Gültəkin Hacıbəyli: "Dözümə son qoyulmalıdır"
“Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq”.
Bunu Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli deyib.
G.Hacıyeva Azərbaycanla Gürcüstan arasında paralellər aparıb.
“Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var - xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”.
Həbsdə olan fəalın atası: "Gülünc ittihamdır"
“Biz övladlarımızı elə tərbiyə etmişik ki, ədalətsizliyiyə əyilməsinlər. Onları həbsə salmaqla, görüşməyə imkan verməməklə daha da mətinləşdirirsiniz”.
Bunu mitinqdə çıxış edən AXCP-nin Xətai rayon təşkilatının həbsdə olan fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli deyib.
Zəfər Əhmədli çıxışında övladının, eləcə də onlarla müxalifətçinin günahsız yerə, gülünc ittihamlarla həbsdə olduğunu bildirib.
O, beynəlxalq aləmi ədalətsizliyə, qanunsuz həbslərə səssiz qalmamağa çağırıb.
“Ölkədə təcili siyasi-iqtisadi dəyişikliklər edilməlidir"
“Hökumət xalqın təbii sərvətlərini taladı. İndi isə beynəlxalq təşkilatların qapısına düşüb borc axtarırlar. Ölkədə çox ciddi böhran yaşanır. Hətta oliqarxlar da bu böhrandan təsirlənib”.
Bunu mitinqdə çıxışında NİDA Hərəkatının nümayəndəsi Ülvi Həsənli deyib. O hökuməti təcili addımlar atmağa çağırıb: “Ölkədə təcili siyasi-iqtisadi dəyişikliklər edilməlidir. Bütün siyasi məhbuslar dərhal azad edilməlidir. Məhkəmələrin müstəqilliyi təmin olunmalı, azad mediaya. vətəndaş cəmiyyətinə basqılara son qoyulmalıdır. Əks halda durum çox ağır olacaq”.
“Bu mitinq yeni xalq hərəkatının başlanğıcıdır”
Bunu mitinqdəki çıxışında AXCP sədri Əli Kərimli deyib.
“Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur”, Əli Kərimli vurğulayıb.
AXCP sədri deyib ki, həbsdəki siyasi məhbuslar həmişə yada salınmalıdır: “Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir”, deyən AXCP sədri onların hamısına iştirakçılar adından salam göndərdiyini bildirib.