Erməni tərəfinin məlumatı: gərgin döyüşlər gedir
"Şimal və cənub istiqamətlərdə gərgin döyüşlər gedir. Cəbhənin bəzi hissələrində Azərbaycan tərəfi böyük qüvvələr yığıb".
Bunu Facebook-da Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Arsrun Hovannisyan yazır.
Dağlıq Qarabağın erməni ordusu atəşin dayandırılmasını müzakirə etməyə hazırdır
"Dağlıq Qarabağın ordusu əvvəlki mövqelərin bərpası kontekstində atəşin kəsilməsini müzakirə etməyə hazırdır."
Azadlıq Radiosunun erməni xidmətinin çməlumatına görə, bunu Dağlıq Qarabağın müdafiə nazirliyinin mətbuat xidməti bildirir.
Vaqif Dərgahlı: "heç bir mövqe itirməmişik"
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AZƏRTAC-a deyib ki, bu barədə yayılan məlumatlar yalandır: «Biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir».
Döyüşlər davam edir
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yayıb.
Məlumatlarda cəbhədə döyüşlərin davam etdiyi bildirilir.
Nazirliyin deməsinə görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi sıradan çıxarılıb. Orada general və bir sıra yüksəkrütbəli zabitlərin də öldüyü bildirilir.
Müdafiə Nazirliyi qeyd edir ki, həyata keçirilən əməliyyatla bağlı videogörüntülər ictimaiyyətə təqdim olunacaq.