSİ DÜZGÜN DEYİL»


Hakim partiyaya yaxın «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə hesab edir ki, Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə deyil, konkret əmələ görə, həbs edildiyindən onun azadlığa buraxılması tələbi ilə jurnalistlərin aclıq keçirməsi düzgün deyil.

Baş redaktor, Eynulla Fətullayevin həbsdə qalmasının hakimiyyətdəki bəzi qüvvələrin marağında olması və bu barədə deyilənləri də qəbul eləmir.

«Bu çox subyektiv fikirdir və Azərbaycana qarşı ədalətsizlikdir»

«BİR VAXTLAR KORRUPSİYANIN MÖVCUDLUĞUNU DA QƏBUL ELƏMİRDİLƏR»


Amma aclıq aksiyası keçirən jurnalist Şahvələd Çobanoğlu deyir ki, Eynulla Fətullayev barədə olan məhkəmə hökmləri onun jurnalist fəaliyyəti ilə bağlı həbs olunduğunu sübut edir. Onun fikrincə, bundan başqa beynəlxalq jurnalist təşkilatları da Eynula Fətullayevin həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir və neçə illərdir ki, Azərbaycan hökumətindən onun azadlığa buraxılmasını tələb edirlər. Şahvələd Çobanoğlu deyir ki, vaxtilə hakimiyyətdəkilər ölkədə korrupsiyanın mövcudluğunu da inkar edirdilər.

Şahvələd Çobanoğlu
«Amma indi etiraf edirlər. İlham Əliyev deyəndən sonra ki, korrupsiya bizim üzərimizdə bir ləkədir, ondan sonra həmin hakimiyyətyönlü qəzetlər də başladılar korrupsiyadan yazmağa. Ona görə də hesab edirəm ki, gələcəkdə həmin qəzetlər Eynullanın həbsinin qanunsuz olmasını da etiraf edəcəklər».

Aprelin 20-də Eynulla Fətullayevin həbsinin 4, iki gün sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinin ona bəraət verməsindən bir il ötməsi ilə bağlı məhbus jurnalistə azadlıq tələblərini ifadə etmək üçün «Facebook» sosial şəbəkəsində səhifə də yaradılıb. Bundan başqa aprelin 20-də London və Parisdə beynəlxalq jurnalist təşkilatlarının təşəbbüsü ilə etiraz aksiyaları keçirilib.
XS
SM
MD
LG