"Emmi" mükafatlı jurnalist Artyom Lısak Rusiya tərəfindən işğal olunmuş Krımdan gizli reportaj hazırlayaraq azadlığını riskə atıb. O, insan hüquqlarının pozulduğu, qanunsuz ilhaq altındakı yaşayışı sənədləşdirərkən FSB-nin sorğu-sualları, izlənmə qorxusu və daimi həbs təhlükəsi ilə üzləşib. 2016-2020-ci illərdə o, Nazar Sitnik təxəllüsü ilə AzadlıqRadiosunun "Krım.Realii" layihəsində reportyorluq edib.
2014-cü ildə Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən işğalından sonra ukraynalı jurnalistlər hədə-qorxu və zorakılıqla üzləşib. 2015-ci ilin martına qədər onlara yalnız Rusiya Xarici İşlər Nazirliyinin akkreditasiyası ilə işləməyə icazə verilib - bu akkreditasiya isə nadir hallarda verilirdi. Risklərə baxmayaraq, Lısak işğal altındakı həyat haqqında məlumat verməyə davam edib və bunu etmək üçün çox vaxt öz azadlığını təhlükə altına qoyub.
"Mənim ilkin hazırlığım vardı", –A.Lısak bildirib. "Bu, sosial media hesablarımı təmizləmək demək idi – "Maydan"la bağlı bütün şəkilləri, Ukrayna bayraqları və Ukrayna əsgərləri ilə olan hər şeyi sildim. Bütün yazışmaları sildim. Bu, ilk addım idi. Hətta telefon nömrələrini belə silmişdim... Və ya, məsələn, redaktorlarımızın əlaqə məlumatlarını tamamilə fərqli adlarla saxlamışdım. Əgər kimsə telefon kitabçamı yoxlayarsa, telefonum tamamilə təmizlənmiş olsun".
Özünü gizlətmək, kamerayla işinin şübhə doğurmaması və istənməyən diqqət çəkməməsi üçün Lısak bir narrativ yaradıb.
"Hətta bir YouTube kanalı yaratdım və bir neçə fərqli video yüklədim. Sanki tarixi abidələrə marağım varmış kimi bəzi videoları sadəcə internetdən endirib yenidən öz kanalıma yüklədim. Bəzi videolar isə həqiqətən mənim idi. Bu, mənim narrativimin bir hissəsi idi. Hətta kanalı bir az tanıtmağa çalışdım ki, baxış sayı qazana bilim. Hekayəm isə belə idi: Mən bir bloqer, reklam agentliyində işləyən bir marketinq mətn yazarı idim, amma Krımı çox sevirdim — havasını, təbiətini, bloqerliyi. Deyirdim ki, ora səyahət edirəm və mənim işim uzaqdan işləməyə imkan verir. Bu, gizlənmək üçün hekayəm idi və buna bağlı qaldım".
Lısakın ailəsi, yaxın dostları və hətta bir çox həmkarı onun həqiqətən nə etdiyini bilmirdilər.
"Məsələn, anam iş üçün Polşaya getdiyimi düşünürdü. Hətta ona nə üçün zəng edə bilmədiyimi izah etmişdim - deyirdim ki, "mən Polşadayam, burada zəng etmək çətindir". Uzun müddət, hətta həmkarlarımın çoxu belə bilmirdilər. Yalnız mənim ən yaxın dostum və, bəlkə də, bir neçə nəfər bilirdi. Psixoloji cəhətdən çətin idi... Əvvəla, əslində nə etdiyinizi heç kimlə bölüşə bilməzsiniz. Nə vaxt kimsə məndən nə ilə məşğul olduğumu soruşanda "yaradıcılıq fasiləsindəyəm" deyərdim", - A.Lısak AzadlıqRadiosunun əməkdaşı Dmitri Yevçinə bildirib.
"Axşamınız xeyir, bu, FSB-dir"
Lısak işğal olunmuş Krımdan eksklüziv reportajlar çəkib, burada turizm mövsümü, Ukrayna Pravoslav Kilsəsinə, LGBT icmasına qarşı təzyiqlər, Krım tatarlarına qarşı təqiblər, Tavrida magistralının və Kerç körpüsünün qanunsuz tikintisi kimi mövzuları əhatə edib: "Mən heç vaxt bir şəhərdə üç gündən çox qalmazdım... Böyük bir bel çantası daşıyırdım və daim gəzirdim. Bəzən hiss edirdim ki - bəlkə də, paranoyyalıqdır, - kimsə məni izləyir. Sadəcə qərara alırdım ki, başqa yerə getməliyəm. Axşam avtobusa minib başqa yerə gedirdim, sırf bu hissi keçirdiyim üçün. Məsələn, avtobusda kimisə görürsən, sonra axşam saatlarında başqa bir şəhərin sahilində eyni adamı görürsən. Və sən maraqlanmağa başlayırsan: Məni əslində kimsə izləyirmi?".
