Keçid linkləri

2025, 05 Aprel, şənbə, Bakı vaxtı 22:49

Avropa Parlamenti AzadlıqRadiosuna dəstəyi müzakirə edir


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Azad Avropa/Azadlıq Radiolarını (RFE/RL) qorumağın vacibliyini vurğulayıb. O xəbərdarlıq edib ki, "bunu etməsək, bütün dünyada avtokratlara hədiyyə vermiş olarıq".

Aprelin 1-də Strasburqda Avropa Parlamentinin plenar iclasında AzadlıqRadiosu daxil demokratik mediaya çıxışın qorunub saxlanması diqqət mərkəzində olub.

Debata ABŞ prezidenti Donald Trampın martın 14-də imzaladığı fərman səbəb olub. Həmin fərmanda AzadlıqRadiosuna nəzarət edən ABŞ Qlobal Media Agentliyində (USAGM) ixtisarlar nəzərdə tutulub.

Bundan az sonra USAGM-dən Keri Leykin imzasıyla dərc olunmuş məktubda radioya Konqresin təsdiqlədiyi qrantın kəsildiyi bildirilib. Sonradan qrantın kəsilməsi dayandırılsa da, USAGM Konqresin ayırdığı pulu göndərməyib, AzadlıqRadiosu aprelin 1-dən işçilərinin bir qismini ödənişli məzuniyyətə göndərməli olub.

Aİ-nin xarici siyasət üzrə başçısı Kaya Kallasın adından danışan Kos deyib ki, "Avropa İttifaqı Rusiyadan tutmuş, Belarusa qədər müstəqil media üçün sığınacaq olmalıdır ki, onlar işlərini davam etdirə bilsinlər; siyasi və biznes elitalarından hesabat tələb etsinlər, korrupsiyanı ifşa etsinlər".

Komissar Aİ-nin AzadlıqRadiosuna maliyyə ayırmasının mümkünlüyündən danışmayıb. Amma parlamentin bəzi üzvləri bu məsələyə toxunublar.

Qızğın müzakirə

Portuqaliyadan deputat Sebastyan Buqalyo deyib ki, "biz pulu ödəyib yükü çiynimizə çəkəcəyik".

Litvalı deputat Virqiniyus Sinkyaviçyus vurğulayıb ki, "AzadlıqRadiosunun uzunmüddətli və sabit maliyyəyə çıxışını təmin etməliyik, bura Aİ də daxildir".

Kommunist Çexoslovakiyasında tanınmış dissident olmuş, hazırda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansından deputat Aleksandr Vondra deyib ki, bu radio İran, Belarus və Rusiya kimi repressiv ölkələrdə informasiyanın yayılmasına kömək edib. O, Aİ-ni radionun maliyyələşdirilməsinə töhfə verməyə çağırıb.

Bir saatlıq debatda bəzən gərgin anlar yaşanıb, deputatlar çıxışlar zamanı bir-birinə qışqırıblar.

Populist qrupların bəzi üzvləri isə radioya Aİ-nin pulunu ayrılmasına qarşı çıxıblar. İfrat-sağçı "Almaniya üçün Alternativ" partiyasından Meri Kan deyib ki, AzadlıqRadiosu "özünü maliyyələşdirə bilər", "medianı Avropa qurumları maliyyələşdirməməlidir".

Slovakiyadan deputat Milan Uqrikin sözlərinə görə, bunun əvəzində Aİ Slovakiyada mal-qara arasında yayılmış dabaq xəstəliyi ilə mübarizə aparan fermerlərə kömək etməlidir. "Sizin müstəqil medianız müstəqil medianın tam tərsidir", – o, sözlərinə əlavə edib.

Fransadan parlamentari Jülyen Sançez qeyd edib ki, parlament bu durumla bağlı danışanda "riyakar" davranır, "Birləşmiş Ştatlarda vəziyyətə müdaxilə edir".

Aprelin 3-də bitəcək plenar sessiyada qətnamə qəbul olunmayacaq. Amma qətnamə daha sonra ola bilər, bəzi parlamentarilər AzadlıqRadiosuna deyiblər ki, durum monitorinq olunacaq.

XS
SM
MD
LG