Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 02:22

'Bəxtiyar Hacıyevin işində Azərbaycan büdcəsinin pulu cinayətlə əldə edilmiş sayılıb'


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verilməsi, əmlakının müsadirəsi haqda hökmdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmədə B.Hacıyevin vəkilləri 40-dan artıq vəsatət qaldırıblar. Bunların arasında apellyasiya məhkəməsinin yekun qərarınadək onun ev dustaqlığına buraxılmasından tutmuş, ekspertiza keçirilməsi, əmlakı üzərindən həbsin götürülməsinə qədər müxtəlif məsələlər vardı.

Vəkillər bildiriblər ki, B.Hacıyev haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qanunsuz və ədalətsizdir. Müdafiə tərəfi vurğulayıb ki, heç bir sübut-dəlil ortaya qoyulmadan onun mənzilinin müsadirə olunmasına qərar verilib. Azərbaycanın dövlət büdcəsindən B.Hacıyevin hesabına köçürülmüş vəsait "cinayət yolu ilə əldə edilmiş əmlak" kimi dəyərləndirilib və müsadirə olunub: "Avropa Məhkəməsinin qərarı əsasında Bəxtiyar Hacıyevə Azərbaycanın dövlət büdcəsindən kompensasiya ödənilib. Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Hacıyevin bank hesabında olan həmin vəsaitin də müsadirəsinə qərar verib. Belə çıxır ki, məhkəmə Hacıyevin işində Azərbaycanın dövlət büdcəsinin pulunu cinayət yolu ilə əldə edilmiş vəsait sayıb".

Mənzilə gəlincə, hökmdə göstərilib ki, hərracda evin satışından əldə edilən vəsait ittihamda göstərilən vergi borcu və digər ödənişlərə yönəldilsin, qalan məbləğ isə dövlət nəfinə keçirilsin. Müdafiə tərəfi bunu da qanunsuz hesab edir: "Adamın əmlakı əlindən alınıb, dövlət nəfinə niyə verilməlidir?".

Heç bir cinayət törətmədiyi halda, 2 il 3 aydır həbsdə saxlandığını vurğulayan B.Hacıyev haqqındakı hökmün siyasi sifarişlə çıxarıldığını vurğulayıb.

Zamin İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası qaldırılmış vəsatətlərin heç birini təmin etməyib. Ümumiyyətlə, B.Hacıyevlə bağlı apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan) baxılmasına qərar verilib. B.Hacıyev və vəkilləri buna etiraz edib. Onlar vurğulayıb ki, vacib məsələləri araşdırmadan obyektiv qərar çıxarmaq mümkün deyil.

B.Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələriylə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloqer Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində B.Hacıyevə 10 il həbs cəzası kəsilib, onun mənzili və bank hesabında olan vəsaitin müsadirəsinə qərar verilib.

B.Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. İctimai fəal daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

XS
SM
MD
LG