Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədli ilə bağlı cinayət işi üzrə daha bir nəfər məsuliyyətə cəlb edilib. İctimai fəal Anar Abdulla bu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
AzadlıqRadiosunun bilgisinə görə, A.Abdullaya Cinayət Məcəlləsinin 7 (qanunsuz sahibkarlıq, vergidən yayınma, qaçaqmalçılıq, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması və s.) maddəsi ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Abdulla haqqında məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Fevralın 28-də başqa bir ictimai fəal Elgiz Qəhrəman da meclis.info saytının həbsdə olan rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona 8 maddə ilə ittiham verilib və istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
İctimai fəal A.Abdulla 2016-cı ildə də həbs edilmişdi. O zaman ona polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 10 sutka cəza verilsə də, gənc fəal bu ittihamın saxta olduğunu demişdi.
E.Qəhrəmansa 2016-cı ildə narkotik ittihamı ilə həbs olunmuş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay cəza verilmişdi. Sonradan Ali Məhkəmə cəza müddətini 3 ilə endirmişdi. Özünü təqsirli bilməyən ictimai fəal o zaman "Facebook" hesabında yazdığı statusa görə şərlənərək həbs olunduğunu söyləmişdi.
Parlamentin və deputatların fəaliyyətini araşdıran meclis.info saytının rəhbəri İ.Əliyev ötən il aprelin 18-dən həbsdədir. Öncə o, A.Məmmədli ilə eyni cinayət işi üzrə təqsirləndirilən şəxs idi. A.Məmmədli ondan 10 gün sonra həbs olunub. Ancaq bir müddət öncə A.Məmmədlinin işi İ.Əliyev haqqında cinayət işindən ayrılıb.
Onların heç biri özünü təqsirli bilmir, ölkədə insan haqlarının müdafiəsi, seçki saxtakarlıqlarının üzə çıxarılması, parlamentin fəaliyyəti ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını deyirlər.
Xatırlatma
Son 16 ayda aralarında "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" əməkdaşları da olmaqla, Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.