Rusiyaya qarşı sanksiyaların uzadılması, xüsusilə bu il, Avropa İttifaqı üçün ən aktual məsələlərdən biridir. Brüsseldəki rəsmilər növbəti uzatma müddəti çatanda (bu dəfə iyul ayına təsadüf edir) nə baş verəcəyi ilə bağlı narahatlıq keçirir. Bunun səbəbi isə Aİ üzvü olan Macarıstanın bu sanksiyalara qarşı müqavimətidir.
Sanksiyaların müddətinin uzadılması hər altı aydan bir baş verir və iki qrupa bölünür: sektoral sanksiyalar – məsələn, müxtəlif Rusiya məhsullarına tətbiq edilən idxal qadağaları – və siyahılar, yəni 2 min 500-dən çox rusiyalı fiziki və hüquqi şəxsə tətbiq edilən viza qadağaları və aktivlərin dondurulması.
Sektoral sanksiyalar yenilənmək üçün Aİ-nin gündəminə yanvar və iyul aylarında gəlir. Sanksiya tətbiq olunan rusiyalı şəxslərin və qurumların siyahısının yenilənməsi isə mart və sentyabr aylarında nəzərdən keçirilir. Bu, hər təqvim ilində dörd qərar deməkdir və bu qərarlar Aİ-nin 27 üzv ölkəsi tərəfindən yekdilliklə qəbul edilməlidir.
Həm yanvar ayında sektoral sanksiyaların, həm də mart ayında siyahıların yenilənməsi zamanı Macarıstan bu qərarlara təsdiq vermək istəmirdi. Ancaq Brüsseldən bəzi güzəştlər qopardıqdan sonra Budapeşt, nəhayət, bu qərarlara "yaşıl işıq yandırdı".
Brüsseldəki Aİ rəsmiləri bildirir ki, iyulda sektoral sanksiyaların növbəti dəfə uzadılması ilə bağlı artıq narahatlıqlar var və Budapeştin bu dəfə nə istəyəcəyi ilə bağlı suallar mövcuddur.
Bu məsələ Qərbin Moskvaya qarşı sanksiya siyasəti və Rusiya, Ukrayna və ABŞ arasında davam edən atəşkəs danışıqları fonunda daha da mürəkkəbləşir.
Sanksiyaların yüngülləşdirilməsi Kremlə potensial "təşviq üçün mükafat" kimi Vaşinqton tərəfindən gündəmə gətirilib. Ancaq atəşkəs danışıqlarında iştirak etməyən avropalılar bu ideyanı, hələlik, rədd edirlər.
Sual isə budur ki, bu yanaşma yayda da davam edəcəkmi?
"Üç ay siyasətdə bir ömür kimidir və o vaxta qədər (ABŞ prezidenti Donald) Tramp Rusiyadan bezib, əksinə, sanksiyaları gücləndirə bilər", – AzadlıqRadiosuna danışan bir Aİ rəsmisi bildirdi. Bununla belə, həmin rəsmi etiraf etdi ki, Aİ-yə üzv ölkələr də sanksiyaları yumşaltmaq fikrinə meyl edə bilər.
Diplomatların fikrincə, Aİ iqtisadiyyatlarını vura biləcək transatlantik ticarət müharibəsi təhlükəsi mövcuddur. Bu da Rusiyadan qaz, alüminium, polad və ümumilikdə Moskva ilə ticarətə tətbiq olunan sanksiyaların yumşaldılması çağırışlarını yenidən alovlandıra bilər.
Sanksiyalarla bağlı Avropanın B planı nədir?
Bu yay Macarıstanın mümkün vetosundan yan keçmək və ya digər üzv dövlətlərin (sanksiyalarla bağlı sənəddə) yalnız özlərinə sərf edən bəndləri çıxarmaq cəhdlərinin qarşısını almaq üçün Brüsseldəki ən parlaq hüquq mütəxəssisləri hazırda hüquqi mətnləri diqqətlə araşdırarlar. Onlar Plan A – yəni sanksiyaların "təmiz" şəkildə uzadılması – iyulda mümkün olmazsa, alternativ Plan B üzərində işləyirlər. Və görünür, artıq bir çıxış yolu tapıblar.
Bu ideya martda sanksiya tətbiq olunan siyahıların yenilənməsi müzakirə olunanda gündəmə gətirilmişdi. Ancaq, hələlik, sınaqdan keçirilməyib və onun hüquqi əsasları da sual altındadır.
