-
«ANS hər zaman hakimiyyətin bir qolu ilə konfliktdə olub. Lisenziyasının geri alınması da bununla bağlıdır».
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ANS televiziyasının məhkəmə yolu ilə bağlanmasını belə şərh edir. O xatırladır ki, 2006-cı ildə də ANS-in qapısı möhürləndi:
«Az qalmışdı ki, bağlansın. Biz son vaxtlar Milli Teleradio Şurasının ANS-ə qarşı mütəmadi qərarlar çıxarmasının şahidi oluruq. Ancaq Şuranın ANS-lə bağlı mövqeyini başqa kanallara görmürük, halbuki digər telekanallarda kifayət qədər qanun pozuntusu var».
M.Əliyev hesab edir ki, ANS-in bağlanması hakimiyyətdəki bir qrupun istəyidir və buna nail olundu. Onun fikrincə, Türkiyə olayları, Fethullah Gülen məsələsi bəhanə kimi ortalığa atılıb:
«2006-cı ildə məhkəmə qərarı yox idi, bu dəfə isə məhkəmə yolu ilə lisenziyasını geri aldılar. Açılacağını güman etmirəm».
Buna da bax - ANS-in lisenziyası ləğv edildi
«BU, GÖRÜNTÜ İDİ»
ANS prezidentə, ailəsinə hər zaman loyal münasibət göstərib, hətta bir neçə dəfə ölkə başçısı İlham Əliyevi «İlin adamı» elan edib.
«ANS bu görüntünü yaradıb, sanki ölkə rəhbərliyinin telekanala münasibəti yaxşıdır fikrini formalaşdırmağa çalışıb. Əslində isə, hakimiyyət ANS-in mövcudluğunu istəmirdi», - M.Əliyev deyir.
Müsahibimiz bunu onunla izah edir ki, ANS tənqidi televiziya olmasa da, jurnalistika prinsiplərini digər televiziyalarla müqayisədə daha çox qorumağa çalışırdı:
«Hakimiyyət isə azacıq müstəqilliyi belə qəbul etmir - ya mən istəyən kimi işləyəcəksən, ya da bağlanacaqsan».
İyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlandığı əsas gətirilərək telekanal bağlanıb.
İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü ilin oktyabrında verilmiş lisenziyanı ləğv edib.
Qulu Məhərrəmli: “ANS bir rəngdir, tərzdir”
“Kütləvi İnformasiya Vasitəsini bağlamaq olmaz, ANS müstəqil media tarixində bir rəngdir, bir mövqedir, bir tərzdir”.
Jurnalist və teletənqidçi Qulu Məhərrəmli belə düşünür. O, iyulun 29-da ANS-in lisenziyasının geri alınması ilə bağlı məhkəmə qərarından təəssüfləndiyini deyir.
Teletənqidçi əlavə edir ki, ANS dəfələrlə belə situasiya ilə üzləşib, “hər dəfə də sonda dövlət başçısı məsələyə müdaxilə edib, onun fəaliyyətinin bərpası ilə bağlı qərar verib” deyən Qulu Məhərrəmli arzulayır ki, bu dəfə də ölkə başçısı məsələyə müdaxilə etsin.
Qulu Məhərrəmli deyir ki, Azərbaycan jurnalistlərinin fəaliyyət göstərdiyi mühit onları səhv etməkdən qorumur:
“Qəzetlər də, radiolar da, televiziyalar da səhv edir. Ancaq miqyas etibarilə ANS hər zaman irəlidə olan, Azərbaycan dövlətçiliyindən ötrü çalışan bir televiziya olub. İndi səhvlər hər zaman ola bilər, ancaq səhvin də böyüyü, kiçiyi olar. Hesab edirəm ki, ANS-in lisenziyası alınmamalıydı”.
“Gedim dədəmə ürək-dirək verim”
ANS-in lisenziyasının alınması sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. Ancaq çoxluq televiziyanın yürütdüyü siyasi xətti tənqid etsə də, ilk müstəqil telekanalın bağlanmasını düzgün saymır.
Könül Bilalova adlı “Facebook” istifadəçisi yazır ki, ANS-lə bağlı qərar çox üzücüdür: “Kanalin indiki halına görə yox, keçmişinə, tarixinə, elədiklərinə və əslində potensialına görə, ordakı jurnalist ordusuna görə”.
Lalə Zeynallı hesab edir ki, prezident müdaxilə etsə, “bu iş müsbət həllini tapacaq”
Röya Rəfiyeva adlı “Facebook” istifadəçisi yazır: “Əslində biz ANS-i çoxdan- 2003-dəki "quduzlar" ifadəsi ilə itirmişdik. İndi də bağlanmasa, referendum qabağı Mirşahinin istedadlı və müdafiə dolu söz oynatmaları ilə əsəblərimiz oynayacaqdı...Bu işdə bir xeyir də var yəni...”
Şəhla Əliquliyevadan belə bir status gəlib: “Vsyo? Daha ANS olmayacaq? Gedim dədəmə ürək-dirək verim...”
Ələsgər Məmmədli: “Əgər Türkiyədə əksi sübut olunsa, onda nə olacaq?”
“ANS-in məhkəmə yolu ilə qapadılması müstəqil media tarixində ilk hadisədir”.
Bunu media üzrə ekspert Ələsgər Məmmədli AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, ANS-ə qarşı irəli sürülən ittiham kifayət qədər ciddidir və başqa ölkədən qaynaqlanır:
“Türkiyədə belə bu məsələ ilə bağlı hələ müzakirə gedərkən Azərbaycan məhkəməsinin dərhal belə bir qərar verməsi hüquqi aspektdən müzakirə mövzusudur. İndi Türkiyədə məhkəmədə bunun əksi sübut olunsa, o zaman nə olacaq?”.
Ələsgər Məmmədli deyir ki, ANS üç gündə qərardan şikayət versin. Onun sözlərinə görə, iyulun 29-da Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar məsələnin mahiyyətinə hüquqi baxımdan düzgün yanaşma deyil:
“Çünki ANS efirindən birbaşa hər hansı çağırış verməyib, ya da Gülənlə müsahibəni yayımlamayıb. Sadəcə, ANS öz funksiyasını, yəni xəbər işini yerinə yetirib. Xəbər işi isə müxtəlif növlərə əsaslanır, burda müxtəlif baxışlar əksini tapa bilər”.
Ələsgər Məmmədli qeyd edir ki, ANS-i fikir müzakirəsinə görə bağlamaq ağır qərardır və bu, məhkəmə müstəqilliyini şübhə altında tutan amillərdən biridir.