Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:58

Almaniya ordusu Azərbaycana ‘uduzardı’ – Qərb mediası


Bakıda 10 dekabr paradında nümayiş olunan dron
Bakıda 10 dekabr paradında nümayiş olunan dron

Avropada Fransadan sonra ikinci yerdə olan Bundeswehr (Almaniya ordusu) adətən dəstək, təlim və sülhməramlı rolunda çıxış edir

Almaniya dron hücumuna qarşı zəif hazırlıqlıdır və “Azərbaycanla müharibəni uduzardı”. Bunu “The Times” qəzetində Oliver Mudi bir strategiya ekspertinə istinadla yazır.

Böyük, amma ləng döyüş qrupları

Söhbət Azərbaycan kimi daha kiçik, amma çevik qüvvəsi olan ölkəylə ilə hipotetik münaqişədən gedir. Həmin zabit xəbərdarlıq edir ki, Almaniyanın döyüş qrupları böyük, amma ləngdir, yöndəmsiz və köhnəlmiş elektron döyüş avadanlığı ilə təchiz olunub, düşmən dronları üçün asan hədəflərə çevrilər.

Azərbaycan ötən payız 6 həftəlik müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf yeddi rayonu Ermənistanın işğalından azad edib. 10 noyabr atəşkəs razılaşması ilə Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Müharibədə Azərbaycan dronlarının qarşı tərəfin 200-dən çox zirehli texnikasını və artilleriya sistemini sıradan çıxardığı bildirilir.

Antidron silahları alınmalıdır

Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı polkovnik leytenant Maykl Karlın sözlərinə görə, Almaniya da müharibədə Ermənistandan yaxşı nəticə göstərməzdi. O, Almaniya əsgərlərinin dronlara qarşı müdafiəsiz durumda qalacağını qeyd edib.

Karl Almaniyanın daha bahalı elektron müdafiə sistemlərinə, eləcə də antidron silahlarına ehtiyacı olduğunu vurğulayıb. “Bizim bölmələr müasir döyüş zonası üçün çox yöndəmsizdir”, – o deyib.

Avropada Fransadan sonra ikinci yerdə olan Bundeswehr (Almaniya ordusu) adətən dəstək, təlim və sülhməramlı rolunda çıxış edir.

İndiyədək Türkiyə istehsalı olan ucuz və silahlı dronların döyüş zonalarını və geosiyasəti dəyişdirdiyi Qərbin bir sıra media orqanları tərəfindən qeyd olunub. Müharibələri bahalı avadanlıqlarla yanaşı, ucuz və effektiv döyüş vasitələri ilə də aparmağın mümkünlüyü vurğulanıb.

XS
SM
MD
LG