Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:45

ABŞ-İran danışıqları: Görüş yeri dəyişdi


Tehranda sakini qəzet oxuyur. Birinci səhifə Omanda nüvə proqramı üzrə İran-ABŞ danışıqlarına həsr olunub.
Tehranda sakini qəzet oxuyur. Birinci səhifə Omanda nüvə proqramı üzrə İran-ABŞ danışıqlarına həsr olunub.

ABŞ və İran arasında danışıqların növbəti mərhələsinə İtaliya ev sahibliyi edəcək.

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Ekspo Sərgisində iştirak edən İtaliya xarici işlər naziri Antonio Tayani xəbəri ANSA agentliyinə təsdiqləyib.

"Biz maraqlı tərəflərdən və vasitəçi rolunu oynayan Omandan sorğu aldıq və buna müsbət cavab verdik", - Tayani deyib.

Daha əvvəl "Axios" məsələ ilə tanış olan iki anonim mənbəyə istinadən xəbər vermişdi ki, ABŞ-İran arasında danışıqların ikinci raundu şənbə günü - aprelin 19-da Romada keçiriləcək.

Oman görüşündən sonra optimizm artır, ABŞ və İran növbəti təmasa hazırlaşır

Omanda keçirilən nüvə danışıqları illər sonra İran və ABŞ arasında ilk rəsmi təmas olub. Görüşdə irəliləyiş cüzi olsa da, bu, gərginliyi hərbi müdaxilənin əvəzinə diplomatiya yolu ilə azaltmaq üçün iradənin olduğunu göstərməyə kifayət edib.

Aprelin 12-də İran və ABŞ nümayəndələr Tehranın nüvə proqramı ilə bağlı yüksəksəviyyəli danışıqları aprelin 19-da davam etdirmək barədə razılığa gəliblər və danışıqların yeri Yaxın Şərqdən Avropaya keçə bilər.

"Axios" aprelin 13-də mənbələrinə istinadən bildirib ki, danışıqların növbəti mərhələsi Romada keçiriləcək, lakin tərəflər bununla bağlı heç bir rəsmi şərh verməyib.

Aprelin 13-də təyyarədə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp müşavirləri ilə görüşdüyünü deyib və əlavə edib ki, "İranla bağlı çox tez qərar verəcəyik".

Omandakı yüksəksəviyyəli görüşə gedən Vaşinqton danışıqların birbaşa olacağına təkid etsə də, Tehran bunu əksini müdafiə edirdi.

Sonda hər ikisi də olub. Danışıqlar, əsasən, dolayı şəkildə aparılıb, Omandan olan diplomatlar ABŞ və İran nümayəndələri arasında vasitəçilik ediblər. Bununla belə, danışıqların sonunda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff qısa müddət ərzində görüşüblər.

"Beləliklə, hər iki tərəf danışıqlardan öz əsas tələblərini qarşılamış şəkildə çıxdı", – Nyu-Yorkda yerləşən "Eurasia Group"un İran üzrə baş analitiki Qreqori Brü AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib.

Lakin o, görüşün nəticələrini həddindən artıq təhlil etməməyə çağıraraq əlavə edib: "Gələcək müzakirələr üçün bir əsas yaradılmasından başqa nələrin əldə olunduğu hələ tam aydın deyil".

Əraqçi Uitkoff ilə etdiyi qısa söhbəti "diplomatik nəzakət" adlandırıb. Bu, Qəzzadakı münaqişə və Suriyada rejim dəyişikliyi səbəbiylə gərgin olan bölgəyə hiss olunan bir nikbinlik gətirməyə bəs edib.

İranla 2015-ci ildə əldə olunmuş nüvə sazişinə şübhəli yanaşan və Trampın 2018-ci ildə onu ləğv etməsini alqışlayan Tehranın regional rəqibi Səudiyyə Ərəbistanı Oman danışıqlarını müsbət qarşılayıb. Bəhreyn və Qətər də öz təşviqedici bəyanatları ilə bu mövqeni dəstəkləyiblər.

Əli Xamenei Tehranda hərbi komandanlarla görüşdə.
Əli Xamenei Tehranda hərbi komandanlarla görüşdə.

