Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:43

Almaniyadan deportasiya edilən Cəfər Mirzəyevə 6 il iş kəsildi


Cəfər Mirzəyev
Cəfər Mirzəyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Almaniyadan deportasiya ediləndən az sonra həbs olunan Cəfər Mirzəyevə 6 il həbs cəzası verildi. Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Hökmə əsasən, Mirzəyev CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinib. İddia olunur ki, saxlanılanda onun üstündən 6 qram narkotik maddə tapılıb.

Lakin Mirzəyev bu ittihamı qəbul eləmir. Son sözündə də deyib ki, sosial şəbəkələrdə paylaşdığı tənqidi statuslara, eləcə də Almaniyada olarkən Azərbaycandakı siyasi məhbuslarla bağlı etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb.

“Nəyə əsaslanıb deyirlər ki, satış məqsədilə olub?”

"Əminəm, mənə 7 il 6 ay həbs cəzası istəyən prokuror özü də bu ittihamın böhtan olduğunu bilir. Buna görə vicdan əzabı çəkir. Cənab prokuror, sizin yerinizdə olub, günahsız adama cəza istəməkdənsə, burada olmaq daha üstündür..." – Mirzəyev belə deyib.

Hakim ona xəbərdarlıq edib ki, ona qarşı ittihamlardan danışmasa, son sözü yarımçıq kəsilə bilər.

Bundan sonra narkotik ittihamı haqda danışan Mirzəyev bildirib ki, Ramana qəsəbəsində tikinti materialları mağazasında zorakılıqla saxlandıqdan sonra polis idarəsinə gətirilib. Orada da işgəncəyə məruz qalıb:

"Bir anlıq zənn edək ki, üstümdən narkotik çıxıb. Nəyə əsaslanıb deyirlər ki, satış məqsədilə olub? Bütün zənglər, SMS-lər araşdırılıb, bir sübut yoxdur, ola da bilməz. Niyə evimizdə axtarış aparılmayıb? Çünki həmin narkotiki də özləri qoymuşdu..."

Mirzəyevin vəkili Nemət Kərimli AzadlıqRadiosu-na hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Xatırlatma

Mirzəyev siyasi mühacir kimi, Almaniyada oturum izni almaq istəsə də, 2021-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb və yanvarın 27-də Bakıda həbs olunub.

Son il yarım ərzində Azərbaycanda Almaniyadan deportasiya olunanlardan 6 nəfər həbs olunub. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə ölkəyə qayıdandan dərhal sonra şərləndiklərini bildirirlər.

'Prezidentimiz bizə sahib çıxmırsa, onda Mozambik prezidentinə müraciət edirəm'
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

Daxili İşlər Nazirliyi isə Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaları əsassız sayır.

“Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil, məsuliyyətdən yayınmaq məqsədi daşıyır”, - nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosu-na belə deyib.

XS
SM
MD
LG