Keçid linkləri

2024, 29 İyun, şənbə, Bakı vaxtı 17:07

Sevastopola raket zərbələrinə görə ABŞ səfiri Rusiya XİN-ə çağırılıb


ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi
ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi

ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi iyunun 23-də ilhaq olunmuş Sevastopola raket zərbələri ilə bağlı Rusiya XİN-ə dəvət edilib.

Rusiya hərbçiləri iddia edirlər ki, Krımdakı Sevastopola ABŞ istehsalı kasetli ATACMS raketi atılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, hava hücumundan müdafiə sisteminin atəşi raketi kursundan çıxarıb və onun qırıntıları çox sayda insanın istirahət etdiyi çimərliyə düşüb.

Hücum nəticəsində dörd nəfərin öldüyü, daha 150-dək şəxsin yaralandığı bildirilir. Xəsarət alanlardan 84 nəfəri xəstəxanalara yerləşdirilib. Onlarda 14-nün vəziyyətinin son dərəcə ağır olduğu deyilir.

Bunların arasında iki uşaq var. Onlardan biri Maqadan şəhəri merinin müavinin qızıdır.

Hərbi ekspert Ostap Karmodi ehtimal edir ki, Uçkuyevka çimərliyinin üzərində vurulmuş raket Rusiya Qara dəniz donanmasının 1096 saylı zenit-raket alayını hədəfləyə bilərdi:

"Bu alayın dislokasiya yeri hərbi hədəfdirmi? Sözsüz ki, bəli. Hava hücumundan müdafiə alayının bir kilometrliyində yerləşən çimərlik və cəbhə xətti bağlanmalı idimi? Əlbəttə! Lakin çimərlik Sevastopoldakı və Krımdakı bütün başqa çimərliklər kimi açıq idi. RF müharibə aparmır ki...Xüsusi hərbi əməliyyat aparır. Ona görə orada turist mövsümüdür”.

Putinin “sülh təkliflərinə” cavab?

Rusiya hakimiyyəti ABŞ-ı bu raket zərbələrinə görə ittiham edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iddia edib ki, sözü gedən raketlərin atılmasında ABŞ Ukrayna hərbçilərinə kömək edir.

Amma Rusiya XİN-in yaydığı bəyanatda məsələ fərqli təfsir edilir.

Bəyanatda deyildiyinə görə ABŞ səfirinə bildirilib ki, “Vaşinqtonun Ukrayna nasistyönlü hakimiyyətini hərbi əməliyyatları davam etdirməyə həvəsləndirməsi cavabsız qalmayacaq”.

Belə görünür ki, burada Ukraynanın Vladimir Putinin üzdəniraq “sülh təkliflərini” rədd etməsinə işarə olunur.

Putin Ukrayna qoşunlarının Rusiyanın ilhaqını elan etdiyi dörd Ukrayna vilayətindən çıxarılmasını tələb edir.

Putin Dərbənd və Sevastopol barədə ayrıca çıxış etməyəcək

Peskov iyunun 24-də bu təkliflərin hələ də qüvvədə qaldığını bildirib. O bunu da bildirib ki, Vladimir Putin Dağıstandakı terror aktları və Sevastopola raket zərbələri barəsində ayrıca çıxış etməyəcək.

ABŞ Moskvadakı səfirinin Rusiya XİN-ə dəvət olunmasını hələ ki şərh etməyib.

ABŞ rəsmiləri bundan əvvəl Vaşinqtonun Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmədiyini bəyan etmişdilər.

Onlar bildirirlər ki, Ukraynaya onun özünü müdafiə etməsi üçün silah-sursat və başqa yardımlarla dəstək verirlər.

İyunun 23-də Sevastopola raket zərbələrinin ardınca bu şəhərdə fövqəladə vəziyyət elan edilib.

Bu da bildirilir ki, xəsarət alanların yekun sayı 153 nəfərdir. Onlardan 15-20 nəfərinin Moskvaya təxliyəsi hazırlanır.

XS
SM
MD
LG