Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 15:17

Almaniya Azərbaycan və Ermənistan arasında vasitəçilikdən danışır


Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmağa hazırdır.

AZƏRTAC-ın xəbərinə görə, bunu noyabrın 4-də Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok bu ölkədən olan həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

Demarkasiyanın çətin və uzun proses olduğunu diqqətə çatdıran nazir normallaşma prosesində Avropa formatının əhəmiyyətini qeyd edib.

Ceyhun Bayramovun isə deməsinə görə, Azərbaycan hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının, sülhün alternativi yoxdur.

Almaniyanın xarici işlər naziri daha əvvəl isə Azərbaycan Prezidenti ilə də görüşüb.

Almaniyanın xarici işlər naziri orada da ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir.

Vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüş

Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrın 4-də Azərbaycana səfəri çərçivəsində vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Onun sözlərinə görə, görüşdə ölkədə insan hüquqlarının mövcud vəziyyəti, Almaniyadan qaytarıldıqdan sonra həbs olunan bəzi şəxslərin işi, eləcə də Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Son illər Almaniyadan Azərbaycana radmissiya edilən şəxslərdən bir neçəsi narkotik və başqa ittihamlarla həbs edilib. Onların yaxınları həmin şəxslərin həbsini mühacirətdə olarkən Azərbaycanla bağlı keçirilən etiraz aksiyalarında fəallıqları ilə izah edib. Yaxınları onların həbs zamanı işgəncəylə də üzləşdiyini açıqlayıblar.Lakin rəsmi qurumlar bu iddiaları qəbul etməyiblər.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qəbul edilməsidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG