Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:32

Azərbaycanın ilk prezidenti vəfat edib


Eks-prezident Ayaz Mütəllibov Bakıda (ətraflı video)
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Eks-prezident Ayaz Mütəllibov Bakıda (ətraflı video)

Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibov martın 27-də vəfat edib.

Qısa tanışlıq

Ayaz Niyazi oğlu Mütəllibov 1938-ci il, mayın 12-də Bakıda doğulub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə Elmi-Tədqiqat İnstitutu bürosunda böyük texnik-konstruktor vəzifəsi ilə başlayıb. 1974-cü ildə "Bakelektroməişətmaş" İstehsalat Birliyinin baş direktoru vəzifəsinə yüksəlib. Onun yüksəlişi ondan sonra da davam edib.

1982-ci ilin oktyabrında Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə gətirilib.

1989-cu ilin yanvarından da Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü seçilib.

Azərbaycan rəhbərliyinə gəlişi

1990-cı ilin yanvarında SSRİ Silahlı Qüvvələri Bakıda və respublikanın bölgələrində qırğın törədib. Bu hadisələrdə 130-dan çox mülki şəxs qətlə yetirilib. Qırğından az öncə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirov respublikanı tərk edərək Moskvaya gedib.

Həmin hadisələrdən dərhal sonra Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postuna Ayaz Mütəllibov gətirilib. Daha sonra – 1990-cı il mayın 18-də də o, Azərbaycan SSR Ali Sovetində bu respublikanın prezidenti seçilib. Həmin dönəmdə artıq SSRİ-də prezidentlik institutu təsis edilməyə başlanmışdı.

1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən qiyamı dəstəkləyən az sayda respublika rəhbərlərindən birinin də A.Mütəllibov olduğu bildirilirdi. Həmin vaxt onun İranda olduğu və bununla bağlı açıqlama verdiyinə aid o dövrün mətbuatında məlumatlar yayıldı. Hərçənd, qiyam uğursuzluğa uğradıqdan az sonra o, bir çox müsahibələrində belə məlumatları təkzib edərək çevrilişi dəstəkləmədiyini demişdi.

AXC və Demokratik Blok

1991-ci il sentyabrın 8-də o, ümumi seçkilərdə alternativsiz Azərbaycanın prezidenti seçilib. Bununla belə, o, tarixə Azərbaycan Respublikasının ilk prezidenti kimi düşüb. Həmin seçki prosesində onun yeganə alternativi Azərbaycan Sosial Demokrat Partiyasından Zərdüşt Əlizadə olub. Lakin seçkidən az əvvəl o da namizədliyini geri götürüb. Başqa müxalifət qüvvələri isə seçkini boykot edib. Lakin bir müddət sonra müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi nəticəsində Ali Sovet buraxılıb, onun yerinə Azərbaycan Respublikasının yeni parlamenti olan Milli Məclis təşkil edilib .Oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilib.

360 nəfərlik əvvəlki parlamentin isə yalnız 40-a yaxını müxalifətin birləşdiyi Demokratik Bloku təmsil edirdi.

A.Mütəllibov 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentində qəbul edilən Dövlət Müstəqilliyi Aktını imzalayan şəxs kimi də tarixə düşüb. Həmin Aktda yazılırdı ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Xocalı faciəsi və istefa

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı və 600-dən çox dinc sakinin orada qətli ona qarşı etirazları daha da gücləndirib. Müxalifət onu şəhərin əhalisinin müdafiəsini təşkil edə bilməməkdə, Ermənistan silahlı qüvvələri qarşısında acizlikdə ittiham edir. Nəticədə 1992-ci il martın 6-da o, istefa verməli olur.

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya A.Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyini açıqlayır, Ali Sovet onun istefasının qəbul edilməsi ilə bağlı öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında A.Mütəllibov bir gün sonra Azərbaycanı tərk edir. O vaxtdan o, 2012-ci ilə qədər Moskvada yaşayır. 2012-ci ildə yenidən Azərbaycana qayıdır.

Siyasətdən gedişi

A.Mütəllibov hakimiyyətdən getsə və Moskvada yaşasa da, Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri idi. Lakin 2012-ci il iyunun 30-da bu partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən A.Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdi.

XS
SM
MD
LG