Aprelin 13-də saat təqribən 12 radələrində bir qrup ictimai fəal 162 saylı məktəbin önündə, həmin təhsil müəssisəsinin intihar etdiyi bildirilən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı anım mərasimi keçiriblər.
Mərasimə gələn ictimai fəallar məktəbin darvzası önünə gül dəstəsi qoyublar, şamlar yandırıblar.
Anım mərasiminə qatılanlar bildiriblər ki, E.Hacıyeva laqeyd münasibətin qurbanı olub. Onların fikrincə, bundan sonra müəllimlər, valideynlər və bütünlükdə cəmiyət uşaqlara münasibətlərinə yenidən baxmalıdrlar. Elina Hacıyevanın həmyaşıdı olan bir məktəbli qız isə deyib ki, bu hadisədən sonra Təhsil Nazirliyinin şagird-müəllim münasibələrinə yenidən baxacağını gözləyirdi. “Yanaşama bu oldu ki, məktəblərdə yuxarı mərtəbələrdə pəncərələri bağlayırlar. Nazirliyin yeni yanaşması bu qədər imiş...”, deyə o vurğulayıb.
Bir qədər sonra polis və onların arasında olan mülki geyimli şəxslər mərasim iştirakçılarından xahış ediblər ki, çıxıb getsinlər.
Anım mərasmin iştirakçıları isə bildiriblər ki, aksiya keçirmirlər, Elina Hacıyevanı anırlar. Polis və mülkü geyimlilər onlara insanların hərəkətinə mane olduqlarını bildiriblər. Bundan sonra mərasiminin iştirakçıları məktəbin qarşısındakı küçənin səkisinə çəkiliblər. Polis onların orada da dayanmasına imkan verməyib. Məktəblilərdən, ora toplaşan ictimai fəal və jurnalistdən çıxıb getmələri, insanların hərəkətinə mane olmamaları istənilib. Polislər deyib ki, əgər tədbir razılaşdırılmayıbsa buna imkan verilməyəcək. Mərasim iştirakçıları isə deyiblər ki, heç kimin hərəkətinə mane olmurlar.
Bundan sonra da, polis və xüsusilə də onların arasında olan bəzi mülkü geyimli şəxslər mərasim iştirakçılarını itələməklə oradan uzaqlaşdırıblar. Məktəblilər, fəallar və jurnalistlər həmin mülkü şəxslərin kimliyi ilə maraqlanıblar. Onlar və eləcə də polis əməkdaşları bununla bağlı sualları cavablandırmayıblar.
Hətta mərasim iştirakçılarından bəzilər onlara mülkü geyimli şəxslərin hücum etdiyini də bildiriblər.
Baş verənlərə, orada deyilənlərə hələlik, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi-ndən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın ötən həftə ( aprelin 4-də) özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.
Artıq, Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyeva-nın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayeva-nın işdən çıxarıldığı açıqlanıb.
İddialara görə, intihara cəhd edən qız vaxtında xəstəxanaya çatdırılmayıb.
Təhsil Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətinin aprelin 12-də yaydığı məlumatda bildirilir ki, hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi, müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, ona xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması araşdırlır. “Onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir”, birgə açıqlamada yazılıb.