Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:06

Blinken və Lavrov görüşüblər


ABŞ dövlət katibi Entoni Blinken (solda) və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
ABŞ dövlət katibi Entoni Blinken (solda) və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Rusiya Prezidenti Vladimir Putin deyir ki, NATO-dan şərqə doğru genişlənməyəcəyi, Rusiya sərhədləri yaxınlığına silah yerləşdirməyəcəyi haqda hüquqi təminat istəyir

ABŞ dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla üzbəüz görüşündə ona Ukraynaya dair xəbərdarlığını səsləndirib.

Dekabrın 2-də keçirilmiş bu görüşdə Blinken deyib ki, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, bunun Moskva üçün “ağrılı və ciddi nəticələri” olacaq.

Dövlət katibi yaranmış böhrandan diplomatik çıxış yolu tapmağa çağırıb.

Blinken bundan bir gün əvvəl verdiyi bəyanatda bildirmişdi ki, ABŞ Rusiyanın Ukraynaya mümkün hücumuna ən qətiyyətli şəkildə cavab verməyə hazırdır.

O bildirmişdi ki, Rusiyanı son dərəcə ağır sanksiyalar gözləyə bilər:

"Bu böhranı aradan qaldırmağın ən yaxşı yolu diplomatiya vasitəsilədir”.

Blinken Lavrovla görüş zamanı deyib ki, Moskva və Kiyev 2014-cü ildə elan edilmiş Minsk sülh prosesi üzrə öhdəkliklərinə əməl etməlidirlər.

Minsk razılaşmaları Kiyevlə Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənıən separatçılar arasında münaqişəyə son qoymalı idi.

Blinken bildirib ki, ABŞ bunların reallaşdırılmasına dəstək verə bilər, amma Rusiya konfrontasiya yolunu seçsə bunun çox ciddi nəticələri olacaq.

Lavrov jurnalistlərə deyib ki, Moskva Kiyevlə dialoqa hazırdır:

“Biz, prezident Vladimir Putinin də dediyi kimi heç bir münaqişə istəmirik”.

İki nazir ATƏT-in Stokholmda keçirilən iclasının kuluarlarında yarım saatadək söhbət ediblər.

Bu görüşdən sonra ABŞ Dövlət Departamentinin rəsmisi deyib ki, Blinken və Lavrov arasında “ciddi, təmklinli və işgüzar” söhbət olub.

Rəsmi bunu da deyib ki, tərəflər şərqi Ukraynada Minsk razılaşmalarının həyata keçirilməsi yollarına dair konstruktiv fikir mübadiləsi ediblər.

***

ABŞ-ın Dövlət katibi Entoni Blinken deyir ki, Vaşinqton Rusiyanın Ukraynaya qarşı mövqeyindən narahatdır. Blinken dekabrın 2-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

Bugünkü görüş ATƏT-in sammiti çərçivəsində keçiriləcək. Bir gün öncə isə Riqada NATO xarici işlər nazirlərinin toplantısında Blinken deyib ki, Rusiya hərbi əməliyyatlarla Ukraynanın daxilində sabitliyi pozmağa çalışır.

“Ukraynanı dəstəkləyəcəyik”

Son həftələr Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi Qərbin əndişəsini artırıb. Ukrayna və Qərb Rusiyanın qərbində bu ilin əvvəlində keçirilən təlimlərdən sonra Ukrayna ilə sərhəddə minlərlə əsgər və ağır texnikanın qaldığını deyirlər. Rusiyanın Müdafiə Nazirliyi isə dekabrın 1-də bildirib ki, 10 mindən artıq əsgər ölkənin cənub-qərbində, Ukrayna ilə sərhəd yaxınlığında hərbi məşqlərə start verib.

“Rusiyanın Ukraynaya münasibətindən dərin narahatlıq keçirən Birləşmiş Ştatlar NATO müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləyəcək”, – Blinken dekabrın 2-də ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdən sonra deyib.

Kuleba isə deyib ki, Blinkenlə görüşdə Rusiyanı aqressiv hərəkətlərdən çəkindirmək üçün ona qarşı “sərt iqtisadi saniksiyaları” müzakirə edib.

