Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:51

Azərbaycanın lobbiçilik səylərinin ABŞ əks-sədası


Bakıya səfər etmiş konqresmenlər.
Bakıya səfər etmiş konqresmenlər.

-

«Abramoff dönəmindən bu yana belə həyasızlıq görməmişik. Bir xarici hökumət Konqresin aldadılmasında, Amerika ictimaiyyətinin çaşdırılmasında iştirak edib. Etika Komitəsi isə Konqresin qaydalarını pozmağa çalışır».

«ABŞ-Azərbaycan: Lobbiçilər səyahət qaydalarını gözardı etməkdədir». Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) amerikalı jurnalist Casey Michel-in məqaləsini dərc edib.

Müəllif 2013-cü ilin mayında Azərbaycan hökumətinin SOCAR vasitəsilə Bakıda keçirilən bir tədbirə sponsorluğundan söz açır. SOCAR Texasda mənzillənən «Azərbaycanın Dostlar»ı alyansına 750 min dollar köçürmüş, bu alyans isə ABŞ konqresmenlərinin həmin konfransda iştirakına sponsorluq etmiş, onlara Bakıda bahalı hədiyyələr də verilmişdi.

Bu məsələdən ötən il ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti yazdı, SOCAR tədbirə sponsorluğunu gizlətmədiyini, konqresmenlər isə bundan xəbərsiz olduqlarını söylədilər.

HƏNGAMƏ DAVAM EDİR

ABŞ-ın Konqres Etikası Ofisi (OCE) bu davranışı Vaşinqtonda lobbiçi Jack Abramoff-un dövründən bəri ən pis etika pozuntusu adlandırıb. Abramoff-un qaydaları gözardı etməsi on il öncə Birləşmiş Ştatlarda etika islahatlarına səbəb olmuşdu.

OCE üzə çıxardı ki, SOCAR 9 konqresmenin və heyət üzvlərinin səfərini gizlicə maliyyələşdirib. Ortadakı təşkilatlar maliyyə mənbələrini gizlətməklə Nümayəndələr Palatasının Etika Komitəsini dəfələrlə aldadıb.

Müəllif həngamənin burda bitmədiyini yazır. Həmin o Etika Komitəsinin üzləri elə Nümayəndələr Palatasının əməkdaşlarıdır və OCE-nin təhqiqatını dəfələrlə əngəlləyiblər.

«Abramoff dönəmindən bu yana belə həyasızlıq görməmişik», - Vaşinqtonda mənzillənən «Public Citizen» təşkilatının eksperti Craig Holman deyir. «Bir xarici hökumət ABŞ Konqresinin aldadılmasında, Amerika ictimaiyyətinin çaşdırılmasında iştirak edib. Etika Komitəsi isə Konqresin qaydalarını pozmağa, OCE-nin hesabatını dəfn etməyə çalışır».

«TƏZƏ MƏSƏLƏ DEYİL»

Keçmiş siyasi lobbiçi və biznesmen Jack Abramoff-un adı bir sıra korrupsiya qalmaqallarında hallanıb. O, 2005-ci ildə həbs olunub, buraxılandan sonra adını təmizə çıxarmaqdan ötrü etika islahatları çağırışları edib. O deyir ki, «konqresmenlərin səyahətində şəffaflığın ört-basdır olunması məqsədilə ara təşkilatlarından istifadə təzə məsələ deyil. Mən də, təəssüf ki, bundan yararlanmışam».

Müəllif yazır ki, Azərbaycan və SOCAR Konqres üzvlərinə pul xərclənməsində qeyri-kommersiya təşkilatlarına əl atan yeganə xarici qurumlar deyil. «USA Today» qəzeti 2008-ci ildən bəri Konqresə bağlı 200 səfərin ayrı-ayrı Türkiyə qurumları tərəfindən maliyyələşdiyini üzə çıxarıb.

«OCE-nin hesabatı Ədliyyə Departamentinin təhqiqat başlatması, Azərbaycan hökuməti olmasa belə, SOCAR-a qarşı cərimələrlə sonuclanmalıydı. Gözləyirəm ki, belə bir qalmaqal bir daha baş versin, etika komitələrinə deyək ki, «Dəlmə-deşikləri bağlayın»», - etika üzrə ekspert Holman deyir.