Bir dəfə Kerç şəhəri yaxınlığında çəkiliş edərkən Lısakdan telefon nömrəsini yerli bir fəala verməsini xahiş ediblər. Fəal əhəmiyyətli bir şey paylaşacağını bildirib. Sonradan fəal zəng edərək avtobus stansiyasında görüşməyi təklif edib, amma özü oraya heç gəlməyib: "Mən orada dayanmışdım və artıq onları görürdüm - iki tipik FSB işçisi. Dərhal başa düşdüm. Onlar dedi: "Axşamınız xeyir, bu, FSB-dir. Sən kimsən? Burada nə edirsən?". Mən onlara Ukrayna pasportumu göstərdim. Onlardan biri dedi: "Zəhmət olmasa, bizim maşına əyləşin". Mən də cavab verdim: "Sizinlə gəzəcəyəm, amma maşına minməyəcəyəm". Onlar məndən bir az qabağa getdilər, mən də bir az geridə qalmağa çalışdım. Cibimdəki telefonu açıb ekrana baxdım və tez redaktoruma mesaj göndərdim: "Məni saxlayıblar, mənə yazmayın". Söhbəti silməzdən əvvəl göndərə bildiyim tək şey bu oldu".
"Bacın olduğunu iddia edən biri sənə mesaj atıb"
FSB ofisində Lısak əmin idi ki, onu dindirəcəklər - onların aksenti və Krım coğrafiyası haqqında tam məlumatsızlığı onları ələ verdi.
"Bir nəfər mənə sual verdi. Sonra başqa biri gəldi və eyni sualları verdi. Daha sonra üçüncü biri də eyni şeyi etdi. O nöqtədə artıq telefonumu almışdılar", – o xatırlayır. "FSB agentlərindən biri içəri girdi və dedi: "Artyom, sənin qardaşın var?". Düşündüm ki, baxmayaraq ki, kontaktları silmişdim və qardaşım telefonda qeydli deyildi, yalan danışmağın mənası yoxdur – əgər öyrənmək istəsələr, bunu öyrənəcəkdilər. Ona görə də dedim: "Bəli, qardaşım var". Sonra o, "Bəs bacın?", - deyə soruşdu. Mən dedim: "Xeyr, bacım yoxdur"".
"Ondan sonra dedi: "Bax, bacın olduğunu iddia edən biri sənə mesaj atıb". Məlum oldu ki, əlaqə qurmağı bacardığım redaktorlarımızdan biri (onun adını "Bacım" kimi qeyd etmişdim) "Necəsən?" mesajını göndərmişdi".
O an, Lısak həqiqəti deməyə qərar verib: "O zaman AzadlıqRadiosu vəsiqəmi çıxardım – təxminən üçüncü saatda ilk yalan artıq ortaya çıxmışdı. Dedim: "Yoldaşlar, mən həmçinin AzadlıqRadiosunun Ukrayna xidməti üçün frilans jurnalist kimi çəkilişlər edirəm. Mən səyahət edirəm". Onlar sadəcə dedilər: "Başa düşdük"".
A.Lısakın Krımda kirayələdiyi mənzil axtarılmış, kompüteri və digər avadanlıqları ələ keçirilsə də, qanunsuz heç bir şey tapılmamışdı.
O, fevralın 23-də Rusiyanın milli bayramı - Vətən Müdafiəçiləri Günü ərəfəsində yenidən saxlanıldı: "Mən onların dəhlizdə gedib-gələrkən şikayət etdiklərini eşitdim. Mən onların sauna səfərləri ilə bağlı planlarını məhv etmişdim", – Lısak xatırlayır. "Onlar öz rəislərini çağırdılar. Rəis gəldi, amma nə edəcəyini bilmirdi. Heç biri bilmirdi. Hamısı xaricdən gələn, kazak tipli şəxslər idi və başa düşürdülər ki, bu, (Lısakın həbsi) çoxlu hesabatlar və əlavə iş deməkdir".
Görünür, bayramlarını korlamamaq üçün FSB əməkdaşları Lısakdan Krıma sadəcə pul qazanmaq məqsədilə gəldiyini iddia edən bir videoetiraf çəkməsini təklif etdilər. Video çəkildikdən sonra onu sərbəst buraxdılar. Saat 5-də o, bir avtobusa minib Krımın inzibati sərhədini keçərək əsas Ukraynaya qayıtdı.
Bu çətinlikdən sonra Lısak Krımda qalıb işləməyi dayandırdı. O, altı ay müddətində Kiyevdə AzadlıqRadiosunun Ukrayna xidmətinin ofisində işlədikdən sonra Krıma yenidən səfərlərinə davam etdi. Təxminən bir il boyunca o, "Krım.Realii" üçün reportajlar çəkmək və hazırlamaq məqsədilə ora səfərlər etdi – ta ki, FSB tərəfindən bir daha sorğu-sual üçün çağırılana qədər.
Bu dəfə Lısak məhkəmə ilə hədələndi. Ona qeyri-qanuni jurnalist fəaliyyəti göstərməkdə və Krıma iş məqsədilə səfər etdiyi barədə məlumat verməmək ittihamı irəli sürüldü. Məhkəməsini gözləmək əvəzinə Lısak risk almağa qərar verdi və bir daha sərhədi keçməyi bacardı. Ondan sonra o, bir daha Krıma qayıtmadı.