Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 15:56

Atəşkəs danışıqları fonunda Aİ Ukraynanı silahlandıracağını bildirir


Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Brüsseldə Aİ liderlərinin xüsusi sammitində.
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Brüsseldə Aİ liderlərinin xüsusi sammitində.

Davam edən atəşkəs danışıqlarında Qərbin Kiyevə silah tədarükünü dayandırmaq üçün Rusiyanın göstərdiyi cəhdlərə baxmayaraq, Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya hərbi dəstəyi davam etdirməyə söz verir.

Martın 20-21-də Brüsseldə Aİ liderləri toplaşacaq və sammitin yekun sənədini qəbul edəcək. Bu sənəddə "Avropa İttifaqı "güc vasitəsilə sülh" yanaşmasını qoruyur və bu yanaşma Ukraynanın mümkün qədər güclü mövqedə olmasını, özünün güclü hərbi və müdafiə qabiliyyətlərini əsas komponent kimi saxlamasını tələb edir" ifadəsinin yer alacağı gözlənilir.

AzadlıqRadiosu sammitin yekununa dair layihə sənədi ilə tanış olub. Bu sənəddə qeyd edilir ki, "blok oxşar düşüncəli tərəfdaşlar və müttəfiqlərlə koordinasiyada Ukraynaya və onun xalqına Rusiyanın təcavüzkar müharibəsinə qarşı özünümüdafiə hüququnu həyata keçirərkən hərtərəfli dəstəyi davam etdirməyə sadiqdir".

Brüssel sammiti ABŞ və Rusiya prezidentləri arasında baş tutmuş telefon danışığından iki gün sonra keçirilir. Bu telefon danışığında Rusiya 30 günlük qismən atəşkəs barədə razılıq verib, razılaşmaya görə, Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf almayacaq.

Ancaq həmin zəngdən cəmi bir neçə saat sonra Ukrayna Dəmir Yolları təsdiqləyib ki, Rusiya dronları Dnepropetrovsk vilayətində dəmiryol sisteminə qoşulmuş enerji infrastrukturunu hədəfə alıb.

Aİ mətninin adətən ittifaqın 27 üzv dövləti tərəfindən yekdilliklə razılaşdırılması tələb olunur. Lakin anonimlik şərti ilə danışan Aİ diplomatları bildirib ki, uzun müddətdir Kremlə qarşı daha barışdırıcı mövqe təklif edən Macarıstan, bu ayın əvvəlindəki Aİ sammitində olduğu kimi, mətnə qoşulmamaq üçün istisna tələb edəcək.

Ukrayna prezidenti Volodimir Zelenski, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə Paris sammitdən sonra birgə mətbuat konfransında.
Ukrayna prezidenti Volodimir Zelenski, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə Paris sammitdən sonra birgə mətbuat konfransında.

Aİ Angela Merkeli danışıqlara qoşacaqmı

Aİ ölkələri indiyədək müharibənin dayandırılması ilə bağlı Səudiyyə Ərəbistanında aparılan danışıqlardan kənarda qalıb. Lakin sənəddə vurğulanır ki, "Avropa İttifaqı və onun üzv dövlətləri sülh prosesinə töhfə verəcək və həm Ukraynanın, həm də bütövlükdə Avropanın maraqlarına uyğun olaraq, Ukrayna üçün ədalətli və davamlı sülhün təmin olunmasına yardım edəcəklər".

Bununla belə, danışıqlar üçün xüsusi təyin olunmuş Aİ nümayəndəsindən bəhs edilmir. Brüsseldə ehtimallar səsləndirilirdi ki, Almaniyanın keçmiş kansleri Angela Merkel və ya hazırkı Finlandiya prezidenti Aleksandr Stubb bu rol üçün nəzərdə tutula bilər.

Sammitin yekununa aid layihə sənədi mümkün sülh sazişinə nəzarət etmək üçün Aİ qüvvələrinin regiona göndərilməsi ilə bağlı birbaşa istinadları da ehtiva etmir. Bu, Fransa prezidenti Emmanuel Makronun dəfələrlə təşviq etdiyi, lakin Moskvanın indiyədək rədd etdiyi bir təklifdir.

Brüssel Tramp administrasiyasından fərqli olaraq digər daha iki mövqeyini də qoruyur, bu, Kremlə qarşı sanksiyalar və müharibə cinayətlərinə görə məsuliyyətlə bağlıdır.

Aİ 2 min 400 şirkət və şəxsə, o cümlədən prezident Putinə qarşı tətbiq etdiyi viza qadağalarını və Rusiya aktivlərinin dondurulmasının müddətini bu yaxınlarda yenidən uzadıb. Aİ "sonrakı sanksiyalar və mövcud tədbirlərin həyata keçirilməsini gücləndirməklə Rusiyaya təzyiqi artırmağa hazırdır".

Təxminən 200 milyard avro dəyərində Rusiya aktivləri hələ də dondurulub, bu vəsaitin əsas hissəsi Belçikadadır. Aİ-nin mövqeyi ondan ibarədir ki, bu vəsaitlər "Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini dayandırana və bu müharibə nəticəsində meydana gələn ziyanın kompensasiya olunana qədər" dondurulmuş vəziyyətdə qalmalıdır.

Yazı AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.

XS
SM
MD
LG