Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:59

30 il sonra Ermənistan üzərindən Naxçıvana…


AZAL
AZAL

"Azərbaycan Hava Yolları" (AZAL) dövlət aviaşirkəti Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Bu barədə dövlət aviaşirkəti məlumat yayıb.

Qurumdan bildirilib ki, Bakı-Naxçıvan-Bakı daxili marşrutu üzrə uçuşlar bu gün, oktyabrın 6-dan Ermənistan ərazisi üzərindən start götürüb. Azərbaycanın digər hissələri ilə Naxçıvan Muxtar Respublikasının quru sərhədi yoxdur.

Əvvəl bu daxili marşrut üzrə uçuşlar İran hava məkanından istifadə edilməklə həyata keçirilib. Dünən, oktyabrın 5-də yerli saytlarda hərbi mənbələrə istinadən belə məlumat yayıldı ki, İran Azərbaycan tərəfinə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyduğunu çatdırıb. Ardınca sosial şəbəkələrdə İranın Azərbaycanın mülki reysləri üçün hava məkanını qapatması ilə bağlı da iddialar yayıldı. Amma bunların heç birini rəsmi qurumlar, hələlik, təsdiqləməyib.

"Bu, vaxtın və yanacaq sərfiyyatının…"

AZAL-dan "Turan"a bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir: "Bu, həmçinin uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq".

AZAL-dan o da vurğulanıb ki, Türkiyə, Avropa Naxçıvandan fərqli bir coğrafi məkanlarda yerləşir və hava dəhlizləri də müxtəlifdir: "Hava dəhlizlərin sayı bir deyil. Hər bir reys üçün hava dəhlizi var. Bundan əvvəl reyslərin keçirilməsi üçün biz Ermənistan məkanından istifadə etmirdik".

Qurumdan Azərbaycanın Ermənistanın mülki hava nəqliyyatı üçün öz ərazisini açıb-açmaması ilə bağlı isə heç nə deyə bilməyəcəklərini söyləyiblər.

30 il əvvəl…

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Ermənistanın üzərindən uçuşlarını 1991-ci ildən dayandırıb. Onun sözlərinə görə, Azərbaycanın İranla son həftələr münasibətlərinin gərginləşməsindən əvvəl Ermənistan rəsmi şəkildə öz hava məkanından "Türk Hava Yolları"nın Naxçıvan-Gəncə reysinə imkan yaratmışdı: "Bu, təxminən bir ay əvvəl olub. Yəni, Naxçıvana uçuşları üçün Ermənistan ərazisindən istifadəsinin İranla münasibətlərlə heç bir əlaqəsi yoxdur. Halbuki, İran bizə təzyiq göstərməyə çalışır. Biz Gorus-Qafan yolunda (yolun 21 kilometri Azərbaycandan keçir) yükləri yoxlamağımızla bağlı İran indi bizə təzyiq göstərir. Hazırda iki ölkə arasında faktiki olaraq soyuq müharibə gedir".

Azərbaycan İran arasında son yaşananlar

Son aylar Azərbaycan və İran arasında müəyyən narazılıqlar müşahidə edilir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. Habelə, prezident İlham Əliyev İranın bu yaxınlarda Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi.

Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İran rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

Azərbaycan prezidenti isə son çıxışlarının birində deyib ki, "heç kim bizim işimizə burnunu soxmasın".

Dünən, oktyabrın 5-də isə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yayılan məlumatda buna səbəb kimi koronavirus infeksiyası göstərilib. Məsələyə, hələlik, İranın Azərbaycandakı səfirliyi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük savaşda Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada onlar yenə üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG