Xaricdə mühacirət həyatı yaşayan bloqer, Azərbaycan hökumətinin sərt tənqidçisi Orduxan Temirxan Baş Prokurorluğa çağırılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğundan İTV-yə verilən məlumatda bildirilir.
Vurğulanıb ki, O.Temirxanın Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar ) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci il sentyabrın 7-də qərar qəbul edilib.
Hələlik, bu açıqlamaya O.Temirxanın özündən münasibət almaq mümkün olmayıb. Həmin ittihamlarla şəxsə 8 ilə qədər həbs cəzası verilə bilər.
Hələ 2018-ci ildə O.Temirxanın terrora çağırışda suçlanaraq axtarışa verildiyi açıqlanmışdı. Onda AzadlıqRadiosuna açıqlamasında terrorçuluğa, kütləvi iğtişaşlara açıq çağırışlara dair ona verilən ittihamların saxta olduğunu deyən bloqer Azərbaycan hakimiyyətindən özünə həmişə təhlükə gözlədiyini vurğulamışdı.
Xatırlatma
O.Temirxan sosial şəbəkələrdə, bloqlarında Azərbaycan hökumətini tənqid etdiyinə görə bu ölkədə yaşayan qohumlarının təqiblərə məruz qaldığını, həbs olunduğunu bildirib. Bloqerin dediyinə görə, 2017-ci ilin fevralından etibarən Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən ikisindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirildi.
Ardınca Suraxanı rayon Məhkəməsində bloqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı. 2018-ci ilin fevralında isə onun bacısı oğlu Tural Əliyev saxlanmışdı. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi olan T.Əliyevə iki ay inzibati həbs cəzası verilmişdi. O.Temirxan bacısı oğlunun da ona görə həbs edildiyini bildirirdi.
17 mart
Baş Prokurorluq mühacirətdəki bloqerləri və keçmiş 'Akkord' rəhbərini istintaqa çağırıb
Azərbaycan Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri İstintaq İdarəsinə çağırıb. Aralarında bəzi bloqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.
Onlardan biri, bir vaxtlar Azərbaycanda bir çox tenderlərin qalibi olmuş "Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir. Hazırda mühacirətdə olan Haciyev son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.
Baş Prokurorluğun məlumatında onun iyulun 14-də İstintaq İdarəsinə gəlməli olduğu qeyd edilir.
İ.Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunduğu bildirilir. Onun barəsində axtarış elan edildiyi, həbs-qətimkan tədbirinin seçildiyi vurğulanır.
Ondan başqa, bloqerlər Məhəmməd Mirzəli və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.
M.Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub, Fransada yaşayır. Özünün yazdığına görə, o, Göyçayda "Əsgər ölümlərinə son!" aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.
Bu iddialara hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.
Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri, ümumiyyətlə, inkar edirlər.
Mirzəlinin Fransada olarkən bıçaqlandığı bildirilir, hətta qeyd edilir ki, həmin olayla bağlı həbs olunan şəxslər var. Onun Cinayət Məcəlləsinin 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddələri ilə 2018-ci il iyunun 2-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
Hakimiyyətə qarşı sərt çıxışları ilə tanınan və Baş Prokurorluğun İstintaq idarəsinə çağırılan başqa bir bloqer Q.Məmmədov isə Cinayət Məcəlləsinin terrorçuluq daxil 24 maddəsi il ittiham edilir.
Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovdur. Q.Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. O, mühacirətdən əvvəl Azərbaycanda olarkən bir neçə dəfə müxtəlif ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən (Azad Söz) biri isə Tural Sadıqlıdır. O isə kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur. T.Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamalara sözügedən şəxslərdən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Amma onlar bundan əvvəl haqlarında səslənən ittihamları, bir qayda olaraq, rədd ediblər və bunu tənqidi fəaliyyətləri ilə izah ediblər.