Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:00

Futbol ulduzu Əli Dayinin İrandan çıxmasına imkan verilməyib


Əli Dayi
Əli Dayi

İran milli yığmasının keçmiş oyunçusu, futbol ulduzu Əli Dayi 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölməsindən sonra başlanmış geniş antihökumət aksiyalarına dəstək bildirdiyinə görə onun ölkədən çıxmasına və beləliklə FIFA-nın keçirdiyi mərasimdə iştirakına imkan verilməyib.

İranın yarımrəsmi ISNA xəbər agentliyinin məlumatına görə o fevralın 27-də İsveçrədə keçiriləcək “Ən yaxşı FIFA Futbol Mükafatları” mərasiminə dəvət olunmuşdu.

53 yaşlı, Ərdəbil doğumlu İran azərbaycanlısı Dayi Almaniyanın Bayern Münhen klubunun hücumçusu olub və onun beynəlxalq səviyyədə vurduğu 109 qol rekordunu yalnız Kristiano Ronaldo təzələyə bilib.

İranın ən məşhur futbolçularından biri olmuş Əli Dayi 2000-ci illərin ortalarından məşqçilik fəaliyyəti ilə məşğul olub.

Dayi bundan əvvəl bildirmişdi ki, etirazlara dəstək verdiyinə görə onu polisə dəvət etmiş və orada pasportunu əlindən almışlar.

Ötən dekabrda futbolçu bildirmişdi ki, Tehrandan Dubaya uçan təyyarənin kursu dəyişdirilib və onun ailəsi təyyarədən düşürülüb.

Başqa futbolçular

İranın başqa bir peşəkar futbolçusu – Əmir Nəsr-Azadani “Allaha qarşı müharibə” ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu maddə ilə adətən hakimiyyətə qarşı çıxanlara iş açılır. Nəsr-Azadani potensial olaraq edam hökmü ilə üzləşə bilərdi.

Bayern Münhen klubunun başqa bir keçmiş futbolçusu, İran millisinin keçmiş kapitanı Əli Kərimi də etirazçılara dəstək verdiyinə görə hakimiyyət tərəfindən hədəflənib.

O bütün ölkəni bürüyən etirazlara özünün sosial media səhifələrindəki postları ilə dəstək verib. Kəriminin Instagramda 15 milyon izləyicisi var.

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi məşhurların etirazlara dəstəyini tənqid etmiş, onlara qarşı hüquqi müstəvidə “tədbir” görülməsinə çağırmışdı.

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG