Martın 24-də yüksəkrütbəli erməni diplomat bildirib ki, Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı Ermənistanın təkliflərinə hələ də müsbət cavab verməyib. Martın 13-də tərəflər sülh sazişi layihəsinin mətni üzərində razılaşmanın əldə olunduğunu bəyan ediblər.
Yerevan müvafiq sazişin mətnindəki son fikir ayrılıqları üzrə Azərbaycanın təkliflərini qəbul etdikdən sonra Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakını müqavilənin imzalanma tarixi və məkanı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırıb. Baş nazir Nikol Paşinyan ötən həftə bu çağırışı sosial şəbəkələrdə dəfələrlə təkrarlayıb.
"Təəssüf ki... biz həmişə bir addım irəli atmışıq, lakin hər zaman digər tərəfdən çətinliklər və təxribatlar olub", –Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan martın 24-də jurnalistlərə bildirib: "Bəzən buna iki addım geri çəkilmək və s. kimi baxılırdı. Biz bəyan etmişdik ki, indi imzalanma ilə bağlı bütün prosesləri müzakirə etməyə hazırıq, lakin Bakıdan hələ ki bu bəyanata heç bir cavab verilməyib".
Azərbaycan rəhbərliyi martın 13-dən bəri dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması şərtdir. Ermənistan XİN martın 19-da bu şərtlərə etiraz edib. Lakin iki gün sonra baş nazir Paşinyan Minsk qrupunun ləğvi üçün tezliklə ATƏT-ə müraciət etməyi planlaşdırdığını bildirib.
"ATƏT-in Minsk qrupunun buraxılması müzakirə oluna bilən məsələdir və gündəmdədir. Biz özümüz bu məsələni yaxın vaxtlarda müzakirə etməyə başlayacağıq", - Paşinyan Ermənistan İctimai Televiziyasına deyib.
Ermənistan baş naziri daha əvvəl də bəyan edib ki, sülh sazişi imzalandığı təqdirdə Minsk qrupunun buraxılması mümkündür. O, belə bir addımın atılması üçün Bakının həm də Ermənistan ərazisinin böyük bir hissəsini "Qərbi Azərbaycan" adlandırmaqdan imtina etməli olduğunu bildirib.
Ermənistanın müxalifət nümayəndələri Paşinyanın son açıqlamalarının Azərbaycan tərəfinə növbəti güzəştdən xəbər verdiyini deyiblər. Onlar bildiriblər ki, bu, Qarabağ ermənilərinin beynəlxalq müstəvidə öz evlərinə qayıtmaq hüquqlarını müdafiə etmək imkanlarını daha da çətinləşdirəcək.
Ermənistanın iki güzəşti nəticəsində sülh sazişinin layihəsi yekunlaşdırılıb. Yerevan Azərbaycana qarşı qaldırılan beynəlxalq məhkəmə iddialarını geri götürməyə və Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasına razılıq verib.
Ötən həftə ərzində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini sərhədin müxtəlif hissələrində atəşkəs rejimini pozmaqda ittiham edib. Yerevan bu ittihamları rədd edib. Erməni ekspertlər bu ittihamların Ermənistana qarşı hərbi əməliyyatlar üçün zəmin hazırlamaq və ya Paşinyanı növbəti güzəştlərə sövq etmək məqsədi daşıdığını irəli sürüblər.