Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:21

Ombudsman Aparatının əməkdaşı Tofiq Yaqubluya baş çəkib 


Tofiq Yaqublu xəstəxanaya gətirilib
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Tofiq Yaqublu xəstəxanaya gətirilib

Ombudsman Aparatı həbsinə etiraz olaraq 13 gündür aclıq aksiyası keçirdiyini bildirilən və “City Hospital” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən müxalifətçi Tofiq Yaqublu ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, sentyabrın 14-də Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü qida qəbulundan imtina etməsi ilə bağlı 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülən Tofiq Yaqubluya baş çəkib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırıb.

“Görüş zamanı Tofiq Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də müzakirə olunub.

Tofiq Yaqublunun hazırda da qida qəbul etmədiyi, səhhətinin stabil və həkim nəzarətində olduğu bildirilib.

Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır” - açıqlamada qeyd edilib.

***

Müsavat Partiyası və Milli Şuranın fəalı Tofiq Yaqublu xəstəxanada sistem qəbulundan da imtina edib. Bu barədə qızı Nigar Həzi məlumat verib.

N.Həzi sentyabrın 14-də günorta saat 15:00 radələrində xəstəxanada atasıyla görüşüb.

T.Yaqublunun hələ də reanimasiyada olduğunu deyən N.Həzi bildirib ki, orada mühafizə altında saxlanılır: "Nəzarət altında görüşüb, 15 dəqiqə danışmaq imkanımız oldu. Bildirdi ki, bu gündən sistemlərin də qəbulunu dayandırmışam. Hətta Adil bəy israr etsə belə, qəbul etməyəcəyini dedi. Heç bir qidalanmadan söhbət gedə bilməz. Vəkillərin də hər gün onunla görüşməsinə şərait yaradılmasını tələb etdi. Vəkillərinin üçünün də...".

N.Həzi atasının daha da zəiflədiyini bildirib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun Avropa Məhkəməsinə ünvanladığı məktubda T.Yaqublunun sentyabrın 7-də aclığa başladığı qeyd olunub. T.Yaqublu isə sentyabrın 2-də məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclığa başladığını bəyan etmişdi.

N.Həzinin sözlərinə görə, T.Yaqublu onunla görüşdə bu məsələyə də münasibət bildirib: "Dedi ki, aclıq barədə rəsmi ərizəni ondan sentyabrın 7-də alıblar. Amma o ərizədə də göstərib ki, sentyabrın 2-dən aclıq edir. Bu məsələdə də saxtakarlıq edirlər. Belə deyilsə, Tofiq Yaqublunun həmin ərizəsini ortaya qoysunlar. Orada "sentyabrın 2-dən" kəlməsi qeyd olunub. Bütün dünya bilir, bunlar bilmir?".

T.Yaqublu
T.Yaqublu

Vəkil: "O, çox israrlıdır "

Sentyabrın 14-də "City Hospital"da Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşən vəkil Elçin Sadıqov deyib ki, reanimasiya şöbəsinə yerləşdirilən müdafiə etdiyi şəxsin vəziyyəti yaxşı deyil: "Uzanıqlı vəziyyətdə idi, bədəni çox zəifləyib. Reanimasiyada həkim Adil Qeybulla ona nəzarət edir, amma nəzərə almaq lazımdır ki, artıq 13 gündür aclıq elan edib, indiyə qədər heç bir qida qəbul etmədiyi bildirilir. Ümumiyyətlə, qida tərkibli iynə və sistemləri qəbul etməkdən imtina etdiyi deyilir. Biz xahiş etmişik ki, aclığı dayandırsın, amma o, çox israrlıdır və haqq-ədalət öz yerini tapana qədər aclığı dayandırmayacağını bildirdi".

Vəkil əlavə edib ki, Nizami Rayon Məhkəməsi T.Yaqublu barəsində verilmiş qərardan apellyasiya şikayətini hələ də Apellyasiya Məhkəməsinə göndərməyib.

Bu açıqlamaya, hələlik, Nizami Rayon Məhkəməsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Vəkil Elçin Sadıqov Tofiq Yaqublu ilə görüşüb

Bu gün, sentyabrın 14-də vəkil Elçin Sadıqov "City Hospital"da Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb. Görüşdən çıxan vəkil T.Yaqublunun qızı Nigar Həziyə bilgi verib.

"Vəkil Elçin Sadıqov görüşdən çıxdı, bu gün, sentyabrın 14-də ancaq ona görüşə icazə verilib. Elçin bəy dedi ki, Tofiq Yaqublu uzanıqlıydı və halı yoxdu qalxmağa. Qida qəbul etmir, gözləri çox dərinə düşüb. Təzyiqi düşübmüş, sonra tənzimləyiblər", -N.Həzi vurğulayıb.

N.Həzi deyib ki, o da atası ilə görüşmək istəyir və bundan ötrü Ombudsman Aparatına müraciət edib: "Sistemlər qida tərkibli deyil. Atam 13 gündür aclıq edir...".

Bu açıqlamaya, hələlik, Ombudsman Aparatı və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xəstəxananın önünə T.Yaqublunu müdafiə etdiklərini bildirən bəzi şəxslər də yığışıb.

A.Qeybulla: 'Tofiq Yaqublunun səhhəti stabildir'

"Tofiq Yaqublunun səhhəti stabildir. Hazırda müəyyən dəstək müalicəsi gedir, hər hansı ağırlaşma, fəsad yoxdur".

Bunu bu gün, sentyabrın 14-də tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun deməsinə görə, T.Yaqubluya qida preparatları tətbiq olunmur: "Amma o situasiya həyat üçün təhlükə təşkil edir, ona qarşı müalicə var. İctimaiyyətə sözüm budur ki, narahat olmasınlar, hər halda Tofiq Yaqublu daha etibarlı yerdədir".

T.Yaqublunun qızı Nigar Həzi də AzadlıqRadiosuna deyib ki, atası hələ də "City Hospital"ın reanimasiyasındadır, palataya köçürülməyib.

Amma T.Yaqubluyla nə "City Hospital"a köçürüldüyü gün, yəni, sentyabrın 12-də, nə də sentyabrın 13-də vəkili görüşə bilib: "Bu gün, sentyabrın 14-də də gedəcəyik, görək görüşə icazə verəcəklərmi?".

N.Həzi sonra da deyib: "13 gündür ki, atam aclığı davam etdirir. Ona vurulan dərmanlar qida xarakterli deyil. Sadəcə, bədən çox su itirmişdi deyə, fəsadlar vermişdi. İndiki preparatlar həmin bədənin itirdiyi mayeni bərpa etmək məqsədi daşıyır".

Bu fikirlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

T.Yaqublunun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.

Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb. "Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək", - APA agentliyinin xəbərinə görə, Penitensiar Xidmətdən bildirilib.

Xatırlatma

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib.

XS
SM
MD
LG