Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:02

Avropa Birliyi peyvəndi niyə baha alır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Blokun peyvənd üçün razılaşdığı son qiymət Birləşmiş Ştatların iyulda son sifarişə görə ödədiyindən də çoxdur.

Avropa Birliyi (AB) COVID-19-a qarşı vaksinlərin yeni sifarişləri üçün əlavə ödəniş etməyə razılaşıb, çünki blok daha sərt şərtlərə əməl olunmasını tələb edir. Məlumatı “Reuters”ə Avropa rəsmiləri verib.

Blokun peyvənd üçün razılaşdığı son qiymət Birləşmiş Ştatların iyulda son sifarişə görə ödədiyindən də çoxdur.

“Bunun izahı yoxdur”

“The Financial Times” bazar günü yazıb ki, AB Pfizer (PFE.N) və BioNTech (22UAy.DE) vaksinlərinin hər dozası üçün 19.5 avro ($23.1) ödəməyə razılaşıb. Mayda 1.8 milyard dozayla bağlı kontrakt imzalanmışdı. Daha öncəki 600 milyon dozalıq iki təchizat kontraktında isə bir doza 15.5 avroya satılıb.

Moderna (MRNA.O) vaksinlərinin dozasının qiyməti isə 25.5 dollara qalxıb. 300 milyon doza üçün bu qiymət ödənəcək. 160 milyon doza üzrə ilkin razılaşmada bir doza 22.6 dollardan nəzərdə tutulmuşdu.

İtaliyanın hakim partiyasından AB-nin deputatı Tiziana Begin deyib ki, bloku çapıb talayırlar. “Bunun izahı yoxdur”, – o, sözlərinə əlavə edib.

Agentlik yazır ki, Moderna vaksininin qiyməti şirkətin ötən il açıqladığı $25-$37 civarının aşağı həddindədir. Pfizer və BioNTech isə daha böyük həcmli razılaşmalar üçün qiymətin salınacağını bildirmişdi.

Bəzilərinin fikrincə, daha çox ödəməyə əsas var, şərtlər ötən il peyvənd istehsalçıları ilə ilkin sövdələşmələr əldə olunandan çox dəyişib.

Effekt qiyməti artırır

Vaksin şirkətləri ilə danışıqlardan agah bir Avropa rəsmisinin deməsinə görə, vaksinlərin effektinə dəlil artdığından, onların iqtisadiyyatın bərpasına müsbət təsirindən dolayı qiymət artır.

Avropada istifadə olunan vaksinlərin hamısının müsbət təsiri sübut olunub. AstraZeneca (AZN.L) və Johnson & Johnson vaksinlərinin istifadəsinə məhdudiyyətlər qoyulub, çünki nadir qan laxtalanmasına səbəb olmaları ilə bağlı narahatlıq var.

Agentlik yazır ki, Pfizer/BioNTech və Moderna-nın bazardakı mövqeyi gücləndiyindən AB-nin əlavə sifarişləri vaksinlərin hazırlanması və çatdırılmasının qiymətini artıra bilər.

Pfizer-in sözçüsü Avropada qiymətləri şərh etməyib, amma onu da əlavə edib ki, AB ilə son kontrakt əvvəlkilərdən fərqlidir, istehsal və çatdırılma məsələləri də bu sıraya daxildir.

Moderna da şərh verməyib.

Avropa Komissiyası konfidensiallıq məsələlərini əsas gətirərək şərh verməkdən imtina edib.

“Tənqid etmək asandır”

İlin əvvəlində deputatlar, media və bəzi təhlilçilər bloku COVID-19 vaksinlərinin ilkin partiyaları üçün az ödəniş etdiyinə görə tənqid edirdi, vaksinasiyada ilkin dövrdə yubanmaya səbəb olduğunu deyib.

“AB-ni gec və az, yaxud çox ödədiyinə görə tənqid etmək asandır”, – ABŞ-ın tədqiqat qrupu olan Brukinqs İnstitutunun qeyri-rezident əməkdaşı Ciovanna De Mayo deyib.

“Reallıq daha mürəkkəbdir və delta ştammının yayılma sürətini nəzərə alsaq, vaksinlərə çıxışa üstünlük vermək daha korrekt olardı, nəinki onların qiymətinə”, – o, sözlərinə əlavə edib.

İyulun 23-də Vaşinqton 200 milyon Pfizer vaksininin hər dozası üçün 24 dollar (20.1 avro) ödəyib. ABŞ ilkin 300 milyonluq partiyanın dozasını 19.5 dollardan almışdı.

Pfizer ABŞ-a vaksinin daha baha satılmasını istehsal, qablaşdırma və digər məsələlərə investisiyanın gərəkməsi ilə izah edib.

Şərtlər

“Reuters” yazır ki, AB mayda Pfizer ilə üçüncü sövdələşməni razılaşdıranda vaksinlərin blokda hazırlanmasını, əsas komponentlərin də regiondan təchiz olunmasını şərt qoyub.

İlkin kontraktlarda isə yalnız vaksinlərin blok ərazisində hazırlanması tələb olunurdu, onların komponentlərinin deyil. Bu, təchizata zəmanət deməkdir, amma eyni zamanda xərclərin də artması gözlənir.

Pfizer indiyədək AB qarşısında öhdəliklərinə əməl edib, ilin birinci rübü üçün ilkin planlaşdırılandan daha artıq vaksin çatdırıb.

XS
SM
MD
LG