Keçid linkləri

2024, 01 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:52

Azərbaycan xəbərləri

AZAL və ‘Buta Airways’ aviaşirkətləri Rusiyaya bütün reysləri dayandırır

Azərbaycana məxsus sərnişin təyyarəsi, Moskva, Domodedovo hava limanı, 8 aprel 2015
Azərbaycana məxsus sərnişin təyyarəsi, Moskva, Domodedovo hava limanı, 8 aprel 2015

“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri martın 6-da saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Bu barədə Azərtac məlumat yayıb.

Məlumatda vurğulanr ki, martın 6-dan başlayaraq beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.

AZAL-dan AZƏRTAC-a verilən məlumata görə, vəziyyət, həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar.

Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.

Yuxarıda qeyd olunanlarla əlaqədar, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri martın 6-da saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.-məlumatda deyilir.

Şirkət müraciətində sərnişinlərə aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edir.

Məlumatda həmçinin qeyd olunur ki, "ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər".

Bütün xəbərləri izləyin

Ələsgər Məmmədlinin səhhətindəki problemlər artıb

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşməyə davam edir.

Bu haqda Turan agentliyinə onun qardaşı Nəsimi Məmmədli bildirib.

"Bu gün Ələsgər İstintaq Təcridxanasından zəng edib. Biz 5-6 dəqiqə danışdıq. O, çətinliklə, tez-tez fasilə verərək danışırdı, vaxtaşırı öskürürdü. Boğazında şiş böyüdüyünə görə o, yuxusuzluqdan əziyyət çəkir. Daimi baş ağrıları var. Həkimlər təhlil üçün üç yaxma (boğazından) götürüblər. 2-3 gün sonra cavabları məlum olacaq. Sonuncu görüşdə mən ona ağrıkəsici dərmanlar vermişdim, lakin onlar onun vəziyyətinə təsir etməyib", - deyə N.Məmmədli bildirib.

İyunun 22-də mülki klinikada biopsiya təhlilindən sonra Ə.Məmmədli İstintaq Təcridxanasına qaytarılıb.

Nəsimi Məmmədli deyib ki, qardaşının stasionar müalicəyə ehtiyacı olmasına baxmayaraq, onu hələ də İstintaq Təcridxanasında saxlayırlar:

“O, vəkillə görüşüb və klinikaya aparılarkən ona qarşı pis rəftarla bağlı beynəlxalq məhkəməyə ərizə göndərib".

Qardaşı deyib ki, səhhətindəki ciddi problemlərə baxmayaraq, Ə.Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır və ona dəstək ifadə edən hər kəsə salamlarını göndərib.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

İlham Əliyev: Sülh müqaviləsinin mətni bir neçə aya yekunlaşa bilər

“Sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”.

Bunu prezident İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

“Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

İlham Əliyev deyib ki, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq:

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Qayıdış hüququ ilə bağlı səfirin şərhinə cavabındasa deyib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalıdır. Bu Ermənistanı tərk etmiş azərbaycanlılara da şamil olunmalıdır.

İyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın Bakıdan sülh müqaviləsinə dair təkliflərin onuncu paketini aldığını təsdiqləmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Mirzoyan sülh müqaviləsinin bir ay ərzində imzalanması təklifinə Bakıdan “müsbət reaksiya” görmədiyini demişdi.

Ermənistan xarici işlər naziri bildirmişdi ki, buna baxmayaraq Yerevan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması prosesinə sadiqdir.

Bakıda 198 ağac və kol qanunsuz kəsilib

Meşələri qıranlar necə cəzalandırılır
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Bu ilin iyununda Bakıda 198 ağac və kol qanunsuz kəsilib. Təbiətə 413 min manatdan çox ziyan vurulub.

Bununla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Xəbəri Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Bakıda və bölgələrdə ağacların qanunsuz kəsilməsi ilə bağlı tez-tez xəbərlər gəlir.

Bu ilin mayında isə Qusarda meşə fonduna aid ərazinin satılması, ağacların kəsilməsi haqda xəbərlər yayılmışdı. Rəsmi qurumlar xəbəri əvvəlcə təkzib etmişdilər. Bir neçə gün sonra isə Baş Prokurorluq Qusarda vəzifəli şəxslərin meşə fonduna aid 22.3 hektar ərazini satdığını açıqlamışdı.

Qaydalara cavab verməyən taksi sürücülərinin profilləri bloklanır

Çarə
Gözlə
Embed

No media source currently available

0:00 0:01:16 0:00

Taksi şirkətləri yeni qaydalara cavab verməyən avtomobillərin sürücülərinin profillərini bloklamağa başlayıb.

Bu, iyulun 1-dən qüvvəyə minən yeni qaydalarla bağlıdır.

Taksi sürücülərindən biri "Turan"a bildirib ki, şirkətlər artıq ötən həftədən 2006 və 2007-ci il istehsalı olan avtomobillərin sürücülərinə tətbiqə girişi bloklayır: "Bu gündən 2008-ci ilin maşınlarının sürücülərini də bloklamağa başlayıblar. Deyilənə görə, bu, mərhələli şəkildə baş verəcək".

Taksi şirkətlərindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə "Turan"a bildirilib ki, taksi xidməti ilə məşğul olmaq istəyənlər icazələr aldıqdan sonra fəaliyyətlərini davam etdirirlər: "Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Bu gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər. Həmçinin avtomobillərə "Avro-5" standartı tələbi də bu gündən qüvvəyə minir. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra... idxal və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir".

