AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun verdiyi xəbərə görə Dağlıq Qarabağda Ermənistan baş naziri Nikol Pashinian və separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakianın sədrliyi ilə Ermənistan və separatçı rejimin təhlükəsizlik şuralarının birgə iclası keçirilib.
Xəbərdə deyilir ki, iclasın gündəliyindəki əsas məsələ “Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi prosesinin hazırkı vəziyyəti və koordinasiya edilmiş hərəkətlərin planlaşadırılması” olub.
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Pashinian və Saakian çıxış ediblər.
Azatutuyunun xəbərinə görə “Ermənistan və Dağlıq Qarabağ təhlükəsizlik şuralarının birgə iclasını salamlayan” Pashinian deyib ki, “bu misli görünməmiş hadisənin çox somvolik və çox spesifik əhəmiyyəti var”:
“Bu o deməkdir ki, Ermənistan Respublikası və Artsax Respublikası (Dağlıq Qarabağ-red) arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə çıxır. Bu mərhələnin yaxın gələcəkdə yarada biləcəyi hallar, deyərdim ki, bizim bugünkü müzakirələrimizin ən mühüm mövzularındandır”.
Azatutuyun daha sonra bildirir ki, iclasın iştirakçıları Qarabağın təhlükəsizliyi sistemini qiymətləndiriblər. Onlar bir daha təsdiqləyiblər ki, “müdafiənin təminatı qarantiyalanıb və yüksək səviyyədədir”.
Daha sonra xəbərdə deyilir ki, “hər iki erməni tərəfi” münaqişənin ATƏT-in Minsk qrupunun egidası altında və “xalqların öz müqəddəratını təyin etməsi hüququ da daxil beynəlxalq hüquq əsasında müstəsna olaraq dinc yolla tənzimlənməsini” dəstəklədiklərini və ona sadiq qaldıqlarını bir daha ifadə ediblər”.
Azatutyun yazır ki, birgə iclas çərçivəsində bir daha vurğulanıb ki, “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində Dağlıq Qarabağın təhlükəsizliyi və statusu erməni tərəfləri üçün mütləq prioritetlər olaraq qalır”.
İclasda “sülh atmosferinin yaradılmasının, risklərin azaldılması mexanizminin tətbiqinin və insidentlərin önlənməsinin, habelə Düşənbədə və ondan əvvəl Vyana və Sankt Peterburq sammitlərinin çərçivəsində təsbit edildiyi kimi qarşılıqlı etimadın möhkəmləndirilməsinin zəruruliyi bir daha vurğulanıb”.
Ermənistanın baş naziri Nikol Pashinian bundan əvvəlki bəyanatlarında da Dağlıq Qarabağı sülh prosesinin tərəfi kimi tanıdığını bəyan edib.
Rəsmi Bakı belə açıqlamalara münasibətində daim qeyd edir ki, münaqişənin tərəfləri kimi yalnız Azərbaycan və Ermənistan respublikaları çıxış edə bilərlər.
Azərbaycan XİN mətbuat xidmətinin martın 10-da verilmiş bəyanatında ATƏT-in Minsk qrupu həmsdərlərinin son bəyanatına və Bakının mövqeyinə münasibət bildirilirdi. Mətbuat katibinin fikrincə, Minsk Qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır:
“Biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.
Azərbacan XİN-un mətbuat katibi qeyd etmişdi ki, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır.