Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 09:38

Polisin ən çox adam öldürdüyü ştat – araşdırma


ABŞ-da etirazlar, arxiv fotosu
ABŞ-da etirazlar, arxiv fotosu

1980-ci illərlə müqayisədə 2010-cu illərdə bütün irqlərə qarşı polis zorakılığının 38% artdığı üzə çıxarılıb

ABŞ-ın 50 ştatı içində polis zorakılığından ölüm halları və qətllərin tam göstərilməməsinə görə Oklahoma birinci yerdədir. Bu haqda sentyabrın 30-da “The Lancet” tibb dərgisində araşdırma dərc olunub.

Araşdırmaya görə, 1980-2018-ci illərdə bu ştatda polis tərəfindən qətllərin 84 faizə qədəri haqda ya məlumat verilməyib, ya da düzgün təsnif olunmayıb.

38 faiz artım

90 nəfərdən çox əməkdaş ABŞ Milli Demoqrafik Statistikası Sisteminin datasını üç açıq mənbəli databazayla müqayisə edib. Birinci sistem bütün ölüm şəhadətnamələrini əhatələyir, açıq databazalarda isə ölümlə nəticələnmiş polis zorakılığı haqda informasiya toplanır.

Ölkə boyunca 1980-2018-ci illərdə polis zorakılığından ölümlərin 55 faizindən çoxunun düzgün təsnif olunmadığı, yaxud barəsində məlumat verilmədiyi ortaya çıxıb.

1980-ci illərlə müqayisədə 2010-cu illərdə bütün irqlərə qarşı polis zorakılığının 38% artdığı üzə çıxarılıb.

Qaradərililər

Polis zorakılığından ölüm hallarına görə Oklahomadan sonra Arizona, Alyaska, Nevada, Vyominq gəlir.

Ölüm göstəricilərinin yüksəkliyinə görə Vyominq, Alabama, Luziziana və Nebraska ilk beşlikdədir.

“USA Today” yazır ki, Oklahoma qaradərili amerikalılara qarşı polis zorakılığına görə birinci yerdədir.

Oklahoma Polis Rəisləri Assosiasiyası məlumatı şərh etməyib.

İspandillilər üzrə göstəricilər

Hökumətin datasında ispandilli amerikalılar üzrə 50 faiz, qeyri-ispandilli ağdərililər üzrə 56%, bütün irqlərdən qeyri-ispandillilər üzrə 33% hallarda ölümlərin düzgün təsnif olunmadığı üzə çıxarılıb.

Sözügedən dövrdə polis zorakılığından ən az ölüm Massaçusets, Konnektikut, Minnesota, Şimali Dakota, Nyu Hempşir və Nyu Yorkda qeydə alınıb.

Araşdırmanın əsas müəlliflərindən biri Fablina Şarara “USA TODAY”ə deyib ki, ştat səviyyəsində polis zorakılığının və ölüm hallarının az göstərilməsinin spesifik səbəbləri araşdırılmayıb.

“İnanıram ki, bu informasiya polis zorakılığının önlənməsi və məlumatların verilməsinin təkmilləşdirilməsi üçün siyasətə baxılması nöqteyi-nəzərindən vacibdir...” – o deyib.

XS
SM
MD
LG