Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Azərbaycanda enerji keçidi nə yerdədir?


Azərbaycan 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 30 faiz azaltmaqla bağlı öhdəlik götürüb.
Azərbaycan 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 30 faiz azaltmaqla bağlı öhdəlik götürüb.

Enerji keçidi son illər qlobal energetika sistemində ən çox müzakirəyə çıxarılan məsələlərdən biridir. Söhbət bütövlükdə enerjidən yararlanarkən neft, kömür, təbii qaz kimi ənənəvi resursların payca azaldılmasından və əvəzində bərpa olunan enerji resurslarının (günəş, külək və bu kimi alternativ enerji mənbələrinin) payca artırılmasından gedir. Bugünlərdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da həmin mövzuya toxunub. O, Bakıda keçirilən "Dəyişən qlobal iqtisadiyyatın artım perspektivləri" adlı tədbirdə deyib ki, "Azərbaycan bu gün enerji keçidinə hazır olan azsaylı ölkələrdən biridir".

Enerji keçidinə yaranan maraq məsələnin iqtisadi motivləri ilə yanaşı, həm də iqlim dəyişiklikləri və dekarbonizasiya hədəfləri ilə bağlıdır. Paris Sazişinin şərtlərinə uyğun olaraq, dünyanın ən böyük enerji idxalçısı regionu sayılan Avropa Birliyi də 2030-cu ilədək istixana qazı tullantılarını 1990-cı illə müqayisədə 40 faiz azaltmağı hədəfləyir. 21-ci əsrin ortasında – 2050-ci ildə isə sıfır tullantıya nail olunması hədəflənir.

Maraqlıdır ki, elə Avropa Birliyi regionu Azərbaycanın başlıca enerji tərəfdaşıdır. Digər tərəfdən, Azərbaycan özü də Paris Sazişinə qoşulub. Milli Məclis 2016-cı ildə bu sazişi ratifikasiya edib və ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 30 faiz azaltmaqla bağlı öhdəlik götürüb. Bir məqamı da unutmaq olmaz ki, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri məhz iqlim dəyişikliyinə və təmiz enerjiyə nail olmaqdır. Elə Azərbaycan da enerji keçidini özünün əsas öncəliklərindən elan edib. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəddə yaşıl enerji və enerji keçidi ilə bağlı məsələlərə də yer verilib. Bəs Azərbaycan gerçəkdən də enerji keçidinə hazırdırmı?

Qiymətləndirmə nə deyir?

Dünyada ölkələrin enerji keçidinə dair fəaliyyətini qiymətləndirmək üçün ən çox istinad edilən indekslərdən biri Dünya İqtisadi Forumunun hazırladığı Səmərəli Enerji Keçidinin Təşviqi indeksidir. İndeks hazırlanarkən iki amil – sistem performansı və keçid hazırlığı əsasında qiymətləndirmə aparılır. Sistem performansı deyərkən, enerji təhlükəsizliyi, ətraf mühitin davamlılığı və iqtisadi artım indikatorları nəzərdə tutulur. Keçid hazırlığı dedikdə isə, mühitin əlverişliliyi, energetika sisteminin strukturu, insan kapitalı, innovasiyalar, idarəetmə sistemi, tənzimləmə və institutlarla bağlı fəaliyyətlər anlaşılır.

Adıçəkilən indeksin ötənilki sonuclarına görə, Azərbaycan 115 ölkə arasında 44-cü yeri tutub. Başqa deyimlə, qiymətləndirməyə qatılan ölkələrin 40 faizə yaxını Azərbaycandan daha uğurlu nəticə göstərib. Qiymətləndirməyə görə, Azərbaycanda indekstörədən amillərdən sistem performansı ilə bağlı vəziyyət daha yaxşıdır. Keçid hazırlığı istiqamətindəki indikatorlarda isə durum elə də ürəkaçan deyil. Bir məqam unudulmamalıdır ki, enerji keçidini uğurla gerçəkləşdirmək baxımından təkcə varolan enerji resursları və ölkənin iqtisadi indikatorları yetərli deyil. Bu istiqamətdə idarəetmə sistemi və tənzimləmə ilə bağlı da bir çox iş görülməsinə ehtiyac var.

