Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:41

Moskva Azərbaycan-Ermənistan sərhədinə dair AŞPA-nın təklifinə münasibət bildirib


Rusiya XİN-in nümayəndəsi bir daha vurğulayıb ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin nizamlanması barədə birmənalı təklifini artıq verib

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri Aleksey Zaytsev sentyabrın 30-da Rusiya XİN-də keçirdiyi brifinq zamanı deyib ki, Moskva sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan tərəflərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə razılıq verməsini mühüm nəticə hesab edir.

Zaytsev Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını xatırladaraq bildirib ki, həmsədrlərin səfərlərindən məqsəd ilk növbədə Azərbaycan və Erməni icmalarının dinc yanaşı yaşaması üçün müsbət meyllərin gücləndirilməsi olmalıdır.

Rəsmi qeyd edib ki, belə bir səfərin tarixi və müddəti barədə həmsədrlərin özləri lazım bilərlərsə, məlumat verəcəklər.

Aleksey Zaytsev bu brifinqdə Azərbaycan-Ermənistan münasibətləri barədə bəyanatları suallara cavab olaraq verib.

Zaytsevə verilən suallardan biri də Bakının erməni hərbi əsirləri hələ də qaytarmaması ilə bağlı idi.

Rusiya rəsmisi bildirib ki, Moskva erməni hərbi əsirlərin minalı ərazilərin xəritələrinə dəyişdirilməsi istiqamətində işi davam etdirir.

“Paket” razılaşmalar

Daha sonra Aleksey Zaytsevə Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” barədə bəyanatlarına və Ermənistanı “təhdid etməsi” iddiasına dair sual verilib.

Aleksey Zaytsev bu suala cavab olaraq deyib:

“Kütləvi informasiya vasitələrinin “qaynar” xəbərlərə və bəyanatlara biganə olmadığını başa düşürük. Bununla belə aydındır ki, müstəsna olaraq qarşıdurma çalarlı süjetlərin qabardılması mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət etmir. Bunun əvəzində qarşılıqlı məqbul çözümlərin axtarışını təmin etmək son dərəcə mühümdür”.

Rəsmi bu mövzunu inkişaf etdirərək deyib:

“Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupu öz fəaliyyətini Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin səviyyəsində davam etdirir. Öz tərəfimizdən Yerevan və Bakının qarşılıqlı məqbul “paket” razılaşmalar əldə olunmasına müsbət münasibətini qeyd edirik”.

“Əvvəlcədən ziddiyyət yaradan sənəd”

Brifinqdə verilən daha bir sual belə idi: “AŞPA-nın qətnaməsinə Ermənistan Respublikası ombudsmanının Ermənistan sərhədləri boyunca hərbsizləşdirilmiş zonanın yaradılması təklifi daxil edilib. Qətnamədə hər iki tərəfə sülhməramlı və ya hərbi monitorinq qüvvələrinin cəlb edilməsi ilə hərbsizləşdirilmiş zonanın yaradılması çağırışı edilir”.

Aleksey Zaytsev suala belə cavab verib:

“Anladığım qədər söhbət Avropa Şurası Parlament Assambleyasının 27 sentyabrda qəbul edilmiş “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı qətnaməsindən gedir. Bu sənədin müzakirəsi zamanı Rusiya nümayəndə heyətinə istər erməni, istərsə də azərbaycanlı həmkarlarımız tərəfindən müraciətlər olurdu. Rusiyanın vasitəçi rolunu nəzərə alaraq bizim AŞPA-dakı nümayəndə heyətimiz müddəaları əvvəlcədən tərəflər arasında ziddiyyətə səbəb olan bu sənəd üzrə səsvermədə iştirak etməyib”.

Moskva təklifini artıq verib

Rusiya XİN-in nümayəndəsi bir daha vurğulayıb ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin nizamlanması barədə birmənalı təklifini artıq verib:

“Biz dəfələrlə vurğulamışıq ki, Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş verən insidentlər probleminin dayanıqlı və uzunmüddətli həlli Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası komissiyasının yaradılması və bütün sərhəd boyunca demarkasiyanın aparılmasıdır. Müvafiq danışıqlar prosesinə başlanmasına dair təkliflər tərtib olunaraq baxılmaq üçün Yerevana və Bakıya verilmişdir. Biz partnyorlarımızdan reaksiya gözləyirik”.

Rusiya XİN-in nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə hazır olmasına dair bəyanatını şərh edərkən deyib:

“Rusiya həmişə bundan çıxış edib ki, xüsusilə də yüksək və ən yüksək səviyyədə müntəzəm dialoq qarşılıqlı anlaşmanın əldə edilməsi və problemli məsələlərin həlli üçün konstruktiv atmosferin yaradılmasına xidmət edir”.

Zaytsev xatırladıb ki, məhz Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv təmasları sayəsində Qarabağda qan töklüməsini dayandıran 9 noyabr üçtərəfli razılaşması əldə olunub.

XS
SM
MD
LG