Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:05

ABŞ İrana yeni sanksiyalar elan edir


İranın İraqda dəstəklədiyi şiə qruplaşmalarından birinin döyüşçüsü
İranın İraqda dəstəklədiyi şiə qruplaşmalarından birinin döyüşçüsü

Birləşmiş Ştatlar bildirir ki, İran və İraqda mənzillənən 20-dək şirkət və qurumun, habelə terrorçu qrupların dəstəklənməsində ittiham olunan rəsmilərin və başqa fərdlərin üzərinə sanksiylar qoyulur.

ABŞ Maliyyə Nazirliyi martın 26-da bəyan edib ki, sanksiyaların hədəflədiyi “qondarma şirkətlər, vəzifəli rəsmilər və onların biznes partnyorları İran İslam İnqilabı Keşikçiləri Korpusuna və onun xarici əməliyyatları icra edən Qüds qüvvələrinə dəstək verməkdə və ya onlar üçün fəaliyyət göstərməkdə ittiham olunurlar”.

Bu da qeyd olunur ki, bu fərdlər və vahidlər habelə İraqda Kətaib Hizbullah və Əsaib Əhl əl-Həqq kimi İran tərəfindən dəstəklənən silahlı terror qruplaşmalarına kömək ediblər.

Bütün bu fəaliyyətlərdən başqa sözü gedən şirkət və fərdlərin Yəmənə qaçaqmalçılıq yolu ilə silah verməkdə, ABŞ-ın sanksiyası altında olan İran neftinin Suriya hökumətinə satışını təşkil etməkdə, həmçinin İraqda təbliğat aparmaqda və İraq rəsmilərini təhdid etməkdə ittiham olunduqları bildirilir.

Soleimaninin yerlisi

Maliyyə naziri Steven Mnuchin deyib ki, İran “regiondakı terrorçu qruplaşmaları maliyyələşdirmək, İran xalqının sərvətini xaricə daşımaq üçün qondarma şirkətlərin şəbəkəsindən istifadə edir və terrorçu qruplaşmaların təchizatını öz xalqının ehtiyaclarından üstün tutur”.

Sanksiyaların hədəflədiyi qurumlar arasında İraqdakı Müqəddəs Məqbərələrin Təmiri Təşkilatı da var.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, İran və İraqda mənzillənən bu təşkilata Qüds qüvvələri nəzarət edir.

Təşkilatın icraçı sədri Mohammad Jalal Maab da sanksiya siyahısına daxil edilib.

Əslən Kirman şəhərindən olan Maabı 2019-cu ildə bu vəzifəyə yerlisi general Qasem Soleimani təyin etmişdi.

Soleimani ötən il ABŞ-ın dron zərbəsi ilə İraqda öldürülüb.

XS
SM
MD
LG