«Eldə məsəl var: qonşuya ümid olan şamsız qalar. Biz də hökumətin qaz verəcəyinə inanıb yayda odun tədarükü etmədik. İndi soyuqda qalmışıq, uşaqların hamısı xəstədir».
Bunu İmişli rayonu Aranlı kəndindən olan Namiq Paşayev deyir. Onun sözlərinə görə, qaz xəttinin çəkilişi qış mövsümü başlananadək tamamlanıb:
«Məşəl yandırıb əl çaldılar ki, qaz gəldi!»
«Qazın bir saatlıq sınaq verilişi də oldu. Dedilər, hər şey qaydasındadır, heç bir problem yoxdur. Hətta təntənəli açılış da oldu. Rayonun bütün rəhbər işçiləri, «Azəriqaz»ın nümayəndələri tökülüb gəldilər kəndə. Özləri ilə köhnə, paslı balon gətirmişdilər. Onunla məşəl yandırıb əl çalındı ki, bəs kəndə qaz gəldi. Bunu televiziyada da verdilər. Amma qaz hələ də kəndə gəlib çıxmayıb».
N.Paşayev gileylənir ki, sərt soyuqlar düşəndən bəri mənzillərin qızdırılmasında problem yaşanır: «Evlər soyuq olduğundan uşaqların hamısı xəstədir. Həyətlərimizdə, bağlarımızda ağac qalmayıb, hamısını kəsib yandırmışıq. Elə adam var ki, yalnız elektrik qızdırıcılarından istifadə edir. Bir aya 100 manatdan çox işıqpulu ödəyənlər var».
O, kəndlərinə qazın verilməməyinin səbəbini bilmədiklərini də söyləyir: «Eyni problem qonşu kənddə də yaşanırdı. Onlarda da çoxdan idi açılış olmuşdu. Adamlar etiraz aksiyası keçirmək istəyən kimi dərhal qazı buraxdılar. Halbuki, o kəndə ana boru xətti bizdən keçir. Hər dəfə biz yerli icra hakimiyyətinə müraciət edəndə bir həftə gözləməyimizi istəyirlər. Həftələr bir-birini əvəz edir, ortada bir şey yoxdur...».
Yerli icra hakimiyyəti: «Bir az da gözləsinlər»
AZƏRTAC-ın məlumatına görə, 817 evdən ibarət olan Aranlı kəndinin qazlaşdırılmasından ötrü birpilləli sistem əsasında 52 min 937 metr polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Üstəlik, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Səfa Ağayev da Aranlı kəndinə qaz xəttinin çəkilişinin başa çatdırıldığını, lakin təhlükəsizlik tədbirlərinə görə hələ də mavi yanacağın verilməsinin mümkün olmadığını deyir: «Aranlı İmişlinin ən böyük, həm də ucqar kəndlərindən biridir. Həmin kəndə qaz verilişi üçün həm ana boru, həm də paylayıcı xətlər çəkilib. Amma kəndin bəzi massivlərində quraşdırma işləri, təhlükəsizlik tədbirləri başa çatdırılmayıb. İcra başçımız bu işin sürətləndirilməsi üçün Salyandakı regional idarəyə də müraciət edib. Oradan mütəxəssis gəlməlidir. Demək istəyirəm ki, biz özümüzdən asılı olan işləri görürük. Amma bu, qazdır, su deyil ki, açıb buraxasan. Buna görə sakinlər səbir edib bir az da gözləsinlər».
İcra hakimiyyətindən o da bildirilir ki, rayonun 49 yaşayış məntəqəsindən 36-da qazlaşdırma işi başa çatdırılıb, qalan 13 kəndə qaz verilməsi isə cari ildə nəzərdə tutulub.
Vaxtaşırı AzadlıqRadiosuna müraciət edən İmişli sakinləri qaz verilməsində tez-tez fasilələrin yarandığını, üstəlik, onun təzyiqinin aşağı olmasından da şikayətlənirlər. Ancaq bu şikayətlərə, hələlik, rəsmilərdən münasibət almaq mümkün olmayıb.