Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:06

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılır


Martın 18-dən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılacaq.

Bu barədə bu gün, martın 16-da Azərbaycan Nazirlər Kabineti məlumat yayıb. Məlumatda bildirilib ki, martın 16-da Azərbaycan baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mikhail Mishustin arasında telefon danışığı olub.

“Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər. Ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək. Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcək”, açıqlamada yazılıb.

Bundan əvvəl isə Rusiya Dəmir Yol İdarəsinin martın 16-dan etibarən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırdığı bildirilirdi.

Bu vaxta qədər Azərbaycanda rəsmi şəkildə koronavurusun aşkarlandığı şəxslərin sayı 25-ə çatıb.

Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Həmin virusun Rusiya da bir çox insanlara yoluxduğu bildirilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Bu müddət sonra daha iki həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.

Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb.

Martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.

Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərlə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

XS
SM
MD
LG