ABRAMOFF DA DİLƏ GƏLDİ

Abramoff-un fikrincə, bu qalmaqal daha böyük media orqanlarının diqqət mərkəzində dayanmadı. «Böyük şəbəkələr, bloqlar, qəzetlər diqqəti cəmləməsələr, bu hesabatın təsirinin olacağını düşünmürəm».

Elə OCE Abramoff-dan sonrakı islahatların nəticəsi olaraq meydana çıxıb. Belə ki, Etika Komitəsi həmkarlarının fəaliyyətinə nəzarətə elə də meylli olmayıb. Abramoff-un fırıldaqları ortaya çıxınca, Nümayəndələr Palatası yarı-müstəqil, tərəfsiz OCE-ni yaradıb. OCE Etika Komitəsini öhdəliklərini həyata keçirməyə çağırıb. Bir hesablamaya görə, OCE yaranandan Etika Komitəsinin intizam səviyyəsi iki dəfə yüksəlib.

Müəllif qeyd edir ki, indi iki qurumun münasibəti, Etika Komitəsinin obyektivliyi yenə də suallar yaradır.

OCE ötən ilin yanvarında Azərbaycanla bağlı araşdırmaya başlayanda, Komitə şikayət verməyib. Ancaq iki ay sonra tələb edib ki, OCE təhqiqatı dayandırsın. Belə əsas gətirib ki, konqresmenlərin səfərini özü araşdır.

KOMİTƏ NƏTİCƏLƏRİ YAYMADI

Ancaq OCE işini davam etdirib, araşdırmaları mayda Komitəyə göndərib. Etika Komitəsi isə onları dərc etməyib, iyulda iddia edib ki, nəticələr yayıla bilməz, çünki daha öncə mediaya sızıb. Komitə konqresmenləri qismən təmizə də çıxarıb, 10 konqresmenin pozuntuya yol verməsinə dair dəlil tapılmadığını bəyan edib.

Bundan sonra OCE hesabatını vebsaytına yerləşdirib, Bakıya səfər etmiş konqresmenlərin qurumun təhqiqatı çərçivəsində əməkdaşlıq etmədiyini vurğulayıb. Həmin hesabatda Azərbaycan hökumətinin, SOCAR-ın və bir neçə qeyri-kommersiya təşkilatının Etika Komitəsini necə aldatması təsvir olunur.

Müəllif Azərbaycanın bu səfərdən divident qazandığı yazır. Ölkə nəinki imicini düzəltməyə çalışıb, eləcə də Xəzərə Qərb investisiyasının cəlbinə yönəlik səyləri güclənib. Məsələn, Bakıda səfərdə olmuş respublikaçı Jim Bridenstine belə bir qanunvericilik əlavəsinin təbliğatını aparıb ki, «Müdafiə Departamenti Xəzərdə təbii qaz maraqlarının strateji əhəmiyyəti barədə hesabatlar hazırlasın».

KONQRESMENLƏRƏ NECƏ TƏZYİQ GÖSTƏRMƏLİ

Hazırda bu təhqiqat Ədliyyə Departamentinin əlindədir, o, işi davam etdirə də bilər, etdirməyə də. Ancaq Palatanın Etika Komitəsi ilə OCE arasında ədavətin qalacağı görünür.

SOCAR heç bir yanlışa yol vermədiyini bildirib. OCE elə konqresmenlərin də aldıqları informasiyaya xoş niyyətlə güvəndiklərini açıqlayıb. Onlardan bəziləri aldadılma məsələsindən «qəzəbləndiklərini», «qıcıqlandıqlarını» söyləyiblər. Ancaq demək olar ki, heç biri OCE ilə əməkdaşlığa gəlməyib .

Müəllif yazır ki, OCE-nin hesabatı, axır ki, gərəkən islahatların həyata keçirilməsiylə sonuclana bilər. Məsələn, konqresmenlərin OCE ilə əməkdaşlıq etməsinə gətirəcək təzyiq vasitələri yoxdur.

«Nümayəndələr Palatasının spikeri Paul Ryan-dan soruşmaq lazımdır ki, üzvlərinə OCE ilə əməkdaşlıq etməli olduqlarını nə vaxt aydın şəkildə deyəcəklər?», - «Campaign Legal Center» təşkilatından Meredith McGehee belə deyir.

XS
SM
MD
LG