Bakıda 'Saleh Rüstəmliyə azadlıq' aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

FSB “agent” tutduğunu deyir

Blinken-Lavrov görüşü öncəsi gərginliyi artıran xəbərlərdən birini də Rusiyanın FSB təhlükəsizlik xidməti yayıb. Qurum Ukraynanın təhlükəsizlik xidmətindən (SBU) üç “agenti” saxladığını, onlardan birinin bomba hücumu planlaşdırdığını bildirib. Digər iki nəfərin isə Rusiyadakı strateji obyektlər barədə kəşfiyyat məlumatı yığdığı iddia olunur.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 1-də deyib ki, NATO-dan şərqə doğru genişlənməyəcəyi, Rusiya sərhədləri yaxınlığına silah yerləşdirməyəcəyi haqda hüquqi təminat istəyir. Söhbət Qərbin Ukraynaya silah göndərməsindən, birgə təlim keçməsindən gedir.

Dekabrın 1-də deputatlar qarşısında illik çıxışında Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni bitirmək üçün Moskvayla “birbaşa danışıqlara” çağırıb.

“Güclü və nüfuzlu ordumuz olduğunu bilərək danışmalıyıq”, – deyən Zelenski Putinlə birbaşa danışmaqdan "qorxmadığını" sözlərinə əlavə edib.

***

Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır

Rusiya Moskvadakı ABŞ səfirliyinin işçilərindən bir qrupuna yanvarın 31-cən ölkəni tərk etmək göstərişi verib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də deyib ki, üç ildən çox Moskvada işləmiş səfirlik əməkdaşları gələn ayın sonuna kimi getməlidirlər.

27 diplomatın vizası uzadılmayıb

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə ötən həftə deyirdi ki, Rusiyanın 27 diplomatı yanvarın 30-dək ölkədən gedəcək, çünki vizaları uzadılmayıb. İyunun 30-dək eyni sayda Rusiya diplomatı ABŞ-ı tərk etmişdi. Səfirin sözlərinə görə, Vaşinqtonun vizaları uzatmaması diplomatların qovulması deməkdir.

“Buna müvafiq yolla cavab vermək fikrindəyik”, – Zaxarova söyləyib.

“Gələn il iyulun 1-cən Vaşinqton üçillik xidmət qaydasını qaldırmasa və kompromisə getməsə, Dövlət Departamentinin elan etdiyi rusiyalıların sayına mütənasib sayda ABŞ diplomatı gedəcək”, – o vurğulayıb.

Tarazlıq naminə

Dövlət Departamentinin sözçüsü isə AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, ABŞ-ın hərəkəti rusiyalı diplomatların qovulması demək deyil, Moskvaya ötən il bildirilib ki, üç illik xidmət qaydası onun diplomatlarına aid ediləcək.

“Rusiya hökumətinə məlumat verilib ki, gedənlərin yerinə diplomatik korpusun digər üzvlərini təyin edə bilər. Yeni prosedur cəza məqsədi daşımır, ABŞ-Rusiyanın ikitərəfli missiyaları arasında daha böyük tarazlıq naminə tətbiq edilir”, – sözçü deyib.

Rusiya və Birləşmiş Ştatlar bir neçə dəfə bir-birinin diplomatlarını qovub, diplomatik missiyalara məhdudiyyətlər qoyublar.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayandan münasibətlərdə gərginlik artıb. Bunda başqa ABŞ Rusiyanı seçkilərə müdaxiləyə, kiberhücumlara, digər məkirli hərəkətlərə, müxalifətçi Aleksey Navalnının zəhərlənməsi və həbsinə görə ittiham edir.

Rusiyanın tələbi

İyulda ABŞ-ın diplomatik missiyaları əməkdaşlarını ixtisar etməli olub. Rusiya Birləşmiş Ştatların yerli sakinləri işə götürməsini yasaqlayıb.

Vladivostok və Yekaterinburqda konsulluqlar bağlanıb və hazırda Moskvadakı səfirlik ABŞ-ın bu ölkədəki yeganə missiyasıdır.

Vaşinqton rusiyalı diplomatları qovandan sonra Rusiya da ABŞ missiyalarının qeyri-amerikalı işçi götürməsini qadağan etdi.

2017-ci ildə ABŞ-ın Rusiyada 1200 diplomati vardı, indi onların sayı 120-yə düşüb. Rusiyanın isə ABŞ-da, BMT-dəki missiya daxil, 400 akkreditə olunmuş diplomatı var.

XS
SM
MD
LG