Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:23

Milçək, cırcırama yemək söhbətinin Bolqarıstanda yaratdığı dezinformasiya


Arxiv fotosu
Arxiv fotosu

Bolqarıstanlı siyasətçi və sosial media inflüenseri Georgi Georgiev Gotti xalqı xilas etmək istədiyini deyir. O bu yaxınlarda “Facebook”da Avropa Komissiyasının xalqı “xərçəngə yoluxdurmaq” istədiyi haqda post paylaşıb.

Avropa İttifaqı (Aİ) rəsmiləri toz halına salınmış həşəratların müəyyən qidalara əlavə edilməsinə icazə verəcək. Gotti deyir ki, bu qidaların kombinasiyası kanserogen maddələr yaradır.

Gottinin iddiası hər hansı elmi araşdırmaya əsaslanmasa da, onun “Facebook” postu min dəfədən artıq paylaşılaraq sürətlə yayıldı və yüzlərlə adam ona reaksiya verdi. Reaksiyaların çoxu qəzəbli idi.

Dezinformasiya yayıldıqca şayiələr də şəkil dəyişir, bəzi sosial media istifadəçiləri Aİ-nin insanları həşərat yeməyə məcbur etmək niyyətində olduğu barədə postlar paylaşırdı. Onlar iddia edirdilər ki, həşərat tozu çörək də daxil olmaqla bir çox qidalara əlavə ediləcək, ancaq bu heç bir etiket olmadan, gizli ediləcək.

Dezinformasiya kampaniyası

Bu şayiələrin Kremlin dirijorluğu ilə aparılan kampaniyanın bir hissəsi olduğunu sübut etmək çətin olsa da, bu məsələ ilə bağlı sosial media postlarının rusiyalı TV aparıcısı Dmitri Kiselyovun yanvarın sonlarında öz proqramında bu haqda danışmasından sonra çoxaldığını demək mümkündür. Rusiya müntəzəm olaraq Aİ institutlarına etimadsızlıq və şübhə toxumu səpmək üçün Avropada dezinformasiya yayır.

Sofiya Universitetinin sosiologiya professoru Milena Yakimova eyni zamanda Rusiyanın Bolqarıstanda apardığı təbliğat fəaliyyətini monitorinq edir. O deyir ki, Bolqarıstanda aparılan bu son dezinformasiya kampaniyası qismən "bizə Avropanın yad olduğunu göstərmək” məqsədi daşıyır.

Hazırkı kampaniyanın əsasən Rusiyaya azından rəğbət bəsləyən adamlar tərəfindən aparıldığını görmək mümkündür. Bolqarıstan belə kampaniyaları əvvəllər də görüb. Aİ-nin COVID-19 virusundan qaynaqlanan ən böyük ölüm sayı bu ölkədə qeydə alınıb. Bunun əsas səbəblərindən biri tibbi dezinformasiyanın bir çoxlarını skeptikə çevirməsi nəticəsində vaksinasiya səviyyəsinin aşağı olmasıdır. Bu yaxınlarda sosial media hərbi səfərbərliyin olacağı, bolqarıstanlı kişilərin işğalçı Rusiya ordusu ilə vuruşmaq üçün Ukraynaya göndəriləcəyi haqda saxta ittihamlarla doldurulmuşdu.

Yeni qida növü

Həşəratlarla bağlı şayiələrə gəlincə, burada az da olsa, həqiqət payı var. Aİ-nin əsas icraçı qurumu olan Avropa Komissiyası bu yaxınlarda daha çox həşəratın yeni qida növü kimi istifadəsinə icazə verib. O bu addımı Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) icazəsinə əsasən atıb.

Həşəratlar planet əhalisinin ¼-ə qədərinin gündəlik qidasına daxildir. Daha çox həşərat, daha az ət yeməyin təkcə insan sağlamlığına deyil, planetin ekologiyasına da yaxşı təsir edəcəyi düşünülür. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tədqiqatı göstərir ki, cırcıramalara eyni miqdarda protein istehsalı üçün mal-qaradan altı dəfə daha az yem tələb olunur.

2014-cü ilin oktyabrında EFSA öz araşdırmasına əsaslanaraq bildirib ki, ev milçəyi, cırcırama və ipəkqurdu kimi həşəratlar mal, toyuq və donuz ətinin təhlükəsiz, qidalı və ətraf mühit üçün faydalı alternativləridir. EFSA-nin bu təhlilində deyilirdi ki, həşəratların yetişdirilməsi istixana qazları və ammonium istehsalını azalda, yemin proteinə çevrilməsi prosesinin səmərəliliyini isə artıra bilər.

2021-ci ilin mayında Avropa Komissiyası ilk həşəratın - sarı un qurdunun sürfələrinin Aİ-də yeni qida kimi istifadəsinə icazə verib. 2022-ci ilin avqustunda Avropa Komissiyası ümumilikdə üç həşərat – sarı un qurdu, ev cırcıraması və köçəri çəyirtkənin Aİ daxilində yeni qida növü kimi istifadəsinə icazə verildiyini bildirib.

Avropa Komissiyasının bu ilin yanvarında verdiyi son icazə iki şirkətin istehsal etdiyi spesifik məhsullara şamil olunur. Həşəratlardan hansı qida növlərində istifadə edilə biləcəyi və bunun mütləq etiketdə göstərilməli olduğu xüsusi qeyd olunur.

Google axtarışları

AzadlıqRadiosu-nun bolqar xidməti Bolqarıstanda çəyirtkə və cırcırama haqda Google axtarışlarının yanvarın 30-da pik həddinə çatdığını aşkarlayıb.

Saxta iddialara həşəratların xitin örtüyünün insanlarda xərçəng xəstəliyinə yol açdığı haqda yalan da əlavə edilib.

Radionun bolqar xidməti aşkar edib ki, bu mövzuda ilk “Facebook” postlarından biri yanvarın 26-da Nadia Ivanova adlı istifadəçidən gəlib.

İvanovanın “Facebook” səhifəsində Rusiya prezidenti Vladimir Putini tərifləyən çox sayda post görmək olar. Bundan başqa, keçmiş millət vəkili, Bolqarıstandakı ruspərəst lobbi qrupunun rəhbəri Nikolay Malinovun adı bir neçə dəfə çəkilir. 2019-cu ildə Malinov Moskvaya gedərək şəxsən Putindən mükafat alıb. Hazırda onun Rusiyanın xeyrinə casusluq ittihamı ilə məhkəməsi gedir.

Saxta profil

İvanovanın yanvarın 26-da paylaşdığı postu dərhal paylaşanlar arasında Liza Miller adlı istifadəçi profili var. O bu postu “Varna Without Censorship” şəbəkəsinin səhifəsində paylaşıb. Bu qurum meynstrim mətbuatı Rusiyaya qarşı qərəzli mövqe tutmaqda suçlayan şəbəkədir.

AzadlıqRadiosu Millerin profilinin saxta olduğunu, fotoların foto bankından götürüldüyünü üzə çıxarıb. Bu hesabdan tez-tez konspirasiya nəzəriyyələri və saxta xəbərlər paylaşılır.

Kiselyovun yanvarın 29-da efirə gedən proqramının transkripti Bolqarıstanda sürətlə yayılıb. Onu Ivanova, Miller, and Gotti paylaşıb.

Eyni zamanda Sofiyadakı Humanitar və Sosial Araşdırma Fondunun tədqiqatçısı olan sosiologiya professoru Yakimova bu “xəbərin” son həftələr Bolqarıstan informasiya məkanını basdığını və Avropa həmrəyliyinə qarşı yönəldiyini deyir.

XS
SM
MD
LG