Çətin qərarlar zəruridir

Analitiklərin fikrincə, əgər İranın ali dini rəhbəri Əli Xamenei çətin qərarlar verməyə hazır olarsa, Tehranın nüvə proqramı ilə bağlı razılaşma mümkündür. Konstitusiyaya görə, bütün dövlət məsələləri üzərində son söz sahibi olmasına baxmayaraq, Xamenei birbaşa məsuliyyətdən yayınmaq yönündə özünə bir reputasiya formalaşdırıb.

"Xamenei hələ də məsuliyyəti üzərinə götürmək istəmirmiş kimi görünür. O, son çıxışlarında danışıqlara qarşı olduğunu deyir, lakin eyni zamanda danışıqların aparıla biləcəyini bildirir və nəticələrinə görə məsuliyyət daşımayacağını açıq şəkildə bəyan edir", – Vaşinqtonda yaşayan beynəlxalq münasibətlər üzrə analitik Fərəştə Pezeşk AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib.

İran olduqca riskli vəziyyətdədir. Onun regional proksi şəbəkəsi əvvəlki gücündə deyil və ölkə iqtisadiyyatı ABŞ sanksiyaları altında ciddi şəkildə zəifləyib – yaşam xərcləri artır, alıcılıq qabiliyyəti isə azalır.

"İran daxilindəki vəziyyət də müəyyən qədər razılaşma ehtimalını artırır", – Pezeşk əlavə edib.

Razılaşma əldə olunmadığı təqdirdə prezident Donald Trampın hərbi müdaxilə ilə bağlı verdiyi hədələr də təzyiqləri artırır. İran rəsmiləri müharibə ehtimalını açıq şəkildə rədd etsələr də, analitiklər Tehranın bu təhdidləri ciddi qəbul etdiyini bildirir.

İran nüvə böhranının xronologiyası
İran nüvə böhranının xronologiyası

Qarşıdakı yol

Missuri Elm və Texnologiya Universitetinin siyasi elmlər professoru Mehrzad Borucerdi Oman görüşünü "isinmə danışıqları" kimi xarakterizə edib və bildirib ki, bu danışıqlarda əsas məsələlərə toxunulmayıb.

"Ola bilsin, tərəflər bir cədvəl və ümumi müzakirə mövzuları üzərində razılaşıblar, lakin vacib məsələlər gələcək danışıqlarda gündəmə gələcək", – o, "Fərda" xidmətinə deyib.

Borucerdi əlavə edib ki, həm Tehran, həm də Vaşinqton "maksimalist tələblərindən geri çəkilmiş kimi görünürlər" və bu da praktik bir razılaşma üçün yol aça bilər.

Danışıqların növbəti raundunun formatı açıqlanmayıb, lakin dolayı danışıqları tənqid edənlər dolayı diplomatiyanın əvvəlki uğursuzluqlarını əsas gətirərək Vaşinqtonun birbaşa təmaslar tələb etməli olduğunu israr edirlər.

"ABŞ açıq şəkildə bildirməlidir: əgər növbəti mərhələdə birbaşa və substantiv müzakirələr yoxdursa, danışıqlar olmayacaq", – "United Against Nuclear Iran" qeyri-hökumətının siyasət direktoru Ceyson Brodski X platformasında yazıb. "Bu, Tehranın vaxtı uzatmaq və məsələləri yubandırmaq strategiyasıdır".

Başqa bir cavabsız sual isə Trampın İranın nüvə proqramını məhdudlaşdırmaq, yoxsa onu tamamilə ləğv etməyi nəzərdə tutub-tutmadığıdır.

Tehran nüvə proqramının bağlanmasına qəti şəkildə qarşı çıxıb, lakin dəfələrlə nüvə silahı əldə etmək istəmədiyini və zəmanət verməyə hazır olduğunu bildirib.

Real bir razılaşma əldə etmək üçün əsl istək olduğu görünür və İran, şübhəsiz ki, buna ABŞ-dən daha çox ehtiyac duyur.

Bununla belə, razılığın əldə olunması İrandakı qərar qəbul edənlərin "müdriklik və cəsarət göstərib-göstərməməsindən asılıdır", – Pezeşk bildirib.

Hazırda hər iki tərəf danışıqları davam etdirmək üçün hazır görünür, amma çox az vaxt qalıb.

XS
SM
MD
LG