Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 18:36

Prokuror işçi hüquqlarını qoruyan ictimai fəala 10 il həbs cəzası istədi


Afiəddin Məmmədov
Afiəddin Məmmədov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri, ilyarıma yaxındır həbsdə olan ictimai fəal Afiəddin Məmmədova prokuror 10 il cəza verilməsini istəyib. Dövlət ittihamçısı yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, A.Məmmədova verilmiş xuliqanlıq və qəsdən bədənə ağır xəsarət yetirmə ittihamı – onun Səfər Hüseynov adlı şəxsi bıçaqlaması məhkəmədə sübuta yetirilib.

Ancaq A.Məmmədovla vəkili Zibeydə Sadıqova bu deyilənlərlə razılaşmırlar. Onlar prokurorun çıxışından öncə məhkəmə istintaqının tamamlanmasına etiraz ediblər.

Vəkil deyib ki, həqiqətin ortaya çıxarılması üçün məhkəmə Xətai rayonundakı 34-cü polis bölməsindən kamera görüntülərini alıb araşdırmalıdır. Üstəlik, zərərçəkmiş qismində tanınan S.Hüseynovun üzərində əvvəllər aparılmış cərrahiyyə əməliyyatıyla bağlı xəstəlik tarixçəsi məhkəməyə təqdim edilməlidir. Müdafiəçinin qaldırdığı vəsatətlərdən biri də S.Hüseynovun bıçaqlandığı iddia edilən ərazidəki kamera görüntülərinin alınıb baxış keçirilməsi olub.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

"Ərazinin yaxınlığında nə qədər kamera var... niyə əlavə olunmayıb?"

Z.Sadıqova vurğulayıb ki, müvəkkili A.Məmmədov heç kimi bıçaqlamadığını, şərlənərək həbs edildiyini bildirir: "Afiəddin Məmmədovun Səfər Hüseynova bıçaqla xəsarət yetirdiyi iddia olunan ərazinin yaxınlığında nə qədər kamera var. İstintaq orqanı başqa işlərdə dərhal həmin görüntüləri alır, işə əlavə edir. Bu işdə niyə əlavə olunmayıb? Deməli, belə bir hadisə olmayıb, Afiəddin heç kimi bıçaqlamayıb".

Vəkilin sözlərinə görə, ehtimal edilir ki, zərərçəkmişin bədənindəki çapıq kor bağırsaq əməliyyatından qalmış izdir. Bu səbəbdən onun xəstəlik tarixçəsinin araşdırılması vacibdir.

Polis bölməsindəki kamera görüntülərinin tələb olunmasının səbəbinə gəlincə, A.Məmmədov bildirib ki, saxlanılıb bölməyə aparılandan sonra orada döyülüb, orada zorla əlinə bıçağı verərək süni şəkildə əl izləri yaradıblar.

Məhkəmə vəkilin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

"Siz burada obyektiv məhkəmədən danışırsınız, amma sizdə obyektivliyin "o" hərfi də yoxdur. Belə məhkəmə olmur...", - A.Məmmədov hakimlərin qərarına etirazını belə ifadə edib.

Məhkəmə prosesi yanvarın 14-də müdafiəçinin çıxışı, ardından A.Məmmədovun özünün sonsözüylə davam edəcək. Daha sonra hökm oxunacaq.

Afiəddin Məmmədov
Afiəddin Məmmədov

Xatırlatma

A.Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yol gedərkən S.Hüseynov adlı şəxslə toqquşub və aralarındakı mübahisə zamanı cibindən çıxardığı bıçaqla ona xəsarət yetirib.

A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham verilib.

A.Məmmədov bunun yalan olduğunu, kimsəyə xəsarət yetirmədiyini söyləyir. Onun sözlərinə görə, S.Hüseynov onu həbsə atmaqdan ötrü öncədən qurulmuş planın bir icraçısıdır: "Sentyabrın 20-də toya getməyə hazırlaşırdım. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında bir qadın da vardı. Üstümə hücum edib, yaxamdan yapışdı. Əlində bıçaq vardı, onu almağa çalışanda əlim də kəsildi. Sifətimdən vurdu, burnumdan qan açıldı. Yerə yıxıldım, indi də kürəyimdə izlər qalıb. Təxminən 3 dəqiqə sonra polislər gəldi".

A.Məmmədov yada salıb ki, kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar avqustun 1-də etiraz aksiyası keçirmişdilər. Elə həmin gün ona 30 sutka inzibati həbs cəzası verilmişdi: "Mən inzibati həbsdə olduğum müddətdə "İşçi Masası"nın digər üzvlərini şərləyib həbs etdilər. Avqustun 4-də Elvin Mustafayevi, 11-də isə Ayxan İsrafilovu narkotiklə şərlədilər. Mən 30 sutkalıq həbsdən çıxanda da izləndiyimi hiss edirdim. Evimizin ətrafında həmişə müxtəlif adamlar dayanırdı".

XS
SM
MD
LG