Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyevə 5 il həbs cəzası kəsilib. Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə təqsirli bilinib. Ancaq M.Əliyev hökmdən öncə son sözündə də deyib ki, narkotik ittihamı saxtadır, qohumu Əli İsayevi Şirvan şəhərində polislər saxlayarkən çəkib yaydığı videoya görə şərləyiblər.
Sözügedən video ötən ilin mayında sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərdə mülkigeyimli şəxslər bir nəfəri saxlamağa çalışır. Bu şəxs də kəsici alətlə özünə xəsarət yetirir və çevrəsindəki mülkigeyimli polislərin onu narkotiklə şərləməyə cəhd göstərdiyini söyləyir.
Görüntülərin yayılmasından bir neçə gün sonra – mayın 24-də məlum oldu ki, həm özünə xəsarət yetirən Ə.İsayev, həm də yaşananları telefonla çəkib yayan M.Əliyev narkotik ittihamıyla həbs ediliblər.
M.Əliyev səs-küyə çıxdığını bildirib çıxarkən mülkigeyimli şəxslərin qohumu Əlini saxlamağa çalışdığını görüb: "Əli qışqırırdı ki, "məni şərləyirlər"".
Onun sözlərinə görə, polislər olay yerində Ə.İsayevin üzərində axtarış aparmaq istəməyib, onu zorla maşına mindirib aparmağa çalışıblar. Buna etiraz olaraq Ə.İsayev özünə xəsarət yetirib.
AXCP üzvü əlavə edib ki, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ondan çəkdiyi videonu silməyi tələb edib, buna görə onu hədələyiblər. Ancaq o, silməkdən imtina edib. Onun sözlərinə görə, bu olaydan sonra hər ikisi Bakıya gəlsələr də, paytaxtda saxlanılaraq narkotik ittihamıyla həbs olunublar.
Ə.İsayevin məhkəməsi davam edir.
"Biz də hesab edirik ki..."
M.Əliyevin vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Mehman Əliyev də özünü təqsirli bilmir, biz də hesab edirik ki, bu ittiham əsassızdır, ona bəraət verilməlidir".
AXCP-dən verilən bilgiyə görə, hazırda partiyanın 15-dən çox fəalı həbsdədir. Onların bir çoxuna qarşı narkotik ittihamı irəli sürülsə də, cəbhəçilər özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə şərləndiklərini deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs olunanların konkret faktlara görə saxlandığını iddia edirlər.
Daxili İşlər Nazirliyi (DİN) M.Əliyev və Ə.İsayevin yayılmış videoya görə şərlənməsi haqda deyilənləri təkzib edib. DİN mətbuat xidmətinin yaydığı açıqlamada iddia olunur ki, Ə.İsayev Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyinə görə polislər onu saxlayanda özünə xəsarət yetirib və gizlənib: "Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslərdən - Şirvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Əli İsayev və 1983-cü il təvəllüdlü Mehman Əliyevdən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb".