Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:08

DİN ABŞ-ın Azərbaycanda işgəncə haqda dediklərinə cavab verdi


8 mart aksiyasında
8 mart aksiyasında

ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında deyilir ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən istifadə davam edir. İşgəncə vasitəsi kimi elektroşokdan geniş istifadə edildiyi, işgəncə verənlərin cəzasız qaldıqları da bildirilir.

Ehsan Zahidov: “Bu cür hallar Azərbaycan polisinin ünvanına ittiham səsləndirən həmin dövlətlərdə baş verir”

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna deyir ki, ABŞ Dövlət Departamentinin hesabatında deyilənlər reallığı əks etdirmir, əksinə, hesabatı hazırlayan ölkənin özündə bənzər hallar baş verir:

“Bugün Azərbaycan hüquq-mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı apardığı mübarizə, ictimai asayişin, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirdiyi təcrübə qanunvericliyə uyğundur. Kimlərinsə təzyiqə məruz qalması, polis zorakılığı haqda deyilənlər Azərbaycanda deyil, bu cür ittihamları Azərbaycan polisinin ünvanına səsləndirən həmin dövlətlərdə baş verir”.

Vaxtaşırı yerli və beynəlxalq qurumların hesabatlarında və ya saxlanılan şəxslərin açıqlamalarında, müttəhimlərin məhkəmə çıxışlarında da işgəncə iddialarıyla rastlaşmaq mümkündür.

Elə Dövlət Departamentinin son hesabatında da insan haqları qruplarına istinadən, müxalifət tərəfdarları Saleh Rüstəmov, Aqil Məhərəmmov, Babək Həsənov, Ruslan Nəsirli və Valeh Rüstəmlinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldığı qeyd olunur. Azərbaycan polisinin işgəncələrdən istintaqa gərəkli etirafların alınması üçün yararlandığı vurğulanır.

Ehsan Zahidov cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlandığı yerlərə beynəlxalq və yerli hüquq müdafiə qurumları tərəfindən baxış keçirildiyini, monitorinqlər aparıldığını, onlara bu iddialarla bağlı “heç vaxt irad bildirilmədiyini” söyləyir.

Arzu Abdullayeva: “Polis-vətəndaş münasibəti hələlik ağırdır”

DİN rəsmisindən fərqli olaraq hüquq müdafiəçisi Arzu Abdullayeva hesabatda deyilənlərin düz olduğunu düşünür. O, adətən, Dövlət Departamentinin məlumatları yoxladığını, hüquq müdafiəçilərinin rəyinə əsaslandığını deyir:

“Mən özüm də təsdiqləyirəm ki, bu sahədə vəziyyət yaxşı deyil. Polis-vətəndaş münasibəti, hələlik, ağırdır. Polis peşəkar kimi borcunu yerinə yetirmir, bu borcu əmr sahiblərinə qurban verir. O, əmrə tabedir və buna görə elə rəy yaranır ki, onlara düşünmək qadağandır”.

Arzu Abdullayeva bir məqama da diqqət çəkir. O, bir qrup hüquq müdafiəçisinin son kütləvi aksiyalardan öncə Daxili İşlər Nazirliyinə müraciətini xatırladır.

Hüquq müdafiəçisinin sözlərinə görə, məqsəd polisin aksiyada jurnalistlərə və iştirakçılara müdaxilə etməməsi, güc tətbiqindən qaçması, qanunazidd davranmaması olub:

“Yəni qanunu qoruyurlar qorusunlar, ancaq kobudluğa yol verilməsin, işgəncələrə, ağır zərbələrə yol verilməsin. Son iki mitinqdə bunu etmişik və müəyyən nəticəni görmüşük”.

Bununla belə, Arzu Abdullayeva Azərbaycan vətəndaşının polisə arxalana bilmədiyini, “DİN-in asayişi qoruyan bir qurum təəssüratı yarada bilmədiyini” də ayrıca vurğulayır və səbəbinin belə əsaslandırır: “Polis qorxudur, verilən əmr polisin vicdanının əleyhinə olsa belə, onu həyata keçirir”.

Sabir Rüstəmxanlı: “Dünyada ideal dövlət yoxdur”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı dünyada ideal dövlət, ideal sistem olmadığını deyir.

