Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:42

Səslərin təkrar sayılması da Baydenin üstünlüyünü göstərir


ABŞ-ın Corciya ştatında prezident seçkisi səslərinin yenidən sayılması noyabrın 19-da başa çatmalı idi. Təkrar sayılmada Co Baydenin qələbəsinin təsdiq olunacağı gözlənilir.

Corciya səsvermə sisteminin meneceri Qabriel Sterlinq Fox News telekanalına deyib ki, ştatda audit və səslərin təkrar sayılması demək olar, başa çatıb və Baydenin üstünlüyə malik olduğu görünür.

O seçki pozuntuları barədə iddiaları rədd edib.

Corciya Donald Trampın seçki kampaniyasının hüquqi müstəvidə mübahisələndirdiyi ştatlardan biridir.

Tramp Miçiqanda geri çəkilib

Bunun ardınca Tramp kampaniyası noyabrın 19-da bildirib ki, Miçiqan ştatında səslərin təkrar sayılması tələbini geri götürür. Bu ştatda da Bayden qalib elan edilib.

Buna baxmayaraq, Trampın şəxsi vəkili, keçmiş Nyu York meri Rudi Culiani keçirdiyi mətbuat konfransında demokratları “dələduz” adlandırıb və onları böyük seçki saxtakarlığında ittiham edib.

O deyib ki, bir neçə həlledici ştatda “seçki Amerika xalqından oğurlanıb”.

Viskonsin ştatının seçki rəsmiləri noyabrın 18-də demişdilər ki, Tramp kampaniyasının tələbi ilə qismən təkrarsayma noyabrın 20-də başlanacaq, amma seçki nəticəsinin dəyişəcəyi gözlənilmir. Bu ştatda Bayden 20 min səs çoxluğu ilə qalib gəlib.

Trampın sonuncu ümidi

Buna baxmayaraq noyabrın 18-də Trampın vəkil komandası Pensilvaniya Ali Məhkəməsində kiçik uğur qazanıb.

Burada poçtla verilmiş minlərlə səs yenidən araşdırlmalıdır.

Trump komandasının daha bir şikayəti müşahidəçilərin seçki məntəqələrinə buraxılmaması barədir.

Bayden bütün ştatlar üzrə 306 seçki kollegiyası səslərinə sahib olub. Tramp bu səslərin yalnız 232-sini əldə edib.

Prezident vəzifəsində qalmaq üçün Tramp azı üç böyük ştatda nəticələrin dəyişməsinə nail olmalıdır.

Ştatlar səsvermə nəticələrini dekabrın 8-dək rəsmən təsdiq etməlidirlər. Bunun ardınca dekabrın 14-də Seçki Kollegiyası nəticələri elan etməlidir.

Sonuncu mərhələ yanvarın 6-sıdır. Həmin gün Konqres Seçki Kollegiyasının səslərini sayacaq. Amma bu, əsasən formal mərasimdir.

İnaqurasıya yanvarın 20-də olacaq.

XS
SM
MD
LG