Bəs, bu plan nədən ibarətdir? Aİ sanksiyaları iki hüquqi sənəddən, qərardan və tənzimləmədən ibarətdir. Bu mətnlər mahiyyətcə eynidir və birlikdə fəaliyyət göstərir; üzv dövlətlər razılaşır və bir qərar qəbul edir və bu qərar daha sonra tənzimləmə kimi həyata keçirilir.
Tənzimləmə hər altı aydan bir yekdilliklə uzadılmalıdır, lakin bunun qərara aidiyyəti yoxdur. Faktiki olaraq, geniş tərkibli səs çoxluğu onun ləğvi üçün səs verməsə, qərar qüvvədə qalır.
Bu isə o deməkdir ki, sanksiyalar rəsmi şəkildə yenilənmədən qüvvədə qala bilər və bu da Macarıstanın "bütün klubu şantaj etmək" fürsətini aradan qaldırmış olar.
AzadlıqRadiosuna danışan diplomatlar bildirdi ki, bu, daha çox ehtiyat planıdır və həm də müvəqqəti xarakter daşıyır.
Bu yanaşma indiyədək tətbiq olunmadığı üçün Macarıstan və, bəlkə də, digər bəzi ölkələr Avropa İttifaqını bu məsələyə görə məhkəməyə verə bilər. Bir diplomatın sözləri ilə desək: "Bu, çox zəif hüquqi əsaslarla baş verir, çünki biz sanksiyaların uzadılmasında həmişə yekdil qərardan istifadə etmişik — bu, hər zaman belə işləyib".
Sanksiyalar əvəzinə gömrük rüsumları
Lakin məsələ ilə bağlı başqa ehtiyat B planları da mövcuddur. Bəlkə də, ən aydın variant ondan ibarətdir ki, Avropa Komissiyası yaxın həftələrdə yeni sanksiyalar paketi təklif etsin. Bu da Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsinə başladığı vaxtdan bəri 17-ci sanksiyalar paketi olacaq.
Lakin burada hiylə ondadır ki, bu yeni sanksiyalar əslində qəbul edilməyəcək. Əvəzində Macarıstanın ümumi sanksiyaların uzadılmasına razılıq verməsi qarşılığında onlar "müqavilə üzrə ticarət edəcək" – yəni, Macarıstanın razılığı üçün bəzi təkliflər qarşılığında bu yeni sanksiyalar irəli sürülsə də, tətbiq edilməyəcək.
Bununla da Budapeşt yeni sanksiyalar qəbul edilmədiyi üçün qələbə qazandığını iddia edə, digər ölkələr isə, ən azı, mövcud sanksiyaların ilin sonuna qədər uzadılmasını təmin edə bilər.
Başqa bir potensial variant isə sanksiyaların müddətinin bitməsinə icazə vermək, lakin bunu Rusiya üzərində bütün iqtisadi sektorlar üzrə gömrük rüsumlarını artırmaqla kompensasiya etmək olar. Bu cür qərar yekdil razılıq tələb etmədiyi üçün həyata keçirmək mümkündür. Amma bu halda, blokun artıq Rusiya üzərində tətbiq etdiyi bütün ixrac məhdudiyyətləri ilə nə edəcəyi sual altında qalır.
Digər bir seçim isə Aİ sanksiyalarının müddətinin bitməsinə icazə verərək eyni tədbirləri milli səviyyədə tətbiq etmək olardı. Lakin bütün üzv dövlətlərdə milli sanksiya qanunvericiliyi mövcud deyil və bir çoxu Aİ-nin ümumi hüquqi çərçivəsindən asılıdır. Nəticədə sanksiya tətbiqi prosesi çox keçmədən düzənsiz və tutarsız bir hala gələ bilər.
Başqa bir potensial dilemma da var. Sanksiyaların uzadılmasından başqa Aİ-yə üzv ölkələrin əksəriyyəti blokun ən geci iyunda Ukrayna ilə üzvlük danışıqlarına başlamasını istəyir. Bu isə o deməkdir ki, Macarıstanın digər potensial vetosu bununla bağlı ola bilər.
Aİ Macarıstanda hüquqi dövlət prinsipləri ilə bağlı narahatlıqları səbəbindən Budapeşt üçün müəyyən maliyyə vəsaitlərini dondurub. Bu vəsaitlərin yenidən aktivləşdirilməsi və Budapeştə göndərilməsi hər iki məsələnin həllinə kömək etmək üçün lazım ola bilər.
Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.