Onun qənaətincə, “harda polis, harda cinayət varsa, orda zorakılıq da, orda cəza da var”. Deputat bütün bunların hər il hesabatlarda dönə-dönə vurğulanmasını isə qərəzli sayır.

Aynur Elgünəş: ““Jurnalistəm” desəm də döyüldüm”

Hesabatda Azərbaycan hakimiyyətinin ifadə və media azadlığına məhdudiyyətlər qoyduğu, jurnalistlərin hədələndiyi, bəzi hallarda isə döyüldüyü və ya saxlandığı da qeyd olunur. Bu da deyilir ki, hakimiyyət “fərqli baxış ifadə edən internet saytlarını bloklamaqda, internetdə tənqidi fikirlərini yazanları həbsə atmaqda davam edir”.

Azərbaycanda sərbəst toplaşma hüququnun pozulması məsələsinə toxunulan hesabatda bildirilir ki, 19 yanvar mitinqindən sonra hakimiyyət müxalifətin aksiyalar keçirməsinə imkan vermir, mitinq və yürüşlər üçün, bir qayda olaraq, paytaxtdan aralıda Lökbatanı təklif edir.

MeydanTV-nin əməkdaşı, fevralın 9-da keçirilmiş parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının qarşısındakı etiraz aksiyasında polisin döydüyü Aynur Elgünəş media sahəsində bəlli yumşalmalar sezildiyini söyləyir.

O bunu ötən illərdə olduğu kimi tez-tez jurnalist həbslərinin baş verməməsi, media mənsublarına qarşı şiddətin azalması ilə izah edir. Hərçənd, jurnalist dəyişiklikləri “kosmetik” adlandırır və bütövlükdə köklü dəyişiklik baş vermədiyini bildirir:

“Saytlar hələ də blokdan çıxarılmayıb. Bu sahədə irəliləyiş yoxdur. MeydanTV ilə bağlı cinayət işi açıq qalır, yəni nə bağlanır, nə də davam edir, sadəcə, dondurulmuş vəziyyətdədir. “Stop”u götürlən jurnalistlərə yenə də ölkədən çıxanda, girəndə problem yaradılır. Yoxlama aparılır, psixoloji basqı davam edir”.

O, kütləvi aksiyalarda jurnalistlərlə rəftarın da təxminən eyni qaldığını deyir:

“Müəyyən irəliləyiş var. Bakı şəhər Baş Polis İdarəsi ilə Mətbuat Şurası 19 oktyabr mitinqində əməkdaşlıq etdilər. Məsələn, jurnalistlər saxlananda BŞBPİ-yə zəng edirdin, reaksiya verilirdi. Bütün bunlar alqışlanası cəhddir, ancaq kosmetik xarakterlidir. Realllıqda jurnalistlər yenə təhdid altındadır. Mən özüm MSK-nın qabağında fevralın 11-də döyüldüm. “Jurnalistəm” desəm də döyüldüm. Dəyişiklik, sadəcə, nisbi sakitlikdir. Jurnalistlərin cibinə narkotik atıb aparmırlar, taktikanı dəyişiblər”.

Deputat Sabir Rüstəmxanlı son tənqidlərlə qismən razılaşır. O, bir sıra qəzetlərin illər uzunu dövlət tərəfindən maliyyələşdirildiyini, onlara yardım göstərdiyini qeyd edir.

Ancaq deputat sərbəst toplaşmaq azadlığı sahəsində problemin qaldığını, aksiyalar üçün ayrılan yerlərin şəhərdən kənarda olduğunu da etiraf edir.

Bununla belə Sabir Rüstəmxanlı Azərbaycanda baş verənlərin “qonşu ölkələrdə yaşananlardan xüsusi fərqlənmədiyini”, Azərbaycana qarşı “ənənəvi qərəzli münasibət və basqı” sərgiləndiyini iddia edir.

Beynəlxalq və yerli qurumların hesabatlarında, adətən, Azərbaycanda insan haqlarının vəziyyəti tənqid olunur, ölkədə təməl hüquqların, özəlliklə seçki, ifadə, toplaşmaq azadlığının təmin edilmədiyi ayrıca vurğulanır. Rəsmi Bakı, bir qayd olaraq, bu tənqidləri qəbul etmir, onları qərəzli sayır.

XS
SM
MD
LG