Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:49

Erməni deputat: 'Danışıqlar hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılır'


Xankəndindən son xəbər: "Azərbaycan Xankəndinə 3 paket təklif edib, separatçılar razılaşmayıb"
Gözlə

No media source currently available

0:00 0:15:54 0:00

Xankəndindən son xəbər: "Azərbaycan Xankəndinə 3 paket təklif edib, separatçılar razılaşmayıb"

“Ermənistan və Azərbaycan arasında sülh danışıqları hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Sarkis Xandanyan deyib.

Deputatın sözlərinə görə sülh müqaviləsinin layihəsi ABŞ-a təqdim olunub.

Azatutyun deputata istinadla yazır ki, sülh müqaviləsi layihəsinin mətni məlum deyil.

Məlum olan budur ki, Azərbaycan və Ermənistan məhz bu layihə mətni üzrə təkliflərini bir-birlərinə təqdim edirlər. Son dəfə təklifi Ermənistan təqdim edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə Yerevan bu təklifə Bakıdan bir aydır ki, cavab gözləyir.

Millət vəkili Xandanyan deyib ki, sülh müqaviləsi danışıqlarının dalana dirənməsini demək hələ tezdir:

“Dünən sülh müqaviləsi ətrafında müzakirələrin davam etdiyini bildirməsiylə xarici işlər naziri də bunu təsdiqlədi”.

Azatutyun yazır ki, sülh müqaviləsi üzrə danışıqlar indiyədək üç platformada: Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə aparılıb, amma noyabr ayından bəri iki ölkənin nə liderləri, nə də xarici işlər nazirlərinin görüşü olmayıb.

ABŞ, yoxsa Rusiya variantı?

Bu da qeyd olunur ki, sülh müqaviləsinin ABŞ və Rusiya variantlarının mətnləri rəsmən açıqlanmayıb.

Bu variantlar barədə ilk dəfə Rusiya prezidenti Vladimir Putin məlumat vermişdi.

Putin işarə etmişdi ki, müqavilənin ABŞ variantında Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təsbitlənir.

Rusiya prezidenti buna da işarə etmişdi ki, Qarabağ məsələsinin Azərbaycan-Ermənistan sülh müqaviləsinə daxil edilməsi mümkündür.

Bundan bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, o Rusiyanın təkliflərinə əsaslanan müqaviləni imzalamağa hazırdır. Amma o yanvarın 18-də Praqa razılaşmalarına əsaslanan müqaviləni imzalamağa hazır olduğunu bəyan edib.

Yerevanın hansı varianta üstünlük verməsinə dair suala deputat Xandanyan belə cavab verib:

“Burda söhbət üstünlük məsələsindən getmir. Ən mühümü budur ki, vasitəçi sülh müqaviləsinin yalnız kağız üzərində qalmayacağına qarantiya verə bilsin. İndi belə görünür ki, proses ABŞ-ın vasitəçiliyi ilə başlanan məntiq üzrə gedir”.

İki fərqli variant, yoxsa “hansı alınsa?”

Azatutyun yazır ki, parlamentdəki müxalif “Mənim şərəfim” fraksiyasının lideri Ayk Mamicanyan iqtidardan olan həmkarının verdiyi bu xəbərdən təəccübləndiyini deyib:

“Bir-birini inkar etməsə də, prinsipial fərqli olan iki müqavilənin hər ikisi ilə necə razılaşmaq olar? Siz Paşinyanın siyasətini yaxşı xırdaladınız: hansı alınsa, o variant”.

İqtidar deputatından fərqli olaraq müxalifətdən olan millət vəkili hesab edir ki, danışıqlar dalana dirənib.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının rəhbəri Seyran Ohanyan isə hesab edir ki, sülh müqaviləsinin gündəliyi yanlışdır:

“Hərbi əməliyyatlar, elə bu blokada o deməkdir ki, sülh gündəliyi yanlışdır. Hakimiyyət isə gözüyumulu bu yanlış gündəliyə qədəm qoyur və hətta “Artsax (Qarabağ-red) öz müqəddəratını müəyyən edib, Artsax (Qarabağ-red) bu şəraitdə heç cür Azərbaycanın tərkibində yaşamaq imkanına malik deyil” fikrini dilə gətirməkdən belə qorxur”.

Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Nəsə gözlənilirmi?

Azatutyun yazır ki, yanvarın 18-də Nikol Paşinyanla telefon söhbətindən sonra ABŞ dövlət katibi Entoni Blinken Twitter-də baş nazirlə Azərbaycanla sülh danışıqlarının bərpası məsələsini müzakirə etdiyini yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, cənab Blinken bugünlərdə Azərbaycan prezidenti İlham Əliyevlə danışacaq:

“Son vaxtlar biz Qarabağ məsələsi ətrafında geriləmə görürük. Biz istəyirik ki, konstruktiv dialoq bərpa olunsun. Biz ikitərəfli formatda təsir göstərməyə hazırıq. Biz mümkün olduğu vaxt və yerdə partnyorlarımızla, ATƏT vasitəsilə və ya əvvəllər etdiyimiz kimi üçtərəfli formatda hərəkət etməyə hazırıq”.

Belə olduğu halda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hər hansı görüşlər gözlənilirmi? Əvvəllər belə görüşlərdə vasitəçiliyi ABŞ edib.

Ermənistan XİN Azatutyuna bildirib ki, nazirlərin mümkün görüşü barədə məlumat əvvəlcədən veriləcək.

Bundan əvvəlki görüşlər

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı.

Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi.

Praqa danışıqlarında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişeldən başqa Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi.

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın sülhə doğru "cəsarətli" addımlar atmasını alqışlamışdı. İki ölkənin xarici işlər nazirləri noyabrın 7-də Vaşinqtonda bir araya gəlmişdilər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 7-ə planlaşdırılan son görüş baş tutmayıb.

Erməni tərəfi bu görüşdə də Fransa prezidenti Emmanuel Makronun iştirak etməsində israrlı idi.

Azərbaycan prezidenti İlham Əliyev bu təklifi rədd etmiş və bildirmişdi ki, Fransa bu məsələdə neytral deyil və Yerevana tərəfkeşlik edir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG