Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:45

Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi


Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi. Balakən rayon məhkəməsi.12yan2018
Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi. Balakən rayon məhkəməsi.12yan2018

Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi. Yanvarın 12-də Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov belə hökm çıxarıb.

* * *

Jurnalist Əfqan Muxtarlının 8 il azadlıqdan məhrum edilməsi təklif olunub. Yanvarın 12-də Balakən Rayon Məhkəməsində dövlət ittihamçısı Qürbət Məmmədov bu təkliflə çıxış edib.

Dövlət ittihamçısının çıxışından öncə məhkəmədə Ə.Muxtarlının vəkillərinin bir neçə vəsatəti olub. Müdafiəçilər məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyiblər. Həmin şahidlər də Müsavat partiyasının keçmiş və indiki başqanları İsa Qəmbərlə Arif Hacılı, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı və digərləri olub.

Amma hakim Hümbət Səlimov bu vəsatəti təmin etməyib.

Buna da bax: Əfqan Muxtarlı: 'Gözümü açanda gördüm ki...'

Daha bir vəsatət isə Ə.Muxtarlının oğurlanması faktı üzrə Gürcüstanda cinayət işinin başlanması ilə əlaqədar qonşu ölkənin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatının iş materiallarına əlavə edilməsi haqda olub. Bu vəsatət ötən məhkəmə iclasında qaldırılsa da, müzakirəsi bu dəfəyə saxlanılıb.

Balakən rayon məhkəməsi
Balakən rayon məhkəməsi

“UYDURULMUŞ SSENARİ”

Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər Azərbaycan dilinə tərcümə edilib, notarial qaydada təsdiqlənib. Prokuror bu sənədlərin cinayət işinə aidiyyəti olmadığını bildirərək, işə əlavə olunmasına etiraz edib. Hakim də vəsatəti təmin etməyib.

Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxışlar mərhələsi başlayıb.

Prokuror deyib ki, Ə.Muxtarlıya CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Onun sözlərinə görə, jurnalistin üzərində 10 min avro ilə Balakən ərazisində Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməsi, onu saxlamağa çalışan əsgər Qafur Məmmədovu vurması məhkəmədə zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri ilə təsdiqini tapıb. Prokuror çıxışının sonunda Ə.Muxtarlıya 8 il həbs cəzası verilməsini istəyib.

Buna da bax: Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'

Dövlət ittihamçısından sonra çıxış edən vəkillər Elçin Sadıqov Nemət Kərimli isə əksinə, Ə.Muxtarlı haqqında cinayət işinin də, ona verilən ittihamların da saxta olduğunu bildiriblər. Vəkillər deyib ki, Əfqanın cibində pul sərhədi keçməsi, hərbçilərə müqavimət göstərməsi haqda cinayət işinin materiallarında yazılanlar sadəcə, uydurulmuş ssenaridir. Müdafiəçilər bildirib ki, gerçəkdə belə bir hal olmayıb, çünki Ə.Muxtarlını Tiflisdə yaşadığı evin yaxınlığında mülki geyimlilər oğurlayıb, gətirib Azərbaycandakılara təhvil veriblər.

Vəkil Nemət Kərimli deyir ki, Gürcüstan prezidentinin bəyanatı, qonşu ölkədə cinayət işinin başlanması da Əfqanın oğurlanıb gətirildiyini sübut edir. Müdafiəçi Gürcüstan prezidentinin “bu oğurluq ölkə adına utancverici haldır” bəyanatını yada salıb: “Bu cümlədə açıq şəkildə ifadə olunur ki, Əfqan Muxtarlı oğurlanıb gətirilib”.

Buna da bax: Əfqan Muxtarlı yaxınlarının dəfnində iştirak edə bilmədi

ŞAHİDLƏR

Digər vəkil Elçin Sadıqov Ə.Muxtarlı ilə eyni ərəfədə həbs olunan AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işindəki sənədə diqqət çəkib. Bildirib ki, materiallar arasında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindən alınan sənədlər var və orada Ə.Muxtarlının Tiflisdə izlənməsindən bəhs olunur.

Müdafiəçilər məhkəmənin obyektiv olmamasından, tərəflərin bərabərliyi prinsipinə əməl olunmamasından gileyləniblər. Bildiriblər ki, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb.

