Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:26

Avropa millət vəkili Azərbaycanla danışıqların dayandırılmasını istəyir


Isabel Santos
Isabel Santos

Avropa Parlamenti Azərbaycanda insan haqları və demokratiyaya basqıları tənqid edən qətnamə müzakirəyə çıxara bilər.

Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Isabel Santos deyib. O bildirib ki, hazırkı durum müsbətə doğru dəyisməsə, o zaman belə bir qətnamənin olacağı istisna deyil:

“Düzünü desəm, mən belə bir təşəbbüslə çıxış etmək istəyirəm. Çünki Fuad Qəhrəmanlı, Əli Kərimli və təzyiqə məruz qalan başqa müxalifətçilər var. İlham Əliyevin xaricdəki tənqidçilərinə yönəlmiş təzyiqlərdən də çox narahatam. İlham Əliyevin çıxışları repressiyaları qızışdırır. Mən özüm Azərbaycanla ən müxtəlif məsələlərlə bağlı dialoqa hazıram. Amma bunun üçün Azərbaycan hakimiyyəti dəyişikliyə getməli, beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliyə əməl etməlidir”.

Gecikən ədalət ədalət deyil

Isabel Santos deyir ki, aclıq aksiyası keçirən müxalif fəal Tofiq Yaqublunun işinə təcili olaraq, yenidən - ədalətli şəkildə baxılmalıdır, o vurğulayır ki, gecikən ədalət ədalət deyil:

“Mən Avropa Parlamentində Azərbaycanla bağlı tezliklə müzakirənin keçirilməsi ilə bağlı çağırış etmişəm. Çünki Azərbaycanda insan haqları və demokratiya ilə bağlı durum pisləşir. Mən təklif etmişəm ki, bu durum düzələnə qədər Avropa tərəfdaşlıq proqramı ilə bağlı danışıqlar dayandırılsın. O cümlədən təklif edirik ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində maddi yardımlar yalnız hökumətə yox, vətəndaş cəmiyyəti, insan haqları, jurnalist araşdırmasına də ayrılsın. Məncə, bu, insan haqları və demokratiyanı müdafiə etmək üçün ən yaxşı yoldur”.

İşgəncə verənlərə sanksiyalar

Isabel Santos deyir ki, onun fikrincə, Azərbaycanda işgəncə verən, insan haqlarını pozan şəxslərə sanksiya qoyulmalıdır.

O bildirir ki, Avropa Birliyi iqtisadi əməkdaşlıqla yanaşı həm də dəyərlərə üstünlük verən təşkilatdır və Avropa Parlamentində onun mənsub olduğu Sosialistlər və Demokratların (S&D) Proqressiv Alyansı da insan haqlarının yanında olmağın tərəfindədir:

“Mən Avropa Parlamentindəki başqa qrupların adından danışa bilmərəm. Amma S&D-nin qənaətinə görə, Avropa Parlamenti Azərbaycan hakimiyyətinə təzyiq göstərməlidir ki, Bakı insan haqları ilə bağlı öhdəliklərinə əməl etsin, qanunun aliliyi və demokratiyaya hörmətlə yanaşsın”.

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə insan haqları və demokratiyaya təzyiqlərlə bağlı tənqidləri rədd edir, bu cür fikirləri Azərbaycanı istəməyən qüvvələrin əməli adlandırır.

XS
SM
MD
LG