Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:30

Uşaqlarını ana dilində oxutmayan analar deyirlər ki...


Hakimiyyət nümayəndələri Facebook fəallarına niyə müraciət edir?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Hakimiyyət nümayəndələri Facebook fəallarına niyə müraciət edir?

Rus bölməsinə müraciət edənlər 50 faiz artıb. Bu o deməkdirmi ki, Azərbaycanda rus dilinin nüfuzu da artır?

Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzinin rəhbəri hazırladığı statistikaya görə, son üç ildə 1-ci sinifdə rus bölməsinə gedənlərin sayı 50 faizə qədər artıb.

"İspasibo qonşi"nin anası nə deyir?

Göyçay sakini Nuranə Həşimovanın yeddi yaşlı oğlu Sahib Həşimovun orta məktəbdə çəkilmişvideosu keçən il internetdə məşhurlaşmışdı. Məktəbli rus dilində tələffüz etməyə çətinlik çəkirdi

Ötən bir ildə Sahib rusca “spokoynoy noçi” deməyi öyrənib. Anası deyir ki, uşağı rus məktəbinə qoymaqda planı var:

“Böyük uşağı qoymuşdum deyə istəyirdim, bu da getsin. Həm dil öyrənsin, həm də bəlkə Rusiyaya getdik işləməyə. Sahibin tələffüzü yalnız rus dili ilə bağlı deyil, azyaşlının hələlik Azərbaycan dilində də bəzi sözləri demək çətinliyi var”.

Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu il birinci sinfə gedəcək şagirdlərin 9 faizi rus bölməsi üçün müraciət edib.

2-ci, 3-cü sinifdə peşman olanlar da var

Onun sözlərinə görə, bəzi şagirdlər rus dilini öyrənə bilmirlər və 2-3-cü siniflərdə Azərbaycan bölməsinə keçirlər. Bu isə təhsildə planlaşmanı çətinləşdirir.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Rus, yoxsa Azərbaycan məktəbində təhsil daha yaxşıdır?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Təhlilçi Kamran Əsədov bildirib ki, rus bölməsinə axının səbəblərindən biri budur ki, rus məktəbini bitirənlər daha az balla ali məktəbə qəbul ola bilirlər.

Məsələn, rus bölməsində eyni ixtisasa 200 balla girmək olursa, Azərbaycan bölməsində bəzən 500 bal toplamaq lazım gəlir.

"Azərbaycan bölməsində təhsilin zəif olması ilə bağlı fikirlərin əsası yoxdur"

Kamran Əsədov deyir ki, Azərbaycan bölməsində təhsilin zəif olması ilə bağlı fikirlərin əsası yoxdur:

“Əksinə, məsələn, müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında Azərbaycan bölməsinin müəllimləri daha yaxşı nəticə göstərir. Düzdür, bir tərəfdən də Azərbaycanda ilk dəfə ən yüksək-700 bal yığan rus bölməsinin məzunu olub. Sadəcə bir məsələ var-rus bölməsində oxuyanlar dili bilirlər deyə, onların rus ədəbiyyatına və başqa mənbələrə çıxma imkanı var. Azərbaycan bölməsində oxuyanların belə imkanı yoxdur. Onlar ingilis dilini də yaxşı öyrənə bilmirlər”.

Bakı sakini Yeganə Əsədova deyir ki, iki qızını da rus bölməsinə qoyub. Deyir ki, ölkədə ana dili Azərbaycan dili olsa da, iş axtararkən əsas tələblər ingilis dilini, ya da heç olmasa, rus dilini bilməkdir.

20 yanvardan sonra rusca?

O bildirir ki, uşaqları rus bölməsində oxutmağın müsbət cəhətlərini görsə də, zaman-zaman qərarını sorğuladığı da olur. Məsələn, 20 Yanvar mərasimini şəhərdə görən kiçik qızına tarixi danışanda uşaq rus bölməsində oxuduğuna təəccüblənib:

“Uşaq mənə dedi ki, sən məni niyə başqa xalqın dilində məktəbə qoymusan ki? Niyə məni başqa xalqın dilində oxudursan? İnanırsız mən onun qarşısında heç bir cavab tapmadım. Həmin an hiss elədim ki, səhv edirəm. Amma mən qərar vermişdim ki, uşaqlar bir dil artıq bilsin. Qərarımdan da dönmək fikrim yoxdur”.

Yeganə Əsədova deyir ki, əgər rus dilində yox, ingilis dilində pulsuz təhsil olsaydı, o qızlarını fikirləşmədən ingilis bölməsinə qoyardı. Çünki ingilis dili rus dilindən də perspektivlidir.

Azərbaycanca təhsili cazibəli etməli

Siyasi təhlilçi Rəşad Şirin də hesab edir ki, rus dilinə meylin güclənməsi həm də Azərbaycan insanının daha yaxşı təhsilə, sivilizasiyaya, meylinin nəticəsidir. Bu, yalnız rusca yox, ingiliscə də, türkcə də təhsil ola bilər.

Azərbaycanda bəzi siyasətçilər və fəallar zaman-zaman ölkədə dövlət hesabına rusca təhsilə qarşı çıxıblar, rus bölməsini bağlamağı təklif ediblər.

Rəşad Şirin isə deyir ki, o, Azərbaycan bölməsini daha cazibəli etməyin tərəfindədir:

“Azərbaycan dilini və mədəniyyətini Azərbaycan dilində təbliğ edən təhsili gücləndirmək lazımdır. Azərbaycan təhsilini daha mütərəqqi, daha güclü etmək lazımdır. Çünki bu, fərdi məsələdir, bu seçimi valideynlər özləri edir. İnsanlar fərqli dildə təhsil seçirlərsə, deməli daha yaxşı təhsilə ehtiyacları var”.

Təhsil Nazirliyindən mövzu ilə bağlı şərh almaq mümkün olmayıb, nazirlik gün ərzində zənglərimizə cavab verməyib.

Azərbaycanda rus dilində təhsilə meyl, 90-cı illərin əvvəlində, müstəqilliyin ilk illərində zəifləməyə başlamışdı, sonrakı illər rusca təhsil getdikcə nüfuz qazanmağa başladı.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, dövlət büdcəsindən hər il orta təhsilə ayrılan vəsaitin təqribən doqquz faizi dövlət hesabına rus bölməsinin payına düşür.

Kamran Əsədov bildirir ki, 4472 orta məktəbin 340-da rus bölməsi var, 16 məktəbdə orda təhsil yalnız ruscadır.

XS
SM
MD
LG