Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:19

Avropa İttifaqı Macarıstanı yola gətirdi. Ukraynaya 50 milyard avro yardım ediləcək


Almaniya kansleri Olaf Şolts fevralın 1-də Aİ sammitində Macarıstan baş naziri Orbanla görüşür
Almaniya kansleri Olaf Şolts fevralın 1-də Aİ sammitində Macarıstan baş naziri Orbanla görüşür

Avropa İttifaqının 27 üzvünün hamısı fevralın 1-də Brüsseldə keçirilən sammitdə Ukraynaya əlavə olaraq 50 milyard avroluq yardım paketinin verilməsi üçün razılığa gəliblər.

Bu vəsait Avropa İttifaqının 2027-ci ilədək razılaşdırılmış ümumi büdcəsindən ayrılacaq.

Bu barədə məlumatı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel X platformasında verib.

O bu postda vurğulayıb ki, bu addım Ukraynanın maliyyələşdirilməsinin daha sabit, uzunmüddətli və proqnozlaşdırılan olmasını təmin edəcək:

“Avropa İttifaqı Ukraynaya dəstək məsələsində liderliyi və məsuliyyəti öz üzərinə götürüb. Biz nələri itirə biləcəyimizi bilirik”.

Beləliklə Avropa İttifaqı liderləri Macarıstan tərəfindən bu məsələdə uzun müddət göstərilən inadı sındıra biliblər.

Macarıstanın Kremlə yaxınlığı ilə tanınan baş naziri Viktor Orban Ukraynaya yardımı ötən ilin dekabrından bloklamışdı.

Reuters yazır ki, sözü gedən sammitin ərəfəsində Aİ liderləri və üzvləri vetosundan imtina etməsi üçün Orbana sərt təzyiq göstərirdilər.

Orbana deyilmişdi ki, o kimin tərəfində olması barədə nəhayət seçim etməlidir, çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi Aİ üçün ölüm-dirim məsələsidir.

Orbana güzəşt

Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinin qərarını şərh edərkən deyib ki, Aİ tərəfindən Kiyevə yardımın davam etdirilməsi Ukraynanın uzunmüddətli iqtisadi və maliyyə sabitliyini təmin edəcək.

Zelenskinin sözlərinə görə, bu, “hərbi yardımdan və Rusiya üzərinə sanksiyalardan heç də az əhəmiyyətli məsələ deyil”.

Almaniyanın dpa agentliyi razılaşma sənədinə istinadla bildirir ki, Aİ liderləri Ukrayna üçün vəsaitlərin bölüşdürülməsi üçün hər il debat keçirmək barədə qərar qəbul ediblər.

Bildirilir ki, lazım gələrsə, Aİ iki ildən sonra maliyyələşdirmənin davam etdirilməsinə yenidən baxılması üçün Avropa Komissiyasına müraciət edə bilər.

Hesab olunur ki, bu, Orbanın yola gətirilməsi üçün ona edilən güzəşt olub.

Macarıstan hökumətinin başçısı son vaxtlar demişdi ki, Ukrayanaya yardım üçün 50 milyard avronun Aİ büdcəsinə daxil edilməsinə razı ola bilər.

Lakin o əlavə etmişdi ki, Budapeşt bunun müqabilində Ukraynanın maliyyələşdirilməsinə hər il baxılmasını istəyir. Bu, Macarıstana Ukraynaya yardımı gələcəkdə bloklamaq imkanı verə bilər.

Orban da özünü o yerə qoymayıb

Macarıstana 2010-cu ildən bəri rəhbərlik edən sağ populist baş nazir Orban Aİ tərəfindən Ukrayna üçün yardımı bloklamasına görə sərt tənqid edilirdi.

Orban Macarıstanda insan haqlarının vəziyyətinə görə Brüsselin Budapeşt üçün yardımları dondurmasına qarşı çıxırdı. Bu səbəbdən liderlər Orbanı ittifaqa qarşı “şantajda” ittiham edirdilər.

Amma Orban Facebook-da yerləşdirilmiş videoda bu məsələdə razılığa gəldiyinə görə özünü o yerə qoymayıb və qərarın qəbul olunmasını Macarıstan üçün qələbə adlandırıb. O deyib ki, Ukraynaya yardımların hər il nəzərdən keçirilməsi vəsaitlərdən daha rasional istifadəni təmin edəcək:

"Macarların pulları ukraynalılara verilə bilməz. Biz bu müharibədə iştirak etməyəcəyik. Biz silah göndərməyəcəyik. Biz sülh tərəfində dayanmaqda davam edəcəyik”.

Ukrayna hakimiyyəti artıq bir neçə aydır ki, ölkənin yeni silah və sursat təchizatına kəskin ehtiyacı olduğunu bildirir.

Hazırda Ukrayna ordusunun hücum əməliyyatları yavaşıyıb, Rusiya isə Ukraynanın bombardmanını azaltmaq bilmir.

Şərhçilər deyirlər ki, ABŞ-ın 60 milyard dollarlıq yardımının respublikaçılar tərəfindən bloklandığı bir vaxtda, Avropa İttifaqının bu addımı Ukraynanın vəziyyətini xeyli yaxşılaşdıracaq.

XS
SM
MD
LG