Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:09

Azərbaycan-Ermənistan xarici işlər nazirləri yenidən Vaşinqtonda görüşür


Ceyhun Bayramov (sol), Entoni Blinken və Ararat Mirzoyan, arxiv foto
Ceyhun Bayramov (sol), Entoni Blinken və Ararat Mirzoyan, arxiv foto

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti raundu keçiriləcək.

Bu danışıqlarda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Vaşinqtona yola düşüb. Bu barədə nazirliyə istinadla "Azərtac" məlumat yayıb.

Xəbərdə deyilir ki, ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə ilə reallaşan bu səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Rəsmi Yerevan da belə bir görüşün keçiriləcəyini təsdiqləyib. Azadtutyn Ermənistan xarici işlər nazirliyinə istinadla bildirir ki, nazir Ararat Mirzoyan Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair planlaşdırılan danışıqların növbəti raundunda iştirak etmək üçün aprelin 30-dan Vaşinqtonda olacaq.

"Turan" informasiya agentliyi ABŞ-dakı diplomatik mənbəyə istinadla bildirir ki, sülh danışıqlarının növbəti raundunda Vaşinqton iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün "yol xəritəsi" hazırlamağı planlaşdırır.

Xəbərdə həm də danışıqların bir neçə gün davam edə biləcəyi qeyd olunur.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG