Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:57

Bolqarıstan və Serbiya Azərbaycan qazını gətirəcək kəmərin tikintisinə başlayır


Bolqarıstan və Serbiya prezidentləri Rumen Radev (solda) və Aleksandar Vuçiç mərasim zamanı
Bolqarıstan və Serbiya prezidentləri Rumen Radev (solda) və Aleksandar Vuçiç mərasim zamanı

Bolqarıstan və Serbiya prezidentləri Rumen RadevAleksandar Vuçiç ölkələrinin Rusiya qazından asılılığını azaldacaq kəmərin tikintisinə start veriblər.

Fevralın 1-də Bolqarıstanın Kostinbord şəhərində yeni kəmərin tikintisinin başlanması münasibətilə mərasim keçirilib.

Serbiya ərazisindən keçəcək 170 kilometrlik kəmərin bir ucu məhz bu şəhərdə olacaq.

Vuçiç mərasimdə etdiyi çıxışda deyib ki, bu Avropa layihəsi çox böyük layihədir və başqa ölkələrin də qazla təchizatına imkan yaradacaq.

İllik tutumu 1.8 milyard kubmetr olacaq əlaqələndirici kəmər Azərbaycan qazının buradan keçərək Qərbi Avropaya çatmasına imkan verəcək.

Avropa layihəsi

Bu da xəbər verilir ki, Serbiya bu kəmər vasitəsilə Yunanıstan limanlarından gələn maye qazı qəbul edə biləcək.

Radev deyib ki, bu kəmər regiona həqiqətən də təchizatın real diversifikasiyasını və təhlükəsizliyini gətirəcək.

Xəbərdə deyilir ki, Avropa İttifaqının enerji komissarı Kadri Simsonun inaqurasiya mərasimində iştirakı kəmərin regional əhəmiyyətini nümayiş etdirib.

Qeyd olunur ki, ümumi dəyəri 85.5 milyon avro olan bu layihənin 25 milyon avrosunu Avropa İnvestisiya Bankı, 49.6 milyon avrosunu isə Avropa İttifaqı verəcək.

Vəsaitin qalan hissəsinin ödənməsini Serbiya öz üzərinə götürüb.

Bu da məlumdur ki, hətta Rusiyanın Ukraynaya hücumundan əvvəl də Bolqarıstan və Serbiya Rusiya qazından dərin asılılıqlarını aradan qaldırmağa çalışırdılar.

Acı təcrübə

2009-cu ildə bu iki ölkə Rusiya və Ukrayna arasında qazın qiyməti ilə bağlı mübahisənin zərərini görmüşdülər.

O vaxt qazın verilməsi dayandırılmış, Avropada bir çoxları şaxtalı havanın fəsadları ilə üzləşmişdilər.

Bolqarıstan məhz bu hadisədən sonra əlaqələndirici kəmərlə Yunanıstandan Azərbaycan qazının nəqlinə başlamışdı.

Bu qaz kəməri Avropa İttifaqının Cənub Qaz Dəhlizi adlı daha böyük təşəbbüsünün bir hissəsidir.

Təşəbbüsdən məqsəd Avropanın Rusiyadan qaz asılılığını azaltmaqdır.

Bu dəhlizin əsas təchizat mənbəyi Xəzər dənizində Azərbaycana məxsus Şahdəniz qaz yataqlarıdır.

Bolqarıstan Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləsə də, Serbiya Rusiya ilə ənənəvi yaxşı münasibətlərə malikdir.

XS
SM
MD
LG