Vəkillər məhkəmədə şahid qismində dindirilən hərbçilərin ifadələrinin də sübut kimi qəbul olunmasına etiraz ediblər. Bildiriblər ki, həmin şahidlər dindiriləndə məhkəmə zalının qapısı məqsədli şəkildə açıq saxlanmış, onlar da qapı arxasından bir-birinin ifadələrini eşidib, əvvəl danışılana uyğun ifadə vermişdilər. Qanunun tələbi isə belədir ki, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir. Vəkillərin sözlərinə görə, hərbçi şahidlər öz yoldaşlarının ifadələrini eşitdiklərini dindirmədə də təsdiqlədilər. Bu əsasla hərbçi şahidlərdən yalnız birinin ifadəsi sübutlar siyahısından çıxarılsa da, müdafiəçilər hesab edir ki, bu, hamısına aid edilməliydi.

Buna da bax: Mehman Hüseynov: 'Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?'

Müdafiəçilər deyir ki, işi araşdırmış təhqiqatçının da ittiham tərəfinin şahidləri siyahısına daxil edilib, məhkəmədə dindirilməsi halı ilə praktikada ilk dəfədir qarşılaşırlar.

Ə.Muxtarlının araşdırma yazılarına görə, siyasi sifarişlə həbs olunduğunu vurğulayan vəkillər çıxışlarının sonunda ona bəraət verilməsini istəyiblər.

“BİZİ SUSDURA BİLMƏYƏCƏKSİNİZ”

Ardından Ə.Muxtarlı məhkəmədə son sözünü deyib. Azərbaycan hökumətinin korrupsiya əməlləri, hakim ailənin biznesi, əmlakları haqda araşdırmalarına görə həbs olunduğunu deyən jurnalist də Tiflisdən oğurlanıb Bakıya gətirildiyini, işgəncəyə məruz qaldığını söyləyib. Bütün bunlara baxmayaraq, öldürülmədiyinə görə özünü şanslı sayan Ə.Muxtarlı bundan sonra da susmayacağını bəyan edib: “Mən şanslıyam ki, Gürcüstandan Bakıya gətiriləndə öldürülmədim. İstintaq təcridxanasında da öldürmədilər məni. Uzağı 7 il həbs cəzası verəcəksiniz. Bu da bizi susdurmağa bəs etməyəcək. Bizi həbs etsəniz də, öldürsəniz də bizdən sonrakılar bu mübarizəni davam etdirəcək. Bizim əsas məqsədimiz İlham Əliyevi devirmək deyil, bizim ən ali məqsədimiz insanlara ümid verməkdir”.

Buna da bax: Azərbaycan hakimiyyəti 2 fransalı jurnalisti məhkəmədə uda bilmədi [yenilənib]

Ə.Muxtarlı araşdırmalarından da danışıb. Bildirib ki, Göygölün zəbt olunması, orada prezidentin ailəsinə məxsus villa, Silahlı Qüvvələrdəki yeyintilər, Azərbaycanın hakim ailəsinin Gürcüstana turizm, sənaye sahələrində yatırması haqda araşdırma yazıları onu hədəfə çevirib: “Azərbaycan xalqından oğurladıqları pulları investisiya olaraq, Gürcüstana yatırırlar...”, – Ə.Muxtarlı son sözündə belə deyib.

Bu yerdə hakim Hümbət Səlimov onun çıxışını yarımçıq dayandırıb və ittihamların mahiyyəti haqda danışmağı tələb edib. Jurnalist bildirib ki, elə danışdıqlarının hamısının həbsinə birbaşa aidiyyəti var. Ə.Muxtarlı çıxışının yarımçıq dayandırılmasına da etiraz edib. Bildirib ki, heç kim onun sözünü kəsə bilməz, sona qədər mübarizə aparacaq, sözünü deyəcək: “Siz mənə söz verə, mənim sözümü kəsə bilməzsiniz. Mən sözümü ömrümün axırına qədər deyəcəm”.

Buna da bax: Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'

Ə.Muxtarlının bu fikirlərindən sonra məhkəməni izləməyə gələnlər onu alqışlayıblar. Bu da hakimi əsəbləşdirib və Ə.Muxtarlının son sözünü kəsərək məhkəmə zalını tərk edib. Hökm üçün müşavirəyə gedən hakim məhkəmə nəzarətçilərinə də göstəriş verib ki, jurnalisti alqışlayan şəxslər hökm elan olunanda zala buraxılmasın.

Hökmün saat 14.30-da elan olunacağı bildirilib.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Buna da bax:

Məhkəmə Əfqan Muxtarlının yaxınlarının ölümünü nəzərə almadı
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

XS
SM
MD
LG