Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Ermənistan baş nazirinin başçılığı ilə bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndində keçirilən iclasını dəyərləndirib:
“...Görünür, hər bir məsələ öz yerini tapır. Ermənistan baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək Dağlıq Qarabağ bölgəsi ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə ehtiyac qalmır”.
Mətbuat xidməti bildirir ki, münaqişənin həlli üzrə uzun illərdir davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib: “1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub”, XİN bildirir.
Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə mətbuat xidməti bəyan edir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz.
XİN vurğulayır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və bu ərazilərə məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib:
"... Sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz".
Bu həftə Ermənistanınm baş naziri Nikol Pashinian işğal edilmiş Dağlıq Qarabağa səfər edib. Onun rəhbərliyi altında Ermənistan Təhlükəsizlik Şurasının martın 12-də Xankəndində toplantısı keçirilib.
Ermənistan baş naziri Dağlıq Qarabağın da danışıqlarda ayrıca tərəf kimi iştirakını istəyir. Azərbaycan isə Dağlıq Qarabağdakı mövcud idarəçiləri tanımır və onları separatçı sayır.
Azərbaycanın mövqeyinə görə, Dağlıq Qarabağ bölgəsinin yalnız hər iki icması prosesə eyni formada qatıla bilər.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.