AYNA-nın məlumatına görə, bugünədək taksi fəaliyyəti üçün 11 min 696 "buraxılış kartı" alınıb, 24 min 482 sürücü təlimlərə cəlb edilib. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

Agentliyin əməkdaşları buraxılış kartlarını da yoxlayacaq. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində inzibati tənbeh tədbirləri görüləcək.

Rəsmi olmayan məlumatlara görə, yeni qaydaların tətbiqinə qədər Bakıda 50 minə yaxın taksi fəaliyyət göstərirdi. Artıq keçən aydan taksi xidmətində qiymətlər bahalaşıb.

Hüquq müdafiəçiləri 'Anar Məmmədli kampaniyası'na başlayıblar

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə növbəti konfransını - COP29-u qəbul etməyə hazırlaşdığı bir vaxtda bir qrup azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda repressiyalara son qoyulması üçün birgə kampaniyaya başlayıb.

Bu barədə Cenevrədə yerləşən "Progress&Change Action Lab" qeyri-kommersiya məsləhət qrupunun məlumatında deyilir.

"Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiyalar mühitinə diqqəti artırmağa yönəlib", - kampaniyanın press-relizində bildirilir.

Kampaniya təsisçiləri "AbzasMedia", "ToplumTV" və "Kanal 13" jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və meclis.info kimi qeyri-hökumət təşkilatlarının, "Üçüncü Respublika Platforması" kimi siyasi qrupların fəallarının həbsini xatırladırlar.

Xatırlatma

Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

A.Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bu gündən çağırışçıların yararlığı qaydaları dəyişir

Çağırışçıların tibbi müayinəsi
Çağırışçıların tibbi müayinəsi

Bu gün, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı, ya da yararsız olması qaydaları dəyişir.

Çağırışçılarn yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

İndiyə qədər bu məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) nəzdindəki tibbi komissiyaların səlahiyyətində idi.

Bu ilin yanvarında Baş Prokurorluq və SHXCX hərbi xidmətdən yayınma faktları ilə bağlı 20 cinayət işi açılması xəbərini yaymışdı.

Ötən il SHXCX-nin bir neçə vəzifəli şəxsi saxlanılıb. Onlar pul qarşılığında ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərməkdə ittiham olunublar.

Azərbaycanda Aİ-92 benzini, dizel, metro bahalaşdı 

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

Azərbaycanda Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı bahalaşıb.

Bununla bağlı bu gün, iyunun 30-da Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı açıqlanıb.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1.10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Şura artım qərarını ölkədə "AVRO-5 standartına tam uyğun istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi" ilə izah edir.

Aİ-95 benzininin 1 litrinin qiyməti isə iyulun 15-dən 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Metroda gediş haqqı 10 qəpik bahalaşıb

Habelə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 10 qəpik bahalaşaraq 50 qəpik təsdiq edilib.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətləri tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Buna qədər isə bu qiymət 40 qəpik idi.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də yüksəlib. Məsələn, Bakı-Sumqayit avtobusunun qiyməti 60 qəpikdən 70 qəpiyə artırılıb.

Necə olur ki, Praqada metroda gedişhaqqı Bakıdan ucuzdur?
Gözlə

No media source currently available

0:00 0:08:57 0:00

İmtahandan kəsilən müəllimlər narazıdır

Müəllimlərin etirazı
Müəllimlərin etirazı

Bu gün, iyunun 28-də sertifikasiya imtahanından kəsilən müəllimlərin bir hissəsi Bakıda Elm və Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar. Onlar imtahanların şəffaf keçirilmədiyini, imtahan zamanı texniki problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Həmin şəxslərin vurğulamasına görə, imtahandan kəsilən müəllimlərin əmək müqavilələrinə xitam verilir. Hazırda işsiz qalan müəllimlər yeni işlə təmin olunmalarını tələb edirlər.

Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma 2021-ci ildən aparılır. O, iki mərhələdən (test və müsahibə) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.

Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, iyunun 8-də baş tutan imtahanda 7 min 296 müəllim iştirak edib: "İlkin nəticələrə əsasən, bu il ölkə üzrə 3 min 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb".

Keçən il ölkədə təkrar sertifikatlaşdırmadan 743 müəllim keçməmişdi. Bu müəllimlərdən bir çoxu Bakıda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Onlardan bəziləri imtahanda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, bəziləri isə suallardan narazı olduqlarını bildirmişdilər.

Rəsmi cavab

İyunun 28-də nazirlikdən bildirilib ki, təkrar sertifikatlaşdırmada uğursuz olan müəllimlərin müraciətlərinin qəbulu aparılır. "Keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb. Komissiyalar 30 iyul tarixinədək fəaliyyət göstərəcək", - məlumatda vurğulanıb.

Azərbaycan və Rusiya arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Bugün, iyunun 25-də Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya XİN arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Həmin məlumata görə, görüşdə həmçinin Azərbaycan Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri də iştirak ediblər.

“... İki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.”, məlumatda vurğulanıb.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri görüşün protokolunu imzalayıblar. Protokolun detalları, hələlik, açıqlanmır.

Rusiya Qarabağda baş konsulluq açmaq istəyir

TASS-ın xəbərinə görə, bunu bu yaxınlarda Rusiya Federasiya Şurası Xarici əlaqələr komitəsinin sədri Qriqori Karasin demişdi.

O, baş konsulluğun açılışının bu il baş tutacağına ümid etdiyini bildirmişdi.

Hələlik, bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ictimaiyyət qarşısında fikir bildirməyiblər.

Azərbaycan Xankəndi şəhərini 2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində tam öz nəzarətinə götürüb. Bakı bunu "lokal antiterror tədbirlər"i, Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Xatırlatma

1990-ci illərdən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu.

Daha sonra Qarabağda Azərbaycanın tanımadığı qurum fəaliyyət göstərirdi. Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan həmin ərazilərin böyük bir hissəsinə nəzarəti təmin etdikdən sonra bölgəyə Rusiya sülhməramlıları yerləşdirilmişdi.

Bu yaxınlarda həmin silahlı qüvvələrin bölgədən çıxarıldığı bildirilib.

Parlament büdcəni dəyişdi

Milli Məclis
Milli Məclis

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında "2024-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub.

Dəyişikliklərə əsasən, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, gəlirləri isə 36 milyard 353 milyon manat proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırılır.

Bununla da büdcənin xərcləri 3 milyard 796 milyon manat artırılır. Artımdan 1 milyard 160 milyon manatın işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinə yönəldiləcəyi bildirilir. Habelə ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinə də ayrılan xərclərin artırılması proqnozlaşdırılır. Bu sıraya infrastruktur və digər layihələrin maliyyə təminatının gücləndirilməsi də daxildir.

Sənəddə neftin bir barelinin ixrac qiyməti 60-dan 75 dollara qaldırılıb. Hazırda dünyada neftin qiyməti 80 dollardan yüksəkdir.

Azərbaycanda karantin yenə uzadılıb

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, "koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə" Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri bunu hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-ünün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.

ÜST da ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Baş prokuror: Separatçılarla bağlı istintaq başa çatıb

Bako Saakyan, Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan
Bako Saakyan, Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan

Ötən ilin sentyabrında Qarabağda keçirilən əməliyyatlardan sonra həbs edilən oradakı separatçı qurumun rəhbərliyində olmuş şəxslərin istintaqı başa çatıb.

Bu barədə baş prokuror Kamran Əliyev iyunun 24-də Xankəndidə "Mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda keçirilən elmi-praktik konfransda bəhs edib

K.Əliyev qeyd edib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: "Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".

Söhbət Qarabağdakı keçmiş separatçı qurumun liderləri- "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərindən gedir.

Onlar terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır cinayətlərdə ittiham edilirlər. Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Amma Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan Yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin həmin şəxs sonradan Ermənistana getdikdən sonra bu qərardan imtina edildiyini açıqladı.

Həmin vaxt da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Bakıda silahlı toqquşmada beş nəfərin öldüyü deyilir

Polis
Polis

Bakıda silahlı toqquşmada üçü polis olmaqla beş şəxs öldürülüb.

Bununla bağlı iyunun 24-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Onların məlumatına görə, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyevi polis saxlayarkən o, silahlı müqavimət göstərib.

Rəsmi açıqlamada iddia olunduğuna görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib: "..."Lancaster" markalı ov silahından atəş açaraq üç nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirib".

Davam etdirilən tədbirlərlə R.Allahverdiyevin də öldürüldüyü bildirilir.

Hələlik, rəsmi açıqlamaya R.Allahverdiyevin yaxınları və vəkilinin münasibəti bəlli deyil.

Onun nəyə görə axtarışa verildiyini öyrənmək mümkün olmayıb.

Ələsgər Məmmədlidə aşkar edilən şişdən biopsiya götürülüb

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Həbsdə olan "ToplumTV" internet televiziyası və eyniadlı portalın təsisçisi Ələsgər Məmmədlinin boğazındakı şişin müayinəsi üçün qısa müddətlik mülki klinikaya aparıldığı bildirilir.

Amma Ə.Məmmədlinin yaxınları prosedur zamanı ona qarşı davranışlardan narazı qaldıqlarını qeyd edirlər.

Bu barədə Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib. Onun sözlərinə görə, Ə.Məmmədlinin normal müayinəsinə, qan analizlərinin götürülməsinə imkan verilməyib.

O, müayinənin iyunun 22-də "West Hospital"da keçirildiyini bildirib.

İyunun 15-də müdafiə tərəfi Xətai rayon Məhkəməsinə bununla bağlı ərizə vermişdi, onun özü və ya ailəsinin seçdiyi klinikada, istədiyi həkimin müayinəsinə imkan verilməsi barədə qərar qəbul edilmişdi.

N.Məmmədli iyunun 22-də təcridxanada qardaşı ilə görüşdüyünü deyir: "Vəkillərə bildirilmişdi ki, köçürülmə vaxtı müəyyənləşəndə bu barədə məlumat veriləcək, çünki seçdikləri həkimlər də işini ona uyğunlaşdırmalı idilər. Lakin iyunun 22-də vəkillərinə və ailə üzvlərinə xəbər vermədən Ələsgər Məmmədlini klinikaya gətirib, az sonra geri qaytarıblar".

N.Məmmədli qeyd edir ki, qardaşının boğazında – şişdən nümunə götürülmüş hissədə sarğı vardı, üstəlik, qolunda da sıyrılmış açıq yaralar diqqət çəkirdi: "Onu səhər təcili iki-üç nəfərlik konvoy nəzarəti altında "West Hospital “a gətiriblər. Heç kimə demədən, gizli şəkildə. Klinikanın arxa qapısından içəri daxil olanda orada təxminən 30 nəfərlik mülki və polis geyimində təhlükəsizlik orqanlarının əməkdaşları olub. Onların əhatəsində, qolları qandallı şəkildə onu dördüncü mərtəbədə yerləşən əməliyyat otağına çıxarıblar. Liftin girişində və çıxışında 10-15 nəfərlik xüsusi mühafizə yerləşdirilib. Qardaşım biopsiya olunacaq kiçik palataya qolu qandallı daxil olub...".

Onun fikrincə, həkimə normal müayinə aparmasına imkan verilməyib: "Biopsiya əməliyyatını həkim çox məhdud şəraitdə icra edib".

Ə.Məmmədlinin qollarındakı sıyrıqlara gəlincə, qardaşının sözlərinə görə, o deyib ki, biopsiyadan çıxıb maşına mindirilərkən ani başgicəllənməsinə görə müvazinətini itirib: "Qolları qandallı olduğuna görə heç yerdən tuta bilməyib və maşının qapısındakı hansısa çıxıntıya sürtülüb. Biz bu vəsatəti ona görə vermişdik ki, Ələsgər bəyin sağlığına yaranmış real təhlükəni ortadan qaldıraq. Amma belə anladıq ki, buna nail olmağa imkan vermək istəməyənlər var. Ələsgər bəy özü də anlamağa çətinlik çəkir ki, niyə belə bir pis rəftara məruz qalıb?".

Hələlik, bütün bu deyilənlərə rəsmi qurumlardan və sözügedən klinikadan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Tofiq Yaqublu həyatına təhlükə olduğunu düşünür

Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu həyatına təhlükə olduğunu düşünür. O, iyunun 21-də öz məhkəməsində bununla bağlı plakat nümayiş etdirib.

"Putin həbsdə Navalnını öldürdüyü kimi, Əliyev də məni həbsdə öldürməyi planlaşdırır", - plakatda yazılıb.

Siyasi fəal həmçinin, prosesi izləməyə gələn xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələrinə üz tutub.

"Diktator Əliyevi dəstəkləməyin!", - onun məhkəmədə qaldırdığı daha bir plakatda yazılıb.

T.Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev məlumat verib ki, bu işdəki hakimlər kollegiyasına daxil olan Azər Tağıyevin səhhətində problem yaranıb. Hakimin vurğulamasına görə, bu üzdən məhkəməni tam tərkibdə keçirmək mümkün deyil. Ona görə də məhkəmə prosesinin bir ay sonraya - iyulun 28-nə təxirə salındığını açıqlayıb.

Tofiq Yaqublu
Tofiq Yaqublu

T.Yaqublunun məhkəməsini izləməyə 100-dək ictimai-siyasi fəal, jurnalist, diplomatik korpus nümayəndələri gəlib. Onların əksəriyyəti məhkəmə zalına buraxılmayıb.

Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında çoxlu sayda polis olub. İçəridə proses gedən vaxt məhkəmənin qarşısında polislər oradakı ictimai fəallardan biri Cəmil Hacıyevi məcburi qaydada tutub aparıb. Onun hara aparıldığını dəqiqləşdirmək mümkün olmayıb. AzadlıqRadiosunun əməkdaşı C.Hacıyev ilə əlaqə saxlamağa cəhd göstərsə də, onun telefonu söndürülüb.

Məsələ ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyi ilə danışmaq cəhdləri nəticə verməyib.

T.Yaqublunun məhkəmədə nümayiş etdirdiyi plakatlarda yer alan iddia və tələbə rəsmi, habelə cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, prezidentlə bağlı "diktator" ifadəsini qəbul etmirlər. Onların fikrincə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur və heç kim siyasi əsaslarla təqib edilmir.

Rusiya müxalifətinin lideri Aleksandr Navalnı bu ilin fevralında həbsxanada vəfat edib. Yaxınları və ailəsi onun ölümündə birbaşa Rusiya prezidentini günahlandırırlar. Amma Rusiya rəhbərliyi belə ittihamları qəbul etmir.

Xatırlatma

T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsə atılıb. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Blinken Əliyevə: 'Bunu mümkün qədər tez edin'

Antoni Blinken/İlham Əliyev
Antoni Blinken/İlham Əliyev

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev ilə telefonla danışıb.

Dövlət Departamentinin məlumatına görə, A.Blinken Ermənistanla Azərbaycanın sülh sazişinə doğru davamlı irəliləyişini etiraf edib və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb. O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu təkrarlayıb: "Dövlət katibi... Azərbaycanla konstruktiv əməkdaşlığın vacibliyini vurğulayaraq ABŞ-nin COP29-un (BMT iqlim konfransı) uğurlu keçməsinə köməklik göstərməyə sadiq olduğunu bildirib. O, bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb".

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər.

DTX prezidentin adından istifadə edən kibercinayətkarların tutulduğunu deyir

Haker
Haker

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, iyunun 20-də bildirib ki, dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

DTX vurğulayır ki, Azərbaycan prezidentinin və başqalarının adından süni intellekt proqramları – "deepfake" texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (SOCAR), "Kapital Bank"... tərəfindən qazanc vədi verən saxta elanların yayılması ilə bağlı cinayət işi açılıb: "Kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub".

Bildirildiyinə görə, Azərbaycanın və digər ölkələrin vətəndaşlarının pulunu ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukraynada saxlanıb, "qrupun cinayətlərində iştirak etmiş" iki Azərbaycan vətəndaşı barədə ölkələrində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, adları çəkilən Azərbaycan vətəndaşları və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Qubad İbadoğlunun həyat yoldaşının səhhətində problem yarandığı deyilir

İradə Bayramova
İradə Bayramova

İki ay əvvəl həbsdən ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın səhhətində problem yarandığı deyilir.

Q.İbadoğlunun qardaşı Qalib Toğrulun AzadlıqRadiosuna bildirməsinə görə, bu problem ötən il iyulun 23-də Azərbaycanda saxlanarkən ona yetirilən xəsarətlərin fəsadıdır.

Q.Toğrul qeyd edib ki, qardaşının saxlanması zamanı həyat yoldaşı da yanında olub və hər ikisinə zorakılıq olub: "10-a yaxın mülki geyimli şəxs tərəfindən xüsusi zorakılıqla maşından düşürülmələri İradə xanımda qorxu, sarsıntı və dərin psixoloji travma yaratmışdı. Bununla yanaşı, açıq qapıdan tutaraq maşına minmək istəməyən İradə xanımın əllərinə, ayaqlarına, bədəninə və başına zərbələr endirilib".

"Huşunu itirib"

Q.Toğrul deyir ki, bunun nəticəsində İ.Bayramovanın ayaqlarında, qollarında, bədənin müxtəlif hissələrində göyərmələr, qançırlar və baş nahiyəsində iki şiş yaranıb.

Onun sözlərinə görə, üç gün öncə, iyunun 15-də gecə İ.Bayramovanın İsveçdə yaşadığı evdə qəflətən vəziyyəti pisləşib və o, huşunu itirib: "Təcili yardım briqadasının ilkin tibbi müdaxiləsindən sonra İradə xanım hospitala yerləşdirilib. İlkin müayinələrdən sonra ona "vestibulyar sinirin iltihablaşması" diaqnozu qoyulub və bildirilib ki, xəstəliyin yaranması səbəblərindən birincisi başından ağır zərbə alması ehtimalıdır".

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

""Xəsarət izləri aşkar edilmədi" rəyini verdilər"

Q.Toğrul vurğulayıb ki, 2023-cü ildə məsələ ilə bağlı Azərbaycan Baş Prokurorluğuna şikayət etmişdilər: "Müstəntiq bizi ekspertizaya göndərdi. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində isə İradə xanımın bədənindəki göyərmələri və başındakı şişləri görmədilər, "xəsarət izləri aşkar edilmədi" rəyini verdilər".

O, əlavə edib ki, prokurorluq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıb.

Bütün bu deyilənlərə, hələlik, nə Daxili İşlər, Səhiyyə nazirlikləri, nə də Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olub.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

Paşinyan sərhədin delimitasiyasında referendumu istisna etmir

Baş nazir Nikol Paşinyan Sünik vilayətinin Çakaten kəndinin sakinləri ilə görüşür.
Baş nazir Nikol Paşinyan Sünik vilayətinin Çakaten kəndinin sakinləri ilə görüşür.

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin delimitasiyası zamanı ərazi mübadiləsi məsələsi ortaya çıxsa, referendum keçirəcək.

Bunu Ermənistanın Sünik vilayətinin Şinuayr kəndində ölkənin baş naziri Nikol Paşinyan deyib.

"Burada 100 kv.m verə, orada 100 kv.m əldə edə biləcəyiniz bir vəziyyət ola bilər. Bu halda biz heç nəyə qərar verməyəcəyik. Referendum keçirmək lazımdır, siz qərar verəcəksiniz", - o, kəndlilərə bildirib.

O, kənd sakinlərini əmin edib ki, hakimiyyət Ermənistanın öz ərazilərinin bir metrini də güzəştə getməyəcək. Bu kontekstdə Paşinyan sözdə "Zəngəzur dəhlizi"nin (Ermənistanın Sünik bölgəsindən keçəcəyi deyilən yol) açılması barədə şayiələri boş söhbət adlandırıb, kənd sakinlərini bu söhbətlərə fikir verməməyə çağırıb.

"Düzgün başa düşün - biz Azərbaycanla yeni sərhəd yaratmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik", - o əlavə edib.

24 may

Azərbaycan Qazaxın dörd kəndinə nəzarəti bərpa etdi

Ermənistan-Azərbaycan sərhədində sərhədçilər yerləşdirilir.

Mayın 24-də Azərbaycan sərhədçiləri Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini nəzarətə götürüb.

Ötən əsrin 90-cı illərində işğal olunan bu kəndlərin bu il aprelin 19-da dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 8-ci görüşündə Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı. Həmin vaxt Azərbaycan və Ermənistan öz aralarında sərhədin 1991-ci il Almatı bəyannaməsi əsasında müəyyən edilməsini də razılaşdırmışdılar.

"Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6.5 kv.km) Azərbaycana qaytarılması təmin edilib", - rəsmi məlumatda bildirilir.

Buna qədər Azərbaycan ümumilikdə səkkiz, Ermənistan isə 31 kəndinin ərazilərinin işğal edildiyini acılayıb.

Ermənistan da...

Bu il mayın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları Tavuş vilayətində dövlət sərhədinin Berkaber kəndi yaxınlığında 1.9 km, Voskepar və Bağanis kəndlərində isə 4.9 km hissəsinin mühafizəsini öz üzərinə götürüb.

MTX-nin məlumatına görə, dövlət sərhədinin Kirants (Ermənistan) – Xeyrımlı (Azərbaycan) istiqamətindəki 5.8 km-lik hissəsinin mühafizəsi iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə suverenliyini bərpa etdiyini açıqladı.

Bakı Qarabağda bir günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

İctimai fəalın saxlanıb buraxıldığı deyilir

Nicat Əmiraslanov
Nicat Əmiraslanov

NİDA Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanov iyunun 15-də saxlandığını, iki gün sonra isə sərbəst buraxıldığını bildirir.

Amma o, dedikləri ilə bağlı detallar açıqlamır, vəkili ilə məsləhətləşəcəyini bildirir.

Deməsinə görə, onu hüquq-mühafizə orqanların əməkdaşları saxlayıb: "Hazırda sərbəstəm. Təfərrüatlar barədə, hələlik, məlumat verə bilmərəm".

N.Əmiraslanovun dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bir gün əvvəl, iyunun 16-da isə NİDA Vətəndaş Hərəkatı N.Əmiraslanovun saxlanması ilə bağlı bəyanat yaymışdı.

"Daxili İşlər Nazirliyinin rəsmiləri bizə bildirdilər ki, Nicat Əmiraslanovun harada olması ilə bağlı onlarda məlumat yoxdur. Bu, onun taleyi və sağlamlığı ilə bağlı narahatlığı daha da artırır", - hərəkatın bəyanatında qeyd edilirdi.

Hərəkat Əmiraslanovun saxlanmasını "əsassız" hesab edir və bunu "son aylarda Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən repressiya dalğasının davamı" kimi qiymətləndirirdi.

Vəkil Zibeydə Sadıqova da iyunun 16-da "Amerikanın Səsi"nə bildirmişdi ki, iyunun 15-dən N.Əmiraslanovun harada saxlandığı barədə məlumat almağa çalışıb: "Dünəndən dörd dəfə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə zəng etmişəm. Hələ də Nicat Əmiraslanovun harada saxlanılması ilə bağlı məlumat ala bilməmişəm".

2017-ci ildə Əmiraslanov Qazax rayonunda 30 sutka inzibati qaydada həbs edilmişdi. Həmin vaxt sosial şəbəkələrdə onun saxlandıqdan sonra işgəncələrlə məruz qaldığı bildirilsə də, həmin iddiaları rəsmi qurumlar təsdiqləməmişdi.

N.Əmiraslanov həmin vaxt haqqında deyilənlərə münasibət bildirməmişdi.

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Almaniyadan dönən Şirin Tire haqda həbs qərarı ləğv edildi

 Şirin Tire Abbasov
Şirin Tire Abbasov

Almaniyaya mühacirət edib, orda oturum izini alan jurnalist Şirin Abbasovun (Tire) iyunun 14-də Azərbaycana qayıtdığı və elə hava limanındaca saxlandığı bildirilir.

Ş.Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb, o, axtarışa verilib. Bildirildiyinə görə, Nəsimi rayon Məhkəməsi onun haqqında qiyabi həbs-qətimkan tədbiri də seçib.

İyunun 15-də isə Ş.Abbasovun Binəqədi rayon Məhkəməsində hakim önünə çıxarıldığı bildirilir. Deyildiyinə görə, Baş Prokurorluğun İstintaq İdarəsindən onun barəsində həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı təqdimat verilib. Məhkəmə də həmin təqdimatı təmin edib, o, sərbəst buraxılıb.

Bundan sonra onun haqqında cinayət işinə xitam verilib-verilməyəcəyini aydınlaşdırmaq mümkün olmayıb. Məsələ ilə bağlı nə Baş Prokurorluq, nə də Ş.Abbasovun özü ilə danışmaq mümkün olub.

Ş.Abbasov Azərbaycana qayıtmazdan öncə iyunun 13-də AzadlıqRadiosunun müxbirinə açıqlama vermişdi. Demişdi ki, ən qısa zamanda Azərbaycana getmək fikrindədir. O, həmin vaxt Almaniyada yaşadığını söyləmişdi.

Ş.Abbasov həmin müsahibəsində sosial şəbəkələrdə onunla bağlı yer alan bəzi iddialara da münasibət bildirmişdi. Həmin iddialara görə, o, Almaniyada Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları ilə görüşüb və Bakıya razılaşma əsasında qayıdıb, bəzi müstəqil media qurumları ilə bağlı ifadə verəcək. Belə iddiaları yalanlayan Ş.Abbasov demişdi ki, Azərbaycanın Almaniyadakı səfirliyində olub: "Məqsədim ailəmlə görüşməkdir. Uzun müddətdir ailəmlə görüşməmişəm".

O, "üstünüzdə cinayət işi var, Bakıya getsəniz, həbs edilə bilərsinizmi" sualına isə belə cavab vermişdi: "Mənə görə, həbsdə olmaqla azadlıqda olmaq arasında ciddi fərq yoxdur. Zaman və məkan anlayışı insanın beyninin məhsuludur. Küçədə gəzməklə kimsə hesab edirsə ki, azadlıqdadır, bu onun gəldiyi qənaətdir. Bu, hər hansı problemlərə gətirib çıxararsa, legitim şəkildə onu həll etməyə çalışıram".

Bakıya qayıtdıqdan sonra onun məhkəməsində hansı ifadə verdiyi, hər hansı hüquq-mühafizə orqanında didirilib-dindirilmədiyi, hələlik, bəlli deyil.

Ş.Abbasov 2015-ci ilin sentyabrda Azərbaycanda inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu. O, həmin illərdə MeydanTV ilə əməkdaşlıq edirdi. Daha sonra jurnalist ölkədən gedərək Almaniyaya mühacirət etmişdi.

Məsələ ilə bağlı Almaniyanın rəsmi qurumları və Azərbaycanın həmin ölkədəki səfirliyi ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin noyabr ayından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Əsgər qəsdən öldürülübmü?

Azərbaycan hərbçisi
Azərbaycan hərbçisi

Baş Prokurorluğun Mətbuat xidməti iyunun 9-da naməlum şəraitdə itkin düşdüyü, iki gün sonra Şərur rayonunun Günnüt yaşayış məntəqəsində nəşi aşkarlandığı bildirilən əsgər Ceyhun Hüseynov barədə açıqlama yayıb.

Bildirilir ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Hələlik, məsələ ilə bağlı əsgərin yaxınları ilə danışmaq mümkün olmayıb.

Müdafiə Nazirliyi: 'İtkin əsgərin nəşi aşkar edilib'

İyunun 9-da naməlum şəraitdə itkin düşdüyü bildirilən əsgərin nəşinin tapıldığı açıqlanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyunun 11-də məlumat yayıb.

"...Əsgər Ceyhun Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib", - məlumatda vurğulanır.

Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

Rəsmi məlumata, hələlik, əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

+++

Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) Azərbaycan hərbçisinin sərhədi keçə biləcəyi barədə faktiki məlumat yoxdur. Bu barədə Ermənistan MTX-nin Mətbuat mərkəzindən bildirilib.

"Yeni məlumatımız olarsa, dəqiqləşdirəcəyik", – qurumdan əlavə ediblər.

Bu gün, iyunun 10-da bir Azərbaycan əsgərinin Ermənistan ərazisinə keçib saxlanması ilə bağlı bu ölkənin bəzi media orqanlarında məlumatlar yayılmışdı.

Azərbaycan əsgərinin itkin düşdüyü bildirilir

Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun iyunun 9-da itkin düşdüyü bildirilir.

Müdafiə Nazirliyinin (MN) məlumatına görə, o, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Hələlik, bu məlumata əsgərin yaxınlarının münasibəti bəlli deyil.

Bundan təqribən dörd ay əvvəl - fevralın 28-də Müdafiə Nazirliyi bir əsgərinin Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən "əlverişsiz hava şəraitində" istiqaməti itirərək azdığını bildirmiş və onun tapılması üçün axtarış aparıldığını açıqlamışdı. Sonradan həmin əsgər - Ruslan Pənahovun istiqamətini itirərək Ermənistana keçdiyi bildirildi. O, Azərbaycana təhvil verildi.

Keçən ilin aprelində isə Azərbaycanın başqa iki əsgərinin Naxçıvanda itkin düşdüyü, onların da Ermənistanda saxlandığı bəlli oldu. Onlar isə bir müddət bir sıra cinayətlərdə ittiham edilsələr də, həmin ilin dekabrında ölkələrinə təhvil verildilər.

1988-ci ildə gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu. Son illər həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında ayrı-ayrılıqda danışıqlar getsə də, hələlik, sülh sazişi imzalanmayıb.

Fernandu Santuş Azərbaycan yığmasının baş məşqçisi oldu

Fernandu Santuş
Fernandu Santuş

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bu gün, iyunun 13-də ölkə ictimaiyyətinə təqdim olunub.

Bu münasibətlə Bakıda mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, portuqaliyalı mütəxəssisin qarşısına bir sıra məqsədlər qoyulub: "Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq".

F.Santuş da ümid etdiyini bildirib ki, Azərbaycan böyük yarışlara onunla birlikdə yollanacaq

70 yaşlı çalışdırıcı ilə "3+1" illik müqavilə imzalanıb. Amma təzminat və maddi məsələlər açıqlanmır.

F.Santuş buna qədər Yunanıstan, Portuqaliya, Polşa yığmaları və bəzi klubları çalışdırıb. O, 2016-cı ildə Portuqaliya millisinə rəhbərlik edərkən həmin komanda Avropa Çempionu olub. Amma onun sonradan Polşa yığmasında fəaliyyəti qısa olub və uğurlu sayılmayıb. Portuqaliyalı mütəxəssisin sonuncu iş yeri Türkiyənin "Beşiktaş" klubu olub. Orada da onun fəaliyyəti qısa olub və onunla müqavilə vaxtından əvvəl dayandırılıb.

Futbol üzrə Azərbaycan yığma komandasında F.Santuşun sələfi italiyalı mütəxəssis Canni De Byazi idi.

Azərbaycan Naxçıvanda mövqelərinin vurulduğunu deyir

Erməni əsgəri
Erməni əsgəri

Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu açıqlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələri onun Şərur, Ordubad və Şahbuz rayonlarının bəzi yaşayış məntəqələri istiqamətlərində mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", - məlumatda əlavə edilib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması barədə məlumatı təkzib edib.

Son aylar Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılmırdı. Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma bu il sərhədlərin müəyyən edilməsi ilə bağlı iki ölkə arasında birbaşa danışıqlar gedib və müəyyən razılaşmaların da olduğu bildirilir. Danışıqlarda sərhədlərin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında müəyyən ediləcəyi bildirilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ardınca da Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etdi. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirdi.

Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

MN: Rusiya sülhməramlıları Azərbaycanı tam tərk edib

Qarabağda Rusiya sülhməramlıları
Qarabağda Rusiya sülhməramlıları

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Laçın dəhlizi və Qarabağda yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Məlumatda vurğulanır ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

Bu ilin aprelində həm Kremldən, həm də Bakıdan rəsmilər bildirmişdilər ki, Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Sonradan isə bu prosesin mərhələlərlə həyata keçirildiyi açıqlanmışdı.

26.04.2024

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb [Video]

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün, aprelin 26-da fəaliyyətini dayandırıb.

Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində mərasim keçirilir.

Mərasimdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə, Rusiya səfirləri və digər şəxslər iştirak edirlər.

Bununla əlaqədar bir qrup media nümayəndəsi üçün media-tur təşkil olunub.

Bu mərkəz Azərbaycan hökumətinin razılığı əsasında 2021-ci il yanvarın 30-da Türkiyə ilə Rusiya arasında imzalanan Memorandumla yaradılmışdı. Məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanmışdı.

23 aprel

Sülhməramlılar Qarabağdan Ermənistana getdi – Rəsmi izahat

Dağlıq Qarabağdan olan Rusiya sülhməramlıları Ermənistanın Qoris və Sisian şəhərlərində müvəqqəti dislokasiya məntəqələrinə onların bağlanması ilə bağlı işlərin təşkili üçün gəliblər, - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Sosial şəbəkələrdə sülhməramlılardan ibarət karvanın Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin başladığı Həkəri körpüsündən keçərək Ermənistan ərazisinə gəlməsi ilə bağlı video yayılıb.

Qriqoryan əlavə edib ki, qoşunlar Dağlıq Qarabağı tərk etdiyi üçün "onlar təbii olaraq Ermənistan Respublikasının ərazisində də qala bilməzlər".

18 aprel

'Rusiya ordusunun Cənubi Qafqazda sülhə töhfə verdiyini görməmişik' – Dövlət Departamenti

"Açığı, biz Rusiya ordusunun daha dinc və stabil Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görməmişik".

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair sualı cavabındırarkən səsləndirib.

"Ötən ilin payızında Dağlıq Qarabağda baş verənlər bu baxımdan Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir bariz nümunəsidir", - deyən Patel vurğulayıb ki, Vaşinqton davamlı, ləyaqətli sülh əldə etmək üçün Ermənistan və Azərbaycanın səylərini qətiyyətlə dəstəkləyir.

17 aprel

Rusiya sülhməramlıları Azərbaycandan gedir

"Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib".

Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib.

"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - H.Hacıyev bildirib.

Arayış

İkinci Qarabağ savaşından sonra 10 noyabr anlaşması ilə Qarabağın dağlıq hissələrinə və Laçın dəhlizinə yerləşdirilən rusiyalı sülhməramlıların sayı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Razılaşmada onların sayı min 960 nəfər nəzərdə tutulsa da, Azərbaycanda bunun bir qədər çox olduğu ilə bağlı iddialar da səslənib.

Texnikaya gəldikdə isə, onun 90 zirehli transportyor, 380 avtomobil, xüsusi texnika, dörd "Mi-8", dörd "Mi-24" helikopteri və yeddi pilotsuz uçan aparatdan ibarət olduğu bildirilirdi.

Qarabağda xidməti vəzifələrini icra edərkən səkkiz Rusiya sülhməramlısının həlak olduğu açıqlanıb.

+++

Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığı barədə məlumatları təsdiqləyib.

"Interfax"ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bəli, bu, həqiqətən də belədir" deyib.

Aprelin 16-da sosial şəbəkələrdə Tərtər, Goranboy və Gədəbəy rayonlarında hərəkət etdiyi iddia olunan Rusiya hərbi texnikasının görüntüləri yayılıb. Qeyri-rəsmi mənbələr bildirir ki, Rusiya sülhməramlı kontingenti Azərbaycandan çıxarılaraq Dağıstana gedir.

Rusiya sülhməramlı kontingenti 2020-ci ildə Azərbaycana gəlib. Ondan əvvəl Rusiya ordusu 1993-cü ildə - Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanı tərk etmişdi.

Azər Qasımlı
Azər Qasımlı

Rusiya sülhməramlılarının getməsi ilə bağlı: "Razılaşmalar nədir, onu bilmirik"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı hesab edir ki, rəsmi açıqlamada bütün suallara aydınlıq gətirilməlidir: "Biz bilməliyik, sülhməramlılar tam olaraq çıxarılır, yoxsa bir hissəsi qalacaq? Başqa suallar da var".

Onun fikrincə, əsas məsələ burasındadır ki, Azərbaycan Rusiyanın yaxın müttəfiqidir: "Onun da hazırda həyata keçirdiyi siyasət anti-Qərb siyasətidir və hər şeyi edir ki, Qərb bu bölgəyə gəlməsin. Mən düşünürəm ki, Azərbaycan və Rusiya iqtidarları arasında müəyyən razılaşmalar var. Bu belə olmur ki, günün bir günü 2025-ci il gəlmədən əvvəl qərar verdilər ki, Qarabağdan gedirik. Bu, müəyyən razılaşmalardan keçir. Biz də bu razılaşmalar nədir, onu bilmirik".

Ekspert hesab edir ki, bunun fonunda Qərblə Azərbaycanın münasibətləri olduqca pisdir: "Fikirləşirəm ki, hər şey böyük müharibəyə doğru gedir və regionu ona sürükləyən Rusiyadır".

"Müddəti uzatmaq niyyətimiz yox idi"

Milli Məclisin deputatı Elman Nəsirov isə 'Turan"a bildirib ki, Azərbaycan tərəfinin mövqeyi bəlli idi: "Bizim bu müddəti uzatmağa niyyətimiz yox idi, amma 5 illik müddəti gözləməli idik. Belə yanaşmalar da var idi ki, sülhməramlıların missiyası daha erkən bitəcək".

Onun sözlərinə görə, bu mövqeyi şərtləndirən amil o idi ki, sülhməramlıları Qarabağa gətirən səbəb artıq yoxdur: "Onlar ona görə gəlmişdilər ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etsinlər. Keçən il sentyabrın 19-da aparılan antiterror əməliyyatından sonra ermənilər Qarabağı könüllü tərk ediblər və artıq orada ermənilər yaşamır. Belə olan halda, sülhməramlıların əsas missiyası aktuallığını itirib. Kreml rəhbərliyi, yəqin ki, bu reallıqları ölçüb-biçib və qərara gəlib ki, sülhməramlıları burada saxlamağın mənası yoxdur".

Rusiya sülhməramlıları Azərbaycandan başqa daha hansı bölgələrdədir?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

+++

Bütün bunlarla belə, təqribən iki həftə əvvəl Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirmişdi ki, Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb edilməsi planlaşdırılır. O, sülhməramlı kontingentin minatəmizləmə əməliyyatlarına qoşulması ilə bağlı müəyyən sənədləşmə işlərinin aparıldığını vurğulamışdı: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) 5 illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. (onun müddəti tərəflərin razılığı ilə artırıla bilər)

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalma səbəbi mübahisələndirilməyə başlanmışdı.

Davamı

XS
SM
MD
LG