Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:58

Astara sakini: ‘Elə yerlər var ki, dənizə yol tapa bilmirsən’


Hasarlanmış dəniz sahili
Hasarlanmış dəniz sahili

Sərhədlərin bağlı olması Xəzər dənizinin sahilində yerləşən Astara rayonuna qonaq gələnlərin sayını artırıb. Artıq 4 ildən çoxdur (2020-ci ilin martından) koronavirus pandemiyası səbəbi ilə Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Ötən il mayın 5-də Dünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını açıqlasa da bu məhdudiyyətlər qalır.

Astara rayonunda Xəzərin sahil xətti boyunca uzanan yol İrana gedir. Yolun bir tərəfində yaşayış evləri, mehmanxanalar, yaşayış evləri inşa edilib. Digər tərəfdə də istirahət yerləri fəaliyyət göstərir.

Çimərlik
Çimərlik

Dənizə gedən yollarda dəmir qapılar qoyulub

Dənizə gedən yollarda dəmir qapılar qoyulub. Qapının önündə duran, amma özünü təqdim etməyən gözətçi bildirdi ki, giriş böyüklərə 20, uşaqlar üçün isə 10 manatdır. Sahilin yalnız az bir sahəsində rəsmi çimərlik fəaliyyət göstərir. Adının çəkilməsini istəməyən bir qonaq qonşu Cəlilabad rayonundan gəldiyini deyir:

“Yaxınlaşıb dayanacağa görə, 2 manat istədilər. Dedilər bura rəsmi çimərlikdir. Yaxşı ki, çimərliyə görə pul almırlar. Yeməyimizi özümüzlə gətirmişik.”

Bir başqası deyir ki, ailəsi ilə Qazax rayonundan gəlib:

“Bura hər il gələnlər deyirlər ki, ötən ilə nisbətən bu il bahaçılıqdır”

“Üç günlüyə gəlmişik. Azyaşlı oğluma dəniz havası məsləhət görüblər. Bir çaynik çayı 5 manata verən də var, 10 manata da. Astara şəhərin mərkəzində isə bir çaynik çayı 1 manata da verirlər. Qalmaq üçün yeri çətinliklə tapdıq. Günə yüz manat ödəyəcəyik. Bura hər il gələnlər deyirlər ki, ötən ilə nisbətən bu il bahaçılıqdır.10 gün qalmağa imkanım yoxdur.”

Rəsmi çimərliyin girişi
Rəsmi çimərliyin girişi

Astara şəhər sakini Asən Həşimli isə deyir ki, bu il yağış adamlara istirahət etməyə bir elə də imkan verməyib:

“Astara şəhərin əhalisi 20 minə yaxındır. Yayda bir o qədər də adam istirahətə gəlir. Əvvəlki illərdə buraya xarici ölkə vətəndaşları çox gələrdi. Bir-iki gündür ki, havalar yaxşı keçir. İstirahətə gələnlərin sayı artır.”

Onun sözlərinə görə, ən böyük problem sahilin hasarlanmasıdır:

“Pis odur ki, hər il sahilin hasarlanması davam edir. Elə yerlər var ki, dənizə yol tapa bilmirsən. Bununla bağlı dəfələrlə yuxarı orqanlara müraciət olunub. Yaxşı ki, rəsmi çimərlik fəaliyyət göstərir. Nə qədər davam gətirəcək, onu demək çətindir. Xidmətlər bahadır, kasıba əl vermir.”

Ərazidə fəaliyyət göstərən qurumların (o cümlədən avtomobillərin dayandığı ərazidə) təmsilçiləri mətbuata açıq danışmaqdan imtina edirlər. Onlara ünvanlanan suallar cavabsız qalır. Dayanacağın da kimə məxsusluğunu aydınlaşdırmaq mümkün olmur.

Avtomobil "dayanacağı"
Avtomobil "dayanacağı"

Rəsmilər deyirlər ki...

Astara rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinovun isə deməsinə görə, dəniz sahilində reyd keçirilib:

“Dəniz sahili ilə bağlı problemlər çoxdur. İstirahət zonalarında xidmət yüksək olmalıdır. Astaranın sərvəti Xəzər dənizidir. Qonaqlar gəlir. Bu bizi sevindirir. Problemlər də var. Reyd keçirtmişik, xəbərdarlıq etmişik.”

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov isə şəhər ərazisində olan yeganə rəsmi çimərliyin bir hissəsinin 15 il bundan əvvəl özəlləşdirildiyini bildirir:

“Orada tikinti işi aparmaq istəyirdilər, qoymadıq. Amma bu adamın əlində sənəd var. Yola tərəf dayanacaq düzəldib. Şübhəsiz ki, qanunsuzdur.”

Rayon İcra Hakimiyyətindən amma konkret hansısa qurumun adını çəkmədilər.

XS
SM
MD
LG