Qiymətləndirmədə diqqətçəkən daha bir məqam qonşu Gürcüstanla bağlıdır. Azərbaycanın 44-cü yeri tutduğu siyahıda enerji resursları ilə zəngin olmayan və Azərbaycandan enerji idxal edən Gürcüstanın göstəricisi daha yaxşı – 33-cü olub. Maraqlıdır ki, Səmərəli Enerji Keçidinin Təşviqi indeksinə görə, dünyada ilk üç yeri tutan ölkələrin hər üçü eyni regionda – Skandinaviyada yerləşir.

Azərbaycanda alternativ enerjinin payı nə qədərdir?

Rəsmi rəqəmlərə görə, ötən il ölkədə toplam 27 milyard 856 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bunun 94 faizi istilik elektrik stansiyalarının payına düşüb. Başqa sözlə, ölkədə elektrik istehsalının mütləq əksəriyyəti təbii qaz hesabına təmin edilib. Su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi ölkənin toplam elektrik enerjisi istehsalının 4.6 faizi olub. Bərpa olunan enerji mənbələrinin (külək, günəş, biokütlə və sair) Azərbaycanda elektrik enerjisi istehsalındakı payı cəmi 1.2 faiz olub. Ötən il ölkədə bərpa olunan enerji mənbələri hesabına istehsal edilən 340 milyon kilovat/saat elektrik enerjisinin 92 milyon kilovat/saatı külək, 55 milyon kilovat/saatı günəş, qalan 193 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb. Bu baxımdan, hazırda ölkədə alternativ enerjinin enerji istehsalında ciddi payı olduğunu demək olmaz.

Enerji keçidi ilə bağlı Azərbaycanda son dövrlər diqqətçəkən daha bir məqam yeni investisiyalardır. Son dövrlər buna dair bir neçə anlaşma imzalanıb. Rəsmi açıqlamaya görə, Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycana bərpa olunan enerji sahəsində gerçəkləşdiriləcək pilot layihələri çərçivəsində 400 milyon dollara yaxın sərmayə yatıracaq. Bu ilin yanvarında Səudiyyə Ərəbistanı şirkətinə məxsus "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlatma mərasimi keçirilib. Bu külək elektrik stansiyası 300 min evin elektrik enerjisi ilə təminatını gerçəkləşdirəcək. Nəticədə Azərbaycan ildə 220 milyon kubmetr təbii qaza qənaət edə biləcək. Eyni zamanda, BP şirkəti ilə də alternativ enerji ilə bağlı əməkdaşlığa dair sənədlər imzalanıb.

Yalnız resurslar yetərmi?

Ancaq onu da nəzərə almaq lazımdır ki, enerji keçidini uğurla aparmaq üçün təkcə alternativ enerji resurslarına sahib olmaq yetərli deyil. Bu baxımdan, Azərbaycanda ən böyük çağırışlardan biri ölkənin enerji sektorunda rəqabətin zəif olmasıdır. Ekspertlər tez-tez Azərbaycanda enerji təminatı və bölüşdürülməsi ilə bağlı fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsini gündəmə gətirir. Axı nəzərə almaq lazımdır ki, rəqabətin zəif olduğu şəraitdə bu keçidin səmərəli olması da suallı qalır.

Ölkədə innovasiyaların zəif inkişafı da diqqət çəkir, çünki ənənəvi enerji resursları hasilatı ilə müqayisədə alternativ enerji istehsalı daha çox texnologiya tutumludur. Ancaq təəssüf ki, Azərbaycanda həm innovasiyaların yaradılması, həm də iqtisadiyyatda istifadəsi ilə bağlı ciddi çağırışlar var. Yuxarıda sadalanan məsələlərlə yanaşı, ölkədə müvafiq sahədə qanunvericiliyin tam hazır olmaması, çevik idarəetmə ilə bağlı problemlər, eləcə də enerji qiymətlərinin tarif siyasəti də ciddi əngəllər sayılır.

XS
SM
MD
LG