Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

ABŞ Nümayəndələr Palatası spikersiz qalıb


Kevin Makkarti
Kevin Makkarti

ABŞ Nümayəndələr Palatasının spikeri qurumun tarixində ilk dəfə olaraq vəzifədən kənarlaşdırılıb. Palatanın respublikaçı çoxluğu daxilindəki çəkişmə Kevin Makkartinin (Kevin McCarthy) postdan uzaqlaşdırılması ilə nəticələnib.

Oktyabrın 3-də respublikaçı konqresmen, Makkartinin müttəfiqi Patrik Makhenri (Patrick McHenry) müvəqqəti olaraq spiker vəzifəsini icra etməyə başlayıb. Amma o bu vəzifəni məhdud müddətə icra edəcək, bu halda üç qanunverici iş günü.

Bundan bir neçə gün öncə Palata müvəqqəti büdcəni çətinliklə razılaşdıraraq federal hökumətin işinin dayanmasını önləyə bilib. Makkarti Florida ştatından konqresmen Met Qetsin (Matt Gaetz) rəhbərlik etdiyi sağçı qrupun təşəbbüsü ilə kənarlaşdırılıb. O, Palata liderini federal xərcləri azaltmaq yönündə yetərincə səy göstərməməkdə suçlayıb.

Şatdaun ola bilərmi

Respublikaçı konqresmen Kelli Armstronq (Kelly Armstrong) jurnalistlərə deyib ki, Makhenrinin əsas işi "bizə yeni spiker tapmaq" olacaq. Başqa hər hansı addım isə onun kənarlaşdırılması ilə sonuclana bilər.

"Reuters" yazır ki, Palataya spiker təyin olunanadək hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri üzrə hər hansı addımın atılması real deyil. Konqresmenlər noyabrın 17-dək ya daha çox pul ayrılmasını təsdiqləməlidirlər, ya da hökumət qismən bağlana (şatdaun) bilər.

Bu arada Nümayəndələr Palatasının 221 respublikaçı və 212 demokrat üzvü növbəti siyasi və qanunverici addımları nəzərdən keçirirlər. Hər iki partiyanın spikerliyə namizəd verəcəyi gözlənir. Demokratlar üçün bu, asan olacaq. Onlar Palatanın azlıq lideri Hakim Ceffrisi (Hakeem Jeffries) müdafiə edirlər. O, yanvarda Makkarti və digər namizədlərlə mübarizə aparıb.

Trampın adı hallanır

Respublikaçıların işi isə fikir ayrılıqları səbəbindən çətin olacaq. Sərt xətt tərəfdarlarından ibarət kiçik bir qrup federal xərclərin kəskin azaldılmasını istəyir.

Makhenri hazırda spiker vəzifəsini icra etdiyindən üstünlüyü var, ancaq onun bu işi istəyib-istəmədiyi bəlli deyil. Makkarti daha bu vəzifəyə namizədliyini verə bilməz.

Palata tarixində belə şey baş verməyib deyə, seçkinin nə qədər sürətlə keçirilə biləcəyi aydın deyil. Adətən spiker seçkisi hər iki ildən bir, yeni Konqres işə başlayanda olurdu.

Hər iki partiya liderləri spiker seçmək prosesinə hazır olmaqla bağlı qərar verməlidirlər.

Heç yanvarda da proses rahat keçməmişdi, Makkarti günlərlə yetərli sayı yığa bilmirdi, 15 səsvermədən sonra bu mümkün oldu.

ABŞ konstitusiyasına görə, Nümayəndələr Palatasının spikerinin Konqres üzvü olması vacib deyil. Bu səbəbdən bəzi respublikaçılar keçmiş prezident Donald Trampın (Donald Trump) adını hallandırırlar. Amma o, prezidentliyə namizədliyini verib, bu postu istəmədiyini deyib.

XS
SM
MD
LG