ABŞ Ali Məhkəməsi mayın 20-də xüsusi prokuror Robert Mueller-in Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair araşdırmasına daxil məxfi böyük jürinin topladığı ifadələrin açıqlanmasına müvəqqəti qadağan qoyub.
Bu sənədlərin açıqlanmasını aylardır ki, Nümayəndələr Palatasının komitəsi tələb edirdi.
Bu hökm 22 ay davam edən təhqiqatın məxfi detallarının Konqresin Ədliyyə Komitəsindəki demokratların əlinə keçməsinin qarşısını alıb.
Beləliklə, Ali Məhkəmə sənədlərin millət vəkillərinə açıqlanmasına dair federal apellyasiya məhkəmələrinin hökmlərinin icrasını da müvəqqəti dondurub.
Ali Məhkəmənin hökmündə deyilir ki, sənədləri gizli saxlayan Ədliyyə Nazirliyinin maraqları Konqres komitəsinin tələbindən üstün tutulmalıdır.
Ali Məhkəmənin “vaxt taktikası”
Ali Məhkəmə bu qərardan apellyasiya verməsi üçün ABŞ administrasiysına iyunun 1-dək vaxt tanıyıb.
Əgər hakimlər bu işə baxmaq istəsələr belə, bu proses noyabrın 3-də keçiriləcək ABŞ seçkisinədək başa çatmayacaq.
Bu seçkidə Donald Trump yenidən prezident seçilmək istəyir.
Komitə israr edir ki, Trump-ın hərəkətlərinə dair öz qərarının çıxarılması üçün sözü gedən məxfi materiallara çıxışı olmalıdır.
Mueller-in 2019-cu ilin aprelində açıqlanmış hesabatında Trump-ın hərəkətləri tam və aydın hüquqi qiymətini almayıb.
Hesabatda Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında əlaqələrdən söz açılsa da, deyilir ki, kampaniya ilə Kreml arasında “cinayətkar sövdələşməni” sübuta yetirmək üçün kifayət qədər dəlil yoxdur.
Qara rəng altındakı sirlər
Hesabatın açıqlanmasına baxmayaraq, bu sənəddə böyük jürinin ifadələrinə və materiallarına aid hissələr qara boya ilə rənglənib.
Robert Mueller bildirmişdi ki, bu sənədlərin açıqlanması davam edən təhqiqatların gedişinə mane ola və üçüncü tərəflərin hüquqlarını poza bilər.
Bəzi demokratlar iddia edirlər ki, hesabatın qaralanan hissəsində Trump-a ziyanlı olacaq informasiyalar gizlədilir.
Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciətində deyilir ki, Konqresin Nümayəndələr Palatası bu məxfi sənədləri niyə təcili qaydada tələb etdiyini izah etməyib və buna görə də materiallar açıqlanmamalıdır.
Konqres komitəsi məsələnin belə qoyuluşuna etiraz edir və bildirir ki, Trump-a dair təhqiqat davam etdirilir və sənədlərin noyabr seçkisinədək açıqlanması kritik əhəmiyyət daşıyır.
Demokratların fikrincə, Trump-ın və Ədliyyə Nazirliyinin qanunsuz hərəkətləri